BolgeXeber.Com » Xəbərlər » "Unibak"da məni həbsxanada öldürtdürəcəkləri ilə hədələdilər"

"Unibak"da məni həbsxanada öldürtdürəcəkləri ilə hədələdilər"

4-11-2015, 15:53
Oxunub: 3 932 "Unibak"da məni həbsxanada öldürtdürəcəkləri ilə hədələdilər"Cavabdeh tərəfindən mənə dəymiş mənəvi zərəri 500.000 (beş yüz min) manat dəyərində qiymətləndirirəm

Bakı Ağır Cinayətlər Məhkəməsinin 17.02.2014-cü il tarixli hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 15.01.2015-ci il tarixli hökmü ilə bəraət almış, Bakı Apellyasiya Məhkəməsinin 22.09.2015-ci il tarixli qərarı ilə 1500 manat məbləğində cərimələnmiş “Unibank” KB ASC-nin sabiq əməkdaşı Ağayev Sahib Qüdrət oğlu 03.11.2015-ci il tarixdə “Unibank” KB ASC-yə qarşı 540.000 (beş yüz qırx min) manat məbləğində vətəndaşın işgüzar nüfuzunun, şərəf və ləyaqətinin müdafiəsi və dəymiş mənəvi zərərin əvəzinin ödənilməsi ilə bağlı Nəsimi rayon məhkəməsinə iddia ərizəsilə müraciət edib.
Sahib Ağayevin Moderator.az-a verdiyi məlumata görə, 2012-ci ilin yanvar-fevral aylarında “Unibank” KB ASC-də aparıcı kredit mütəxəssisi vəzifəsində çalışdığı zaman fiziki şəxslərə borc öhdəliyi yaranıb.
Sahib Ağayev deyib ki, məhkəmə hökmü ilə təqsirli hesab olunmadığı halda, 2012-ci ilin əvvəllərində bank rəhbərliyi borc pul aldığı dost, tanış və qohumlarını banka çağıraraq, onun dələduz olmağı, başqa insanları da aldatmağı barədə yalan və alçaldıcı məlumatlar verib, bunun nəticəsində də insanlarda ona qarşı nifrət hissi oyanıb və o, təzyiqlərə məruz qalıb: "Eyni zamanda da, adlarına təlimatlara uyğun formada kredit rəsmiləşdirdiyim və borc qismində pul aldığım şəxslərin kredit müqaviləsi üzrə qarşıda bir neçə aylar krediti ödəmək vaxtlarının qalmasına baxmayaraq, bank rəhbərliyi qanunsuz olaraq bütün filiallara kreditlərin müqavilə üzrə ödənilməsini qəbul etməməyi və qəti olaraq bankın problemli kreditlər şöbəsində tam ödəniş edilməsini tapşırıb, şəxslərdə, bütün məbləği tam ödəmək imkanı olmadığına görə, mənə qarşı təzyiq və nifrətin daha da gərginləşməsinə gətirib çıxarıb, mənə həyati təhlükə yaranıb. Lakin mən bankın bu taktikasından, yəni şəxsləri mənim əleyhimə qaldıraraq xəsarət yetirmək barədə planlarından agah olaraq, şəxslərlə bir müddət görüşlərdən yayınaraq, ancaq mobil telefon vasitəsilə əlaqə saxlayaraq həyati təhlükəni aradan qaldırmağa nail olmuşam".
Şikayətçi bildirir ki, AR CPM-nin 21-ci maddəsi olan “Təqsirsizlik prezumpsiyası”nın 1-ci bəndinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır”: "Barəmdə qanuni məhkəmə hökmü çıxmadan, bank rəhbərliyi dost, tanış, qohumlarıma mənim barədə şərəf və ləyaqəti alçaldan, həqiqətə uyğun olmayan məlumatlar veriblər, müxtəlif təzyiq üsulları ilə məni məhv etməyə nail olmaq istəmiş, bunun nəticəsində arzuolunmaz vəziyyətə düşmüşəm, şəxslər tərəfindən “dələduz” düşüncəsi ilə təzyiqlərə məruz qalmış, arvadımla ayrılmış, peşəkar fəaliyyətimi davam etdirə bilməmiş və bunların da nəticəsində mənə mənəvi iztirablar formasında mənəvi zərər dəymişdir.
Eyni zamanda hadisə baş verən zaman “Unibank” KB ASC-nin İdarə heyətinin sədri Faiq Hüseynov öz şəxsi otağında bank əməkdaşı Davud Rzayev, çalışdığı filialın meneceri Rəşad Abdullayevin şahidliyi ilə mənim danışmağına imkan vermədən, 3 gün müddətində pulu banka ödəmədiyim təqdirdə, həmin məbləğin üzərinə eyni məbləği əlavə edərək sifarişlə məni həbs etdirəcəyi, həbsxanada öldürtdürəcəyi ilə təhdid edib.
Mənə qarşı edilən bu qanunsuz hərəkətlərin, təzyiq və təhdidlərin nəticəsində depressiyaya düşdüm, dəfələrlə intihar etmək istədim, stress halında əmək fəaliyyətini davam etdirə bilmədim. Həmçinin cavabdehin hərəkətləri nəticəsində mənə fiziki iztirablar formasında da mənəvi zərər vurulmuşdur.
Ona görə də, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23 və 1097-ci maddələrinə əsasən cavabdeh, mənim şərəf və layaqətimi alçaldan həqiqətə uyğun olmayan məlumatların yayılmasından ibarət olan hüquqa zidd hərəkətləri nəticəsində mənə dəymiş mənəvi zərərin əvəzini verməlidir.
Həmçinin, “Unibank” KB ASC-nin 02.04.2012-ci il tarixli 91-K/NRM №-li əmrilə “Nərimanov” filialının reteyl müştərilərinə xidmət üzrə aparıcı mütəxəssis vəzifəsində çalışdığım zaman guya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyimə, yəni təqsirli hərəkətləri nəticəsində mülkiyyətçiyə maddi ziyan vurduğuma görə mənimlə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Apellyasiya Məhkəməsinin 15.01.2015-ci il tarixli və 22.09.2015-ci il tarixli hökmələrindən də göründüyü kimi, mən “Unibank” KB ASC-yə heç bir ziyan vurmamışam. Yəni ki, “Unibank” KB ASC-nin rəhbərliyi tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı olmadan qanunsuz olaraq müvafiq maddə ilə işdən azad olunduğuma, 43 ay məcburi işsiz qaldığıma görə, bu aylar üzrə hesablanan 450 AZN əmək haqqı, hesablanmış bonuslar, məzuniyyət günləri üzrə ödənişlər hesablanaraq mənə ödənilməlidir. Hesabladığım təxmini məbləğ üzrə mənə “Unibank” KB ASC tərəfindən qanunsuz işdən azad olunmağım nəticəsində 40.000 (qırx min) manat məbləğində maddi ziyan vurulub.
Cavabdeh tərəfindən mənə dəymiş mənəvi zərəri 500.000 (beş yüz min) manat dəyərində qiymətləndirirəm, çünki cavabdehin qanunsuz hərəkətləri nəticəsində mən həm ailəmi itirdim, həm şərəf və ləyaqətim alçaldıldı, həm işgüzar nüfuzum ləkələndi, həm də 4 ilə yaxın müddət ərzində fiziki və mənəvi iztirablar çəkdim".
Bolgexeber.com