BolgeXeber.Com » Xəbərlər » “Dinləməqeyt” əməliyyatı: Xəzər Telefon Qovşağının rəisinə qədər uzandı

“Dinləməqeyt” əməliyyatı: Xəzər Telefon Qovşağının rəisinə qədər uzandı

31-10-2015, 18:17
Oxunub: 2 535 “Dinləməqeyt” əməliyyatı: Xəzər Telefon Qovşağının rəisinə qədər uzandıOktyabrın 9-dan başlanan “dinləməqeyt” əməliyyatı geniş miqyas almaqdadır

Ölkənin təhlükəsizlik sektoruna ciddi zərbə vuran rabitə məmurları tək-tək de-şifrə olunurlar. Onların cərgəsinə qoşulanlar haqda yeni məlumatlar meydana çıxıb.
Bu xəbərlərin nəticəsində daha iri cinayətlərin təsbit ediləcəyi də şübhə doğurmur. Hüquq-mühafizə orqanlarının ayıq-sayıqlığı sayəsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə bağlı məmurların qanunsuzluqları ifşa olunmaqdadır.
TİA.AZ-a verilən məlumatlara görə, Bakının Xəzər rayon Telefon Qovşağı İdarəsinin rəisinin bu hadisələrdə iştirakı təftiş olunur.
Cavid Həsənovun Rabitə və Yüksək Texnologiyalar Nazirliyində Aparat rəhbəri olmuş Vidadi Zeynalovla yaxın əlaqələri olub. Hazırda həbsdə olan V.Zeynalovun C.Həsənova dinləmə əməliyyatında ciddi dəstək verdiyi vurğulanır.
Bəzi iddialara görə, Xəzər rayon ATS-nin rəisi Milli Təhlükəsizlik Nazirliyindəki şantajçı qruplaşmaya səs yazılarını göndərməkdə rolu olub.
C.Həsənovun V.Zeynalovun təlimatlarını yerinə yetirdiyi, ondan gələn sifarişləri icra etdiyi, hətta MTN-dəki artıq zərərsizləşdirilmiş şəbəkəyə adamları vasitəsi ilə ötürdüyü iddia edilir. V.Zeynalovla sıx təmasları olduğu bildirilən C.Həsənov olduqca strateji ərazidə ATS rəhbəri olub.
Əldə etdiyimiz qeydlərə görə, Xəzər rayonu Bakının məmurların kompakt yaşadığı ərazi hesab olunur. Bu rayonun Mərdəkan, Şüvəlan və başqa kəndlərində iri ranqlı məmurların, yüksək çinli generalların villaları, malikanələri yerləşir.
Xüsusilə, dövlət başçısı İlham Əliyev Xəzər rayonunda yaşayır. Araşdırmalarımızın nəticəsində əldə olunan bilgilərdə qeyd olunub ki, prezidentin və məmurların yaşadığı rayonda V.Zeynalovun kadrı dinləmə qurğularından öz məqsədləri üçün istifadə edib. Mənbənin sözlərinə görə, V.Zeynalovun sədaqətli kadrı olan C.Həsənov MTN-nin içindəki xain şəbəkənin fəaliyyətini asanlaşdırıb.
Xəzər Telefon Qovşağının rəisinin həbsi də istisna olunmur. Mənbə deyib ki, əvvəllər Cavid Həsənova «isti münasibət» bəsləyən Beytulla Hüseynovla əlaqələri pisləşib. Ümumiyyətlə, MTN-də aparılan qanunsuz telefon dinləmələri bilavasitə RYTN ATS və BTRİB-nin əməkdaşlarının vasitəsi ilə həyata keçirilib.
BTRİB-in sabiq rəisi Beytulla Hüseynovun ona yaxın olan qovşaq rəhbərləri ilə birlikdə öz qanunsuz və çirkin əməllərini reallaşdıra bilməsi xüsusilə vurğulanır.

Hətta biznes ortaqları olduğu da iddia olunur. Əgər fakt öz təsdiqini taparsa , bu rəisin nəinki işdən azad edilməsi, eyni zamanda Vidadi Zeynalov və Beytulla Hüseynovla bir yerdə olması qaçılmazdır. Eldar Mahmudovun işdən çıхarılması ilə başlayan qalmaqallı proses həbslərin qarşıdakı günlərdə də davam edəcəyi ilə gözlənilir.

Qeyd edək ki, oktyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyində (MTN) gecəyarısı həyata keçirilən xüsusi əməliyyatla bağlı müzakirələr səngimir. Müzakirələrdə sahibkarların boğulmasından tutmuş “Rusiya izi” “İsrail xüsusi xidmət orqanlarına məlumat ötürmə”, “vəhhabi məsələsi” və digər məqamlara toxunulur, hər bir versiyanı inandırıcı edən arqumentlər səsləndirilir.

Prezident İlham Əliyevin gözlənilməz 17 oktyabr qərarı ilə Eldar Mahmudov nazir vəzifəsindən uzaqlaşdırılandan sonra bu posta kimin təyin olunacağı da dartışılan mövzulardandır. Oktyabrın 20-də Milli Təhlükəsizlik Nazirliyinin strukturunda dəyişiklik olunub.

Dəyişikliyə əsasən milli təhlükəsizlik nazirinin 1-ci müavini ştat vahidi yaradılıb. Prezidentin imzaladığı digər sərəncama əsasən yeni yaradılmış posta Penitensiar Xidmətin rəisi Mədət Quliyev təyin olunub.

M.Quliyevə milli təhlükəsizlik naziri vəzifəsinin icrası da tapşırılıb. Hələlik nazir postu boşdur və yaxın günlərdə bu posta təyinat olacağı da gözlənilir.