BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda korrupsiyanın kökü kəsilir?

Azərbaycanda korrupsiyanın kökü kəsilir?

26-10-2015, 14:00
Oxunub: 3 273 Azərbaycanda korrupsiyanın kökü kəsilir?Prezidentin bu məsələ ilə bağlı verdiyi fərmanlar ölkədə korrupsiyanın qarşısını alacaqmı?

Son günlər prezident İlham Əliyev Azərbaycanda korrupsiyanın qarşısının alınması və eyni zamanda sahibkarlığın inkişafı üçün ard-arda fərmanlar imzanlayıb, dövlət qurumlarına öz tapşırıqlarını verdi. Prezidentin milli təhlükəsizlik naziri Eldar Mahmudovu vəzifəsindən azad etməsini də bu qəbildən sayanlar var. Mətbuatda son günlər yayılan xəbərlərdən belə məlum oldu ki, ölkədə korrupsiya əməlləri törədən şəxslər sırasında MTN əməkdaşları da az olmayıb.

Prezidentin bu məsələ ilə bağlı verdiyi fərmanlar ölkədə korrupsiyanın qarşısını alacaqmı?

Məsələ ilə bağlı musavat.com-a danışan iqtisadçı ekspert Natiq Cəfərli bildirib ki, Azərbaycanda korrupsiyanın ləğv edilməsi üçün köklü islahatlar aparılmalıdır: “Dərin sistem islahatları aparılmasa, çətin ki, bir neçə tədbirlə illərdir, kök salan korrupsiyanın qarşısını almaq mümkün olsun. Əsas yanaşma dəyişməlidir. Korrupsiyaya yol açan əməllərin aradan qaldırılmasına çalışmaq lazımdır. Yəni bu halın özü ilə deyil, yaradan səbəbləri ilə məşğul olmaq lazımdır. Bunun isə beynəlxalq təcrübədə onlarla misalı var. Azərbaycanın özündə də məişət korrupsiyasının ləğvi ilə bağlı “ASAN” xidmət təcrübəsi var. Lakin Azərbaycanda ciddi problemlər yaradan məsələ isə sistemli korrupsiyasıdır. Yəni büdcə korrupsiyası, büdcənin xərclənməsinə nəzarətin zəifliyi, məhkəmə və hüquq mühafizə orqanlarında olan problemlər əsas məsələdir. “ASAN” xidmət sadaladığım sahələrdə olan korrupsiyanın qarşısının alınması üçün kifayət etmir. Azərbaycanda son illər sivil toplum demək olar ki, tamamilə məhv edildi. Dünya təcrübəsi göstərir ki, korrupsiyanın qarşısının alınmasında sivil toplumun da çox ciddi rolu var. Medianın gücünü artırmaq lazımdır. Azərbaycanda bu sahələrin də işinin məhv edilməsi korrupsiya hallarının çoxalmasına səbəb olan amillərdən oldu. Əslində insanlar bəzən bu nüansın korrupsiyaya aidiyyatının olmadığını düşünürlər. Ancaq dünya təcrübəsi bunun əksini deyir”.

Ekspert bildirib ki, son proseslərdən sonra ölkədə bəzi dəyişikliklər olacaq: “Bəzi sahələrdə əlbəttə ki, irəliləyişlər əldə etmək olar. Lisenziyaların azaldılması, şəxsi istifadə üçün ölkəyə 10 min dollar dəyərində malın gömrük rüsumu olmadan gətirilməsi müəyyən dərəcədə pozitivlik yaradacaq. Ancaq fundamental dəyişiklik üçün bunlar kifayət etməyəcək”.

Məsələ ilə bağlı danışan iqtisadçı ekspert Qadir İbrahimli isə bildirib ki, ölkədə biznes mühiti inkişaf etdirilməlidir: “Son addımlar təbii ki, hökumətin vəziyyətdən çıxmaq, ölkənin biznes mühitini sağlamlaşdırmaq üçün atılan addımlardır. Ancaq atılan addımlar Azərbaycanın biznes mühitini böhrandan xilas etmək gücündə deyil. Ölkənin biznes mühitinə zərbə vuran xeyli əməllər var ki, onlar hələ aradan qaldırılmayıb. Bu amillər isə aradan qaldırılmayınca, Azərbaycanın biznes mühiti böhrandan çıxa bilməyəcək. Söhbət sərbəs rəqabət mühitinin təmin edilməsinə, kapitalın hərəkətinə və sərbəst təhlükəsizliyinə təminat verilməsindən gedir ki, bu kimi məsələlər də hələ açıq qalır”.