BolgeXeber.Com » Xəbərlər » lham Əliyev sahibkarların yoxlanmasını 2 illiyə dayandırdı

lham Əliyev sahibkarların yoxlanmasını 2 illiyə dayandırdı

19-10-2015, 17:35
Oxunub: 2 972 lham Əliyev sahibkarların yoxlanmasını 2 illiyə dayandırdı"Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır"

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların sayının, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib.

Verilən tapşırıqlara uyğun olaraq, 2015-ci oktyabrın 19-da Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasını nəzərdə tutan qanun layihəsi göndərilib. Qanun layihəsinə əsasən 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır.

Eyni zamanda, Azərbaycan Respublikasının prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzlərində verilməsi nəzərdə tutulub.

Fərmanın mətni mətbuatda dərc olunacaq (AZƏRTAC).

Xatırladaq ki, prezident İlham Əliyev sahibkarlıq subyektlərinin yoxlanması məsələsinə oktyabrın 12-də Nazirlər Kabinetinin 2015-ci ilin 9 ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda çıxışı zamanı da toxunmuşdu.

Prezident bildirmişdi ki, biznes mühitini yaxşılaşdırmaq və biznesin inkişafına təkan vermək üçün çox ciddi addımlar atılacaq: "Deməliyəm ki, yoxlamalarla bağlı çoxsaylı şikayətlər gəlir. Yoxlamaların sayı kifayət qədər çoxdur, yoxlayan təşkilatlar da sanki bir-biri ilə rəqabətə çıxıb. Bu da dözülməzdir. Yoxlamaların böyük əksəriyyətinin arxasında yenə də maddi təmənna dayanır. Yoxlayan gəlir, nəyi yoxlayır, nəyi yoxlamır, ancaq nəticə etibarilə öz payını alır, çıxıb gedir. Budur reallıq. Bu, heç kim üçün sirr deyil. Buna da son qoyulmalıdır. Ona görə də qısa müddət ərzində mənə yoxlamalarla bağlı müfəssəl məlumat verilsin - hansı qurumlar kimi yoxlayırlar, ildə neçə dəfə yoxlayırlar, nə üçün yoxlayırlar. Burada bir sistem olmalıdır. Yoxlamaların tənzimlənmə mexanizmi işlənməlidir. Burada müəyyən şərtlər qoyulmalıdır - kim, nə vaxt, hansı müddət ərzində kimi yoxlaya bilər? Ümumiyyətlə, biz bu yoxlamaların sayını kəskin şəkildə aşağı salmalıyıq... Sahibkarları boğurlar, soyurlar, incidirlər. Bu, dözülməz haldır".

Prezident həmin iclasda lisenziyaların verilməsi məsələsinə də ayrıca toxunmuşdu: "Lisenziya da nədir? Pul mənbəyidir. Qanunsuz varlanma metodudur. Nəyə lazımdır bu? Buna da çox ciddi baxmaq lazımdır".
Bolgexeber.com