BolgeXeber.Com » Xəbərlər » NN şefinin icra başçısı olan adamı öz qohumunu deputat seçdirmək istəyir - İTTİHAM VAR

NN şefinin icra başçısı olan adamı öz qohumunu deputat seçdirmək istəyir - İTTİHAM VAR

13-10-2015, 14:06
Oxunub: 4 926 NN şefinin icra başçısı olan adamı öz qohumunu deputat seçdirmək istəyir - İTTİHAM VARMilli Məclisə noyabrın 1-də keçiriləcək parlament seçkilərində deputatlıq mandatı uğrunda mübarizə aparacaq namizədlər bəllidir


Mərkəzi Seçki Komissiyasının məlumatına görə, namizəd kimi qeydiyyatdan keçən iddialıların sayı 1246 nəfərə çatıb. Digər bir məlumatda qeyd edilir ki, Azərbaycanda indiyədək keçirilən seçkilərdə heç vaxt bu qədər deputatlığa namizəd qeydiyyatdan keçməyib. Say baxımından bu rəqəmlə öyünmək olar. Ancaq söhbət qanunverici orqana seçilmək uğrunda yarışdan gedirsə, qeydiyyata alınan namizədlərlə bağlı kiçik bir araşdırma zamanı məlum olur ki, iddialıların çox hissəsi qanunların işlənilib hazırlanmasında yetərli peşə sahibləri deyillər.
Modern.az-ın 52 saylı Quba və 53 saylı Quba-Qusar seçki dairələri üzrə qeydiyyata alınan namizədlərlə bağlı kiçik təhlili də bunu sübut edir. Əlbəttə, hər bir vətəndaşın seçmək və seçilmək haqqı var. Lakin bir daha Milli Məclisin ali qanunverici olduğunu nəzərə alanda, istər-istəməz belə suala cavab axtarmalı olursan: Qubada mərkəzləşdirilmiş kitabxana sistemində şöbə müdiri işləyən Mehriban Gəbəybəyova deputat mandatı əldə edəcəyi təqdirdə parlamentdəki 5 illik fəaliyyəti nə ilə yadda qalacaq? Yaxud Quba rayon Təhsil Şöbəsində metodist işləyən Vüqar İmaməliyev doğrudanmı deputat seçilmək gücündədir? Bu dairədən bitərəf kimi namizəd olan Zahir İsayev Milli Məclisi iş yeri əldə etmək üçünmü hədəf seçib? “PRANT-NT” MMC-də inzibatçı işləyən Əlabbas Məhərrəmov nədən mandat əldə etmək mübarizəsinə qoşulub?
Bəs 52 saylı dairədən namizədliyi qeydiyyata alınan Bahar Məmmədova “RBS-Fateh” Azərbaycan-Türkiyə Dünya Tarix Araşdırmaları jurnalının təsisçisi və baş redaktoru olaraq namizədliyini nə məqsədlə irəli sürüb?
Yeri gəlmişkən, bu dairədən namizədlər arasında Mərkəzləşdirilmiş Kitabxana Sistemində böyük kitabxanaçı Bilqeyis Məmmədova, Rustov kənd orta məktəbinin müəllimi Aynur Mövlanova və Vladimirovka kənd orta məktəbinin müəllimi Nəsimi Qasımov da var.
52 saylı dairənin indiki deputatı isə Vahid Əhmədovdur. Bundan əvvəl iki dəfə həmin dairədən mandat əldə edə bilən baş nazirin keçmiş birinci müavininin 10 il ərzində Milli Məclisin ən fəal deputatlarından biri olduğunu iddia etməmək mümkün deyil. Vahid Əhmədov təkcə qanun layihələrinin, eləcə də digər məsələlərin müzakirəsində fəal iştirakı ilə yanaşı, həm də seçiciləri ilə daim ünsiyyətdə olan, onların müxtəlif problemlərinin həllinə yardım göstərən çalışqan deputatlardan biri kimi tanınır. Onun rəqibləri arasında adlarını çəkdiklərimizlə yanaşı, Quba rayon İcra Hakimiyyəti başçısının humanitar məsələlər üzrə müavini Afət Həsənova da var.
Etibarlı mənbənin məlumatına görə, hakim partiyanın namizədi kimi qeydiyyata alınan bu xanım əslində nəqliyyat naziri Ziya Məmmədovun xeyir-duası ilə deputat mandatı əldə etmək niyyətindədir. Onun Qubadakı ən böyük dəstəkçisinin isə seçicilərdən öncə İcra Hakimiyyətinin başçısı Yaşar Məmmədovdur. İcra başçısının Afət Həsənovanın dayısı oğlu olması da xanımın digər iddialı və daha şanslı namizədləri üstələmək iddiasını guya artırır. Mənbənin digər məlumatına görə, Afət Həsənova məhz bu dəstəyinə arxayın olaraq rəsmi təşviqat kampaniyası başlamazdan əvvəl Qubanın ayrı-ayrı kəndlərində bu dəfə deputat mandatının ona qismət olacağı fikrini formalaşdırmağa çalışıb. Bu kampaniyaya icra başçısının göstərişi ilə bir çox kənd bələdiyyə başçılarının da cəlb edildiyi bildirilir. Ancaq vaxtından əvvəl, həm də qanunsuz başladılan bu kampaniyanın heç də uğurlu nəticələnmədiyi bəlli olub. Belə ki, icra başçısının öz qohumuna deputat mandatı qazandırmaq istəyinə 10 ildir onları Milli Məclisdə təmsil edən Vahid Əhmədovun seçiciləri könülsüz yanaşıblar. Seçicilərin iddiasına görə, Vahid Əhmədov vaxtaşırı onlarla görüşüb, qaldırdıqları bütün problemlərin həllinə hər vasitə ilə yardımçı olmağa çalışıb.
Yeri gəlmişkən, 53 saylı Quba-Qusar seçki dairəsində namizədliyi qeydiyyata alınanları təqdim edirik. Bunlar Milli Məclisin indiki deputatı Yevda Abramovla yanaşı, Xucbala inzibati ərazi dairəsi üzrə nümayəndəlikdə mühasib Ruslan Bəybəlayev, Quba rayonu Təngəaltı kənd orta məktəbində müəllim Azər Əlimirzəyev, Quba rayonu Əliməmmədoba kənd orta məktəbində müəllim Elbrus Əmrullayev, Qusar rayonu Bədişqala kənd orta məktəbində müəllim Həsənbala Məmmədov, Quba rayonu Mirzəməmmədkənd kənd ibtidai məktəbində rəhbər Yaqut Musayeva, Quba Peşə Liseyində psixoloq Akif Quliyev, “FEMİDA-RA” Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqşünası Mehriban Quliyeva, “Qanun keşiyində” qəzetinin müxbiri Tərlan Şəfiyev, Ekoloji Maarifçilik Monitorinq Cəmiyyətində sədr müavini Bahadır Vəkilov, Birinci Nügədi bələdiyyəsinin üzvü Rəşad Xalidov və Qusar rayonu Köhnə Xudat kənd orta məktəbinin müəllimi Sənan Xəlilovdur.
Parlamentin ciddi qanunverici orqan olduğunu nəzərə alsaq, elə bu namizədlərin timsalında iddia etmək olar ki, bəzi dairələrdə namizədlərin qeydiyyatına qeyri-ciddi yanaşılıb.
Bolgexeber.com