BolgeXeber.Com » Xəbərlər » Sahibkar nazirdən prezidentə şikayətləndi – MƏTN

Sahibkar nazirdən prezidentə şikayətləndi – MƏTN

12-11-2015, 13:15
Oxunub: 2 978 Sahibkar nazirdən prezidentə şikayətləndi – MƏTN"Heydər Əsədov sizin istəyinizin əksinə olan bir mövqe tutdu və beləliklə heç bir aidiyyati təşkilat bizə heç bir köməklik göstərmədi"

Sabirabad sakini TİA.AZ-a şikayət məktubu yazıb. Rayonun Zəngənə kənd sakini olan sahibkar Əfras Əsgərov üzləşdiyi haqsızlıqlar barəsində prezident İlham Əliyevə müraciət edib:

“Artıq kənd təsərrüfatı ili başa çatmaq üzrədir. 2015 - ci ilin kənd təsərrüfatı ili elan olunması bizi çox sevindirmişdi. Fikirləşdik ki, bu il qazancımız daha artıq olacaq və bu səbəbdən keçən ilə nisbətən əkin sahələrini bir qədər də artırdıq.

Sabirabad rayonunda əsasən taxılçılıq və pampıqçılıqla məşğul oluruq. Taxil əkinlərimiz hava şəraitinin yaxşı keçməsi və yerli İcra Hakimiyyətinin bu sahəyə diqqəti sayəsində nisbətən yaxşı oldu. Lakin pambıqçılıqda çox böyük problemlər yaşadıq.

Payızda havaların əlverişsiz keçməsi daha ciddi problemlər yaratdı. Nəticə olaraq qısaca bildirim ki, bu il Sabirabadda kimsə pambıqçılıqdan bir manat belə pul qazana bilmədi. Əlavə olaraq təkcə 400 hektar pambıq əkən bizim Zəngənə kənd sakinləri yəqin ki, bir daha pambıq əkə bilməyəcəklər. Bu da yüzlərlə insanın illərdir alışdığı bir qazanc yerini itirməsi deməkdir.

Cənab Prezident!

Pambıq becərilməsi dövründə insaf naminə deyilməlidir ki, Sabirabad rayon İcra Hakimiyyəti, ərazi icra nümayəndələri, müxtəlif xidmət təşkilatları öz üzərlərinə düşən hər bir işi yerinə yetirdilər.

Bu sahədə şəxsən mənim hec bir iradım yoxdur. Lakin Beynəlxalq Bankla bağlı problem ortaya çıxan kimi bizə pambıq əkdirən ÇTZ AQRO MMC - nin fəaliyyəti iflic oldu. Becərməyə maliyyələşmə dayandı və bununla da bizim qara günlərimiz başladı.

Cənab Prezident!

Mən sizin bütün çıxışlarınızı izləyirəm və hesab edirəm ki, siz əlbəttə ki, bizim - fermerlərin, sahibkarların yaxşı dolanmağını istəyirsiniz. Amma bu il cənab Heydər Əsədov sizin istəyinizin əksinə olan bir mövqe tutdu və beləliklə heç bir aidiyyati təşkilat bizə heç bir köməklik göstərmədi.
Vaxtında kömək etsəydilər bizim pambıq sahələri bu gün, yəni noyabrın 12 - də yığılmamış qalmazdı. Vaxtında pulumuz olsaydı camaatı pambıq dəriminə cəlb edərdik. Çox təəssüf ki, biz bu işi gorə bilmədik və bütün mövsüm boyu iki köhnə pambıqyığan maşının ümidinə qaldıq.

Cənab Prezident!

Ötən dövrdə biz pambıqçılar kənd təsərrüfatı naziri Heydər Əsədova, Prezident Adminstrasiyasının şöbə müdiri Azər Əmiraslanova, Nazirlər Kabinetinə yüzlərlə teleqram vurduq. Allaha and olsun ki, onlar bir dəfə belə cavab vermədilər.

Cənab Prezident!

Mənim şəxsən bu ilki mövsümdən qazancsız çıxmağımın əsas səbəbkarı rəhbərlik etdiyi sahədən əslində xəbəri olmayan nazir Heydər Əsədovdur. Düşünürəm ki, Heydər Əsədovu ümumiyətlə əkinçilik maraqlandırmır.

Sizdən xahiş edirəm ki, ondan heç olamasa bizim müraciətlərimizə cavab verməməsinin səbəbini soruşasınız və onu mümkünsə bizim Zəngənə kəndinə pambıqçılarla görüşə göndərəsiniz.

Cənab Prezident!

Sabirabadda pambıq əkdiyinə görə müflisləşərək əlləri qoynunda qalan minlərlə fermer adından Sizdən xahiş edirəm ki, əgər münasib bilsəniz "Kənd təsərrüfatı ili" ilə əlaqədar bir yekun Respubilka müşavirəsi çağırasınız və oraya təsərrüfatçıları dəvət edəsiniz və rəhbərlikdən yalnız siz özünüz iştirak edəsiniz. Ümid edirəm pambıqçılıqla bağlı problemlər sizin iştirakınızla öz həllini tapacaq.

Cənab Prezident!

Bildiyimizə görə, yaxın vaxtlarda rayonlarda İcra başçılarının hesabat yığıncağları keçiriləcək. Sizdən xahiş edirik həmin yığıncaqlarda Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyindən məsul şəxslərin iştirakının təmin olunması ilə bağlı göstəriş verəsiniz. Hesab edirik ki, bu olduqca vacib məsələdir, çünki onlar yerlərdəki problemləri özləri görməlidirlər.
Bolgexeber.com