BolgeXeber.Com » Xəbərlər » Bu TSEK-də rəsmən bazar açıblar... - Rüşvətin də qiməti qalxır...

Bu TSEK-də rəsmən bazar açıblar... - Rüşvətin də qiməti qalxır...

26-10-2015, 18:23
Oxunub: 5 361 Bu TSEK-də rəsmən bazar açıblar... - Rüşvətin də qiməti qalxır...Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1200-1500 manat, II qrup üçün 800-1000 manat, III qrup üçün isə 500-700 manat civarında rüşvət tələb olunur

Bu gün ölkə ərazisində fəaliyyət göstərən bəzi Tibbi-Sosial Ekspert Komissiyalarının yarıtmaz fəaliyyəti yerli sakinləri və təbii ki, ilk növbədə bu qurumların xidmətlərinə ehtiyacları olan əlil və xəstə vətəndaşları son dərəcə narahat edir. Bu xüsusda vətəndaşların kütləvi informasiya vasitələrinə ünvanladıqları çoxsaylı şikayət ərizələrində TSEK rəhbərlərinin törətdikləri müxtəlif özbaşınalıqlar və ciddi qanun pozuntularına, yol verilən çeşidli korrupsiya hallarına dair ətraflı məlumatlar təqdim olunur. Redaksiyamıza daxil olan şikayət məktublarında, fəaliyyətində daha çox neqativ halların müşahidə olunduğu bu tip müəssisələrdən biri kimi də məhz Abşeron rayonu 13 saylı TSEK təqdim olunur. Qeyd edək ki, mətbuat səhifələrində bu müəssisənin sədri Gülnarə Hacıyevanın qanunsuz əməllərindən bəhs edən tənqidi materiallar mütəmadi olaraq dərc olunur. Və bu məlumatlar Gülnarə Hacıyevanın hələ Sumqayıt şəhərində, 12 saylı TSEK-in sədri vəzifəsində çalışdığı vaxtlardan təqdim olunmaqdadır. Hətta bir müddət əvvəl ölkə mətbuatında bu xanım məmurun törətdiyi qanun pozuntularından dolayı həbs olunacağına dair ehtimallar da irəli sürülməkdə idi. Maraqlıdır ki, Gülnarə Hacıyevaya yeni təyin olunduğu vəzifələrdə yerli şəraitə “uyğunlaşmaq” üçün də qətiyyən vaxt tələb olunmur. Artıq bir neçə aydan sonra onun özbaşınalıqlarından doğan şikayətlər müxtəlif instansiyalara ünvanlanır. O cümlədən Sumqayıt sakinləri də bu özbaşınalıqları çox gözləməli olmamışdılar. Bu xüsusda təqdim olunan açıqlamalardan birində deyilirdi: “12 saylı Tibbi Sosial Ekspertiza Komisiyyasının yeni təyin olunmuş sədri Gülnarə Hacıyeva Sumqayıtda əməlli başlı “bazar” açıb və hətta bu sahəyə müəyyən “yeniliklər” də gətirib. Belə ki, TSEK sədri özü əlillik dərəcəsi almaq istəyən “müştəri” axtarışına çıxıb. Gülnarə Hacıyeva işlədiyi qurumun bəzi həkim və tibb bacılarını da bu məqsədlə səfərbər edib. Hətta TSEK sədri Azərbaycan reallıqlarını nəzərə alaraq “makler” vasitəsi ilə tapılan müştərilərə xüsusi endirim də təklif edir. Həmin şəxslərə əlilik dərəcəsi cəmi 6 min manata verilir...”

Buna baxmayaraq nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də digər aidiyyalı qurumlar tərəfindən bu xanım məmurun əməllərinə son qoyulması istiqamətində heç bir tədbir görülmədi. Əksinə, bir müddət bundan əvvəl Gülnarə Hacıyeva Respublika Tibbi və Sosial Ekspertiza Mərkəzinin direktoru Məmməd Xasıyevin səyləri nəticəsində 13 saylı TSEK-in sədri vəzifəsinə təyinat aldı. Bu təyinatdan hələ çox az bir müddət keçməsinə baxmayaraq, artıq Abşeron sakinləri tərəfindən təqdim olunan açıqlamalarda bildirilir ki, 13 saylı TSEK tərəfindən vətəndaşlara əsassız olaraq əlillik dərəcələrinin verilməsinə dair konkret faktlar mövcuddur. Həm də bu saxtakarlıq indi əvvəllər olduğundan da baha başa gəlir. Həmçinin aldığımız məlumatlarda qeyd olunur ki, bu qurumun əməkdaşları bir çox hallarda əmək qabiliyyətini itirən şəxslər barəsində əlillik dərəcəsinin təyin edilməsində süründürməçiliyə yol verirlər. Hər dəfə bir bəhanə ilə əlillik dərəcəsi almaq istəyən şəxslərin tələbləri yerinə yetirilmir. Bunun müqabillində isə məlumatlarda 13 saylı TSEK-də vətəndaşlardan qanuni əlillik dərəcələrinin verilməsi üçün külli miqdarda rüşvət istənildiyi bildirilir. Qeyd olunur ki, I qrup əlillik dərəcəsi almaq üçün minimum 1200-1500 manat, II qrup üçün 800-1000 manat, III qrup üçün isə 500-700 manat civarında rüşvət tələb olunur. Həmçinin əlavə edilir ki, pulu olmayan və fiziki qüsurlu şəxslərin əlillik dərəcəsinin verilməsi prosesi demək olar ki, həyata keçirilmir. Yeri gəlmişkən bunu da qeyd edək ki, aldığımız açıqlamalarda Gülnarə Hacıyevanın barəsində bəzi şəxsi xarakterli məlumatlar da öz əksini tapmışdır. Bu xüsusda mənbə bildirir ki, Gülnarə Hacıyeva bu gün həm də “uğurlu” iş adamı kimi tanınır. İddialara görə, onun Sumqayıtda bir neçə kommersiya obyekti var. Eyni zamanda da mənbələr Gülnarə Hacıyevanın Füzuli Musayevin qardaşı ilə şərikli biznesə sahib olduğunu qeyd edirlər...

Qarşı tərəfin də münasibətini öyrənməyə hazırıq. bizimdovr.az