BolgeXeber.Com » Xəbərlər » Tanınmış hüquqşünas "Azercell"in dələduzluq etdiyini sübut etdi

Tanınmış hüquqşünas "Azercell"in dələduzluq etdiyini sübut etdi

6-11-2015, 18:43
Oxunub: 3 501 Tanınmış hüquqşünas "Azercell"in dələduzluq etdiyini sübut etdi"Bir ilə yaxındır ki, "‎Azercell‬ Telekom" MMC-nin qanunsuz olaraq Azərbaycan xalqının cibinə girməsi, onu avam hesab etməsi barədə mübarizəmi aparıram"


FaktXeber.com-un verdiyi məlumata görə, bunu tanınmış hüquqşünas Aslan İsmayılov bildirib. Onunu sözlərinə görə, bu barədə Azərbaycan Respublikası Baş Prokuroru Zakir Qaralova dəfələrlə müraciət etsə, baş verənlərin birbaşa cinayət əməlləri olduğunu sənədlərlə sübut etsə də, heç bir faydasını görmədiyindən 29 iyul 2015-ci il tarixdə 1 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinə müraciət edib (Sənədlər üçün BURA daxil olun). 20 oktyabr 2015-ci il tarixdə məhkəmə iddiamı qismən də olsa təmin etdi və haqlı olduğumu məhkəmə Qətnaməsi ilə təsdiq etdi (Sənədlər üçün BURA daxil olun). Məhkəmə öz qətnaməsində "Azercell Telekom" MMC-nin aşağıda sadalayacağım hərəkətlərini qanunsuz saydı".
"Nə baş verir? Baş verən odur ki, hər ay Sizlərdən xəbərsiz, heç bir əsas olmadan hər birinizdən ayda 10-30 AZN arası pul tutulur. Bunu görmək üçün hər ay Sizə gələn izahlı hesab fakturaya fikir versəniz görərsiniz ki, istifadə etdiyiniz Qrupdaxili, Şəbəkədaxili, Beynəlxalq zənglərdən, Rouminq istifadəsindən başqa DİGƏR İSTİFADƏLƏR adı altında pul tutulmaları da var ki, onlardan Sizin heç xəbəriniz də yoxdur. Yəqin ki, mənim kimi çoxlarınıza da “Sindbad” və sair adlarla mesajlar gəlir və Siz ona heç fikir də vermirsiniz. Əgər fikir versəniz görərsiniz ki, həmin mesajı tıklayan kimi artıq xəbəriniz olmadan Sizdən pul tutulur ki, guya Siz kiminləsə xidmət müqaviləsi bağlamısınız", - deyə Aslan İsmayılov deyib.
O, əmin olduğunu bildirib ki, 99% istifadəçilərin bundan xəbəri yoxdur: "Əgər həmin sms-i sonadək oxusanız görərsiniz ki, axıra yaxın diqqət çəkməyən şəkildə yazılıb ki, Siz abunəçi oldunuz və gündəlik abunə haqqı 50 qəpikdir. Lap sonda isə yazılıb ki, əgər bu xidmətdən imtina etmək istəyirsinizsə xxx nömrələrə zəng edə bilərsiniz və bunun üçün əlavə olaraq 3 qəpik ödəməlisiniz. Bu da son deyil. Həmin nömrələrə günlərlə zəng edəcəksiniz, bilən kimi ki, müqaviləyə xitam vermək istəyirsiniz telefonun dəstəyini asacaqlar. Həmin müqaviləyə xitam vermək üçün şəxsən özüm günlərlə zəng etsəm də heç nəyə nail ola bilmədim. Sonda həmin “Sindbad”ın ünvanını axtarıb tapandan sonra "VİZA" Hüquq Firmasının əməkdaşını ora göndərməli oldum. Yalnız bundan sonra müqaviləyə xitam verildi. Bu sadəcə dələduzluqdur və prokurorluğa göndərdiyim məktubda da buna görə cinayət işinin qaldırılmasını xahiş etmişdim".
"Təsəvvür edin ki, 4 milyondan çox abunəçisi olan “Azercell Telekom” MMC 1 milyon abunəçinin nömrələrini “Sindbad” MMC-yə təqdim edir, sonuncu isə həmin 1 milyon abunəçini yuxarıda qeyd olunan qaydada müxtəlif xidmətlərə qoşur. Belə olduğu halda təkcə bir gün ərzində bu növ “xidmət”in müqabilində “Azercell Telekom” MMC ilə “Sindbad” MMC 500.000 AZN qazanmış olur (gündəlik xidmət haqqı 0,50 AZN × 1 mln. abunəçi = 500.000 AZN), üstəgəl əgər həmin 1 mln. abunəçi ayıq düşüb dərhal həmin gün bu xidmətdən imtina etsələr, bu həmin bir gün ərzində cavabdehlərə əlavə 30.000 manat qazandırmış olacaqdır (xidmətdən imtina haqqı 0,03 AZN × 1 mln. abunəçi = 30.000 AZN). Bunun nəticəsidir ki, cavabdeh “Azercell Telekom” MMC-nin hər ay təqdim etdiyi Hesab-Fakturanın “İstifadə haqqı” bölməsinin “Digər istifadələr” bəndində müxtəlif əsassız məbləğlər əks olunaraq abunəçilərdən tələb edilir ki, bu məbləğlər məhz yuxarıda qeyd olunan qanunsuz xidmətlərə görə hesablanır" - deyə hüquqşünas bildirir.
Aslan İsmayılov bildirir ki, təkcə ondan bu yolla 05.07.2014-cü ildən 04.07.2015-ci il tarixinədək “Digər istifadələr” adı altında 264 AZN məbləğində pul vəsaiti əsassız yerə tutulmuşdur: "Eyni qaydada bu kimi əsassız tutulmalar 1 milyon abunəçiyə tətbiq edilərsə, bu rəqəm 1 il ərzində 264.000.000 AZN təşkil edəcəkdir. Xüsusi qeyd etmək istəyirəm ki, bu dələduzluq halları tək “Azercell Telekom” MMC-də deyil, həmçinin digər analoji şirkətlərdə (‎Bakcell‬, ‎Azerfon‬) də baş verir".
Tanınmış hüquqşünas sonda hamıdan bu hala fikir verməyi və haqlarını tələb etməyi xahiş edib.
Qarşı tərəfi dinləməyə hazırıq!
Bolgexeber.com