BolgeXeber.Com » Xəbərlər » Biabırçı olay: ölmüş şəxs məhkəməyə çağırılıb-Azərbaycanda

Biabırçı olay: ölmüş şəxs məhkəməyə çağırılıb-Azərbaycanda

16-10-2015, 10:09
Oxunub: 2 993 Biabırçı olay: ölmüş şəxs məhkəməyə çağırılıb-AzərbaycandaYaxud dünyasını dəyişmiş şəxs məhkəməyə niyə çağırılıb və 3 yetimin haqqı necə yeyilib?..


Azərbaycan məhkəmələrində çıxarılan hökm və qərarların absurdluğu sərhəd tanımır. Ədalət adına və Azərbaycan Respublikası adından çıxarılan sənədlərin son dayanacağında - Avropa Məhkəməsində cərimələnən isə həmin absurdları uyduranlar, hökm şəklinə salanlar yox, adı bədnam edilən Azərbaycan dövləti olur.

Absurdlar qərarlarda, hökmlərdə daha iyrənc formalarda ortaya çıxır...

2009-cu ilin mayında Nərimanov rayonu, Nəvai küçəsi 24 ünvanında, (“Gənclik” metrostansiyası ətrafı) ümumi sahəsi 136,7 kv.m olan restoran sökülüb. 2000-ci ildən icarəyə verilən restoran Bakı sakini Rasim Babayevə məxsus olub. Həmin il - yəni 2000-ci ildə R.Babayev həyat yoldaşı ilə birgə avtomobil qəzasında dünyalarını dəyişdiklərindən obyektə görə icarə haqqı almaq onların övladları - Rüxsarə, Ülviyyə və Yüksəl Babayevalara keçib. Təhsil almaq yaşında olan Babayevaların yeganə dolanışıq mənbəyi də həmin obyektin icarəsindən alınan vəsait olub.

2009-cu ildə obyekt söküləndən sonra Babayevalar məhkəmələrə üz tutublar. 2 saylı İnzibati İqtisad Məhkəməsinin hakimi Hökumə Babayeva sökülmüş obyektə görə iddiaçılara kompensasiya ödənilməsini qət edib. Lakin kompensasiya miqdarı az olduğundan qətnamədən Bakı Apelyasiya Məhkəməsinə şikayət verilib. İşə Bakı Apelyasiya Məhkəməsinin hakimləri - Nurəddin Mustafayev, Kəmalə Abiyeva və Mirzə Tağızadə baxıblar və... 2000-ci ildə faciəvi şəkildə dünyasını dəyişmiş Rasim Babayevi məhkəmədə dindirməyə həvəs göstəriblər.

Rasim Babayevin övladlarının vəkili Aqil Layıcov məhkəməyə şəxsin ölməsi haqda şəhadətnamə təqdim edib. Hakimlər isə israrlarından əl çəkməyiblər və birinci məhkəmə instansiyasında 3 yetimə atalarının əmlaklarına görə kompensasiya ödənilməsi haqda qətnaməni ləğv ediblər.

Rəhmətliyi dindirmək həvəsində olan hakimlərin qərarının Ali Məhkəmədə ləğv olunacağı ümidi də puça çıxıb. İki gün əvvəl Ali Məhkəmənin hakimi Sevda Hüseynova Bakı Apelyasiya Məhkəməsinin qərarını qüvvədə saxlayaraq işə ilkin instansiyada, özü də Rasim Babayevin iştirakı ilə (!!!) baxılmalı olması haqda qərar çıxarıb. Hakim qərarında yazıb ki, bəli, ölmüş şəxsin istəkləri dinlənilmədən, - dağıdılan əmlakın sənədində onun da adı var - birinci instansiya məhkəməsi qərar qəbul edə bilməzdi!

Babayevaların yaxını olan politoloq Fərhad Mehdiyev məhkəmə qərarına özünün facebook statusunda belə reaksiya verib: “Avropa Şurası deyəndə ki, Avropa İnsan Hüquqları Məhkəməsinə təyin olunmaq üçün biz qabiliyyətli Azərbaycan hakimi tapa bilmirik, çox düzgün buyururlar. Bu, heç də ikili standart-filan deyil. Məsələ də ondan irəli gəlmir ki, hakimlərimizin çoxu ingiliscə bilmir. Məsələ bundan ibarətdir ki, AŞ, sadəcə olaraq, o hakimlərdə elementar vicdanın olmasına şübhə edir. Bu ittiham subyektiv bir qənaət deyil. 3 yetimin əlindəki malını 2008-ci ildə dağıtdıran və onları əliboş qoyan Azərbaycan məmurlarını 2 ildən çoxdur ki, məhkəməyə verdiyim halda, Apelyasiya Məhkəməsinin hakimləri - adlarını da çəkirəm - Nurəddin Mustafayev, Kəmalə Abiyeva, Mirzə Tağızadə tərkibi ilə, ÖLMÜŞ ŞƏXSİN məhkəməyə gətirilməməsi səbəbi ilə, zatən cüzi olaraq kəsilən kompensasiya qərarını ləğv edir; Ali Məhkəmənin hakimi Sevda Hüseynova da bu qərardadı təsdiq edir. Xaricdə olduğum üçün Ali Məhkəmənin iclasında vəkil Aqil Layıcov iştirak etmişdi, xanım Hüseynova o iclasda bəyan edib ki, bəli, ölmüş şəxsin istəkləri dinlənilmədən, - dağıdılan əmlakın sənədində onun da adı var - birinci instansiya məhkəməsi qərar qəbul edə bilməzdi. İşin maraqlı halıdır ki, hakim Sevda Hüseynovanı Avropa Şurası təlimlərə alıb ona insan hüquqlarını, o cümlədən mülkiyyət hüququnun mühafizəsini öyrədib, hətta Strasburqa da aparıb. Nə fayda?”

F.Mehdiyev yazır ki, 7 ildir 3 yetimin sökülən əmlakına görə kompensasiya ala bilmirlər: “Bu ədalətsizliyi təsdiq edən hakim, sizin ümumiyyətlə, məhkəmədə nə işiniz var? Siz oranı professional hüquqşünaslara tərk edin, gedin mağaza açın, ticarətlə məşğul olun, o sizə daha çox yaraşar. Nə qədər ki, elə insanlar məhkəmələrdə işləyəcək, o zaman Avropa Məhkəməsinə təyin etmək üçün daha çox hakim axtaracağıq”.musavat.com