BolgeXeber.Com » Xəbərlər » Çingiz Əsədullayev də həbs oluna bilər... - Bankirin başı üzərində qara buludlar...

Çingiz Əsədullayev də həbs oluna bilər... - Bankirin başı üzərində qara buludlar...

19-10-2015, 18:04
Oxunub: 3 529 Çingiz Əsədullayev də həbs oluna bilər... - Bankirin başı üzərində qara buludlar...Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun qohumu, deputat, "AG Bank”ın müşahidə şurasının sədri Çingiz Əsədullayev istintaqa cəlb oluna bilər

Mötəbər mənbələrdən daxil olan məlumatda bildirilir ki, hazırda deputat toxunulmazlığı olan Əsədullayevlə bağlı qanunamüvafiq tədbir görüləcək. Hətta onun toxunulmazlığının ləğv edilməsi və istintağa çağırılma ehtimalı var.

Mənbə bildirir ki, deputatın adı "Beynəlxalq Bank işi"də hallandırılır və maliyyə xəyanətlərində əli olub. Onun Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə iş birliyi barədə danışan mənbə bildirir ki, hakimiyyət bu məsələdə deputata güzəşt etməyəcək. Bununla yanaşı, onun bu dəfə Milli Məclisə düşmə ehtimalı da heçə enib.

Qeyd edək ki, bu gün İslam Əməkdaşlıq Təşkilatının Avropa İttifaqı yanındakı keçmiş səfiri Arif Məmmədov da Çingiz Əsədullayevlə bağlı sensasion açıqlama yayıb. O bildirib ki, Eldar Mahmudov qudası, Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevlə bərabər dövlətin külli miqdarda vəsaitini mənimsəyib və tələb olunan zaman bu pulları geri qaytara bilməyib: "O, bundan əvvəl də bu cür maliyyə maxinasiyalarına yol veribmiş; lakin həmin zamanlarda cəzalardan bir təhər canını qurtara bilib. Mənimsənən pulların bir qismi isə xaricə qaçırılıb - bu işdə ona başqa bir qohumu - "Azəriqazbank”ın sahibi Çingiz Əsədullayev kömək edib".

Arqument.Az-a danışan mənbə bildirib ki, yaxın günlərdə deputatın biznesi araşdırılacaq. Ç.Əsədullayevin "AGBank”ın rəhbərliyində təmsil olunması isə heç kəsə sırr deyil. Bu saytın rəsmi səhifəsində də əksini tapıb. Bundan əlavə onun səhmlər və əqdlər bölməsində pay sahibi olduğu da qeyd olunur. Hazırda onun 23.096 faiz bankda pay sahibi olduğu rəsmi olaraq əksini tapıb.

Onu da qeyd edək ki, Çingiz Əsədullayevin rəhbərlik etdiyi və əsas payçısı olduğu "AG Bank” ("Azəriqazbank”) 1992-ci ildə təsis olunub və hazırda Azərbaycanın aparıcı banklarından biri kimi tanınır. Bankın səhmdarları sırasında iki böyük təşkilat mövcuddur: Beynəlxalq Maliyyə Korporasiyası və "Kazimir İnvestment LTD” Amerika Sərmayə Fondu. Özəl sektora sərmayə yatıran Beynəlxalq Maliyyə Korporasiyası Dünya Bankı Qrupunun təşkilatlarından biridir və 2006-cı ildən etibarən ASC " AGBank ”-ın 17.5% həcmində səhmlər paketinin sahibidir. "Kazimir İnvestment LTD” Amerika Sərmaye Fondu 2008-ci ildən etibarən ASC "AGBank”-ın 10% səhmlər paketinə malikdir. Hazırda "AGBank" çox saylı müasir bank xidmətlərini, o cümlədən hesablaşma-kassa xidmətləri, istehlak və biznes kreditləri, korporativ kreditlər, depozitlər, plastik kartlar, pul köçürmələri, sənədli əməliyyatlar, səyahət çekləri və kommersiya çekləri xidmətlərini göstərir.

Xatırladaq ki, Çingiz Əsədullayev ötən seçkidə 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə seçilib. Hazırda da Milli Məclisin deputatıdır. Ancaq Azərbaycan Respublikasının Konstitusiyası deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan etsə də, Çingiz Əsədullayev iri ranqlı nazirin - qohumun hesabına qanunu asanlıqla poza bilib.

Yazıda adıçəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.(arqument.az)