BolgeXeber.Com » Xəbərlər » Falçı Yeganə: "Mənə heç kəs heç nəyi qadağan edə bilməz" - QALMAQAL

Falçı Yeganə: "Mənə heç kəs heç nəyi qadağan edə bilməz" - QALMAQAL

6-11-2015, 18:31
Oxunub: 5 279 Falçı Yeganə: "Mənə heç kəs heç nəyi qadağan edə bilməz" - QALMAQALBəzi şeylərə inanmaqda çox zaman tərəddüd edirik


Allaha, onun peyğəmbərlərinə, göndərdiyi müqəddəs kitablara, demək olar ki, hamımız inanırıq. Bəs fala, falçıya necə?
Paytaxt sakinləri arasında "Fala inanırsınızmı?" sualına cavab axtardıq.
- Xeyr, heç inamım yoxdur. Bu xurafatdır. Kimsə xəstədirsə, həkimə getsin. Falçı və yaxud ekstrasens insanın həyatında nəyisə dəyişə bilməz.
- İnanmıram fala. Onların əksəriyyəti dələduzluqla məşğuldur. Guya kiməsə ruzi verirlər, kömək edirlər. Bunlar insanların sadəlövhlüyündən istifadə edənlərdir.
- İnsan istəyir ki, sabah nə olacaqsa, onu bilsin. Fala inanıram. Bir neçə dəfə də fala baxdırmışam. Onların dedikləri arasında düz olanı da var, olmayanı da.
İnsanların dar məqamlarda falçılara, cadugərlərə müraciəti bütün dövrlərdə olub. Bu mövzu hazırda da aktualdır.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi falçılıqla məşğul olanların fəaliyyətinin qadağan edilməsini tənzimləyəcək layihəsi hazırlayıb. Bəs falçıların bu qadağaya münasibəti necədir?
APA TV-yə müsahibəsində Azərbaycanda məşhur baxıcı kimi tanınan Yeganə Zeynalova Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin falçılıqla bağlı qadağasına münasibət bildirib: "İlk növbədə falçılıq da, ekstrasens, baxıcı, sınıqçı, çöpçü, cadu çıxardan da bineyi-qədimdən var. Heç bir qüvvə bunun qabağını ala bilməz. Necə hüquq və tibb fakültəsini bağlaya bilmərsiniz, eləcə də falçılığı. Nə olsun ki, bu gün kompüter var. Siz bəyəm Səməd Vurğunu, Süleyman Rüstəmi, Niyazini, Üzeyiri silə bilərsiniz? Əsrlər ötsə belə, bu adlar silinməz. Həmçinin də bizim aləm. Bilmirəm fikrimi çatdıra bildim sizə? Yəni falçılığı heç kim qadağan edə bilməz. Yəni tövbə etmək olar, bu var".
Su ilə fala baxan Yeganə Zeynalova iddia edir ki, onun bu istedadı Allah vergisidir. Falçılıq peşəsinin tarixi kökləri olduğunu deyə Yeganə Zeynalovanın sözlərinə görə, cadu etmək də, cadu çıxarmaq da qədimdən mövcuddur: "Mənə bir nəfər gəlsin desin ki, Yeganə, sən kiməsə pislik etmisən, birinin toyuğuna daş atmısan. Mənim yanıma 3 gün sonra rəhmətə gedəcək adam gəlib ki, həkimlər onu aldadır. Deyirlər ki, yaşamaq istəyirsənsə, pul xərclə. Yəni sizcə, falçılar insanlara kömək edir? Bəli, eləməsələr, işləyə bilməzlər. Mənim qapımı döyüb deyir ki, Türkiyədən gəlmişəm, Lənkərandan, Masallıdan və s. Bax, gör mənim bu işim alınacaqmı? Mən də baxıram, deyirəm. Amma hər adama da yox, xahişlə-minnətlə baxıram. Bədənində harda xal var, deyirəm, xəstəlik var, deyirəm. Amma kimsə mənə deyə bilməz ki, qapını bağla, bu işi görmə. Amma mən də bu işlərdən yorulmuşam, əhd eləmişəm Həccə gedim, ziyarət edim, axı mən millətimə pislik eləməmişəm".
Falçı xanım deyir ki, falçılar insanları öldürmür, şəfa verir və cadulardan təmizləyirlər. Amma Həcc ziyarətində olmuş insanların bu işlərlə məşğul olunması düzgün deyil: "Həccə gedib, şeytana daş atıb hacı xanım olan adam burda fala baxa bilməz. Ruslarda da İsa peyğəmbəri ziyarət edib gəlib, fala baxmaq qəbul olunmazdır. Qalan hər kəs bu peşə ilə məşğul ola bilər? Yox! Bu seçilmişlərin işidir".

Məsələyə münasibət bildirən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının sözlərinə görə, dini ayinlərin və mərasimlərin yalnız rəsmi aidiyyəti şəxslər tərəfindən keçirilməsi ilə bağlı komitə tərəfindən qərar layihəsi hazırlanır: "İnsanlıq mövcud olduqca, bu cür hallar mövcud olacaq. Sivil dünyada bu nizama salınır. Bəli, elə insanlar var ki, təbiətən onlar əvvəlcədən nəyisə hiss etmək və görmək kimi fitri istedada malik olur. Müasir dövrdə bu ekstrasenslər yoxlanır, onlar xüsusi lisenziya alır, yəni bu lisenziya dövlət tərəfindən verilmir. Bunun üçün xüsusi qurum yaradılır. Onun bu qabiliyyəti yoxlanır və inkar edilmir. Əgər belə hallar mövcud olmasa, tarix kitablarında bunu xatırladan epizodlar olmazdı. Məsələn, Nostradamusdan başlamış Vanqaya qədər. Onların dedikləri içərisində öncədən görmələrin olması özünü doğruldub. Ancaq bir də var ki, kimlərsə mətbuat vasitəsilə elanlar verir, insanlara yalançı vədlər verir, onların hansısa xəstəlikdən qurtulacağına əminlik yaradır. Bu cür elanlar kifayət qədərdir. Guya cadu tapır, cadu axtarır, insanların ruhunu təmizləyir və s. Bu kimi insanlar şarlatan simasında fəaliyyət göstərir".

Mübariz Qurbanlı deyir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi falçılıq fəaliyyətini qadağan etmir, ideoloji və maarifləndirmə yolu ilə insanları xurafatdan xilas etməyə çalışır: "Kimsə "falçılığı qadağan edirəm" deyə bilməz. Bunu necə qadağan etmək olar ki? Söhbət buna qarşı mübarizədən gedir. Kiməsə demək olmaz ki, sən avamcasına kiminsə qarşısında oturma. Əgər insan gedib falçıya sığınırsa, deməli, öz taleyini digərinin ümidinə buraxır. İkinci növbədə dindən uzaqlaşmış olursan. Çünki Allahın varlığını qəbul etmisənsə, gedib başqasından taleyini soruşa bilmərsən. Yəni bəndə bunu bilməz. Elanla insanları aldatmaq olmaq. Bunun üçün hüquq sistemində qabaqlayıcı tədbirlər görülməlidir. Biz xurafata, falçılığa qarşı maarifçiliyin genişlənməsinə çalışırıq".

Komitə sədri deyir ki, səmavi dinlərdə, o cümlədən İslamda falçılıq onsuz da qəbul edilmir.