BolgeXeber.Com » Xəbərlər » "Əgər əməkhaqqı ödənilməsə Bakı və bölgələrdə etiraz aksiyaları başlayacaq"

"Əgər əməkhaqqı ödənilməsə Bakı və bölgələrdə etiraz aksiyaları başlayacaq"

13-11-2015, 15:55
Oxunub: 2 976 "Əgər əməkhaqqı ödənilməsə Bakı və bölgələrdə etiraz aksiyaları başlayacaq" Beş aydır ki, əmək haqlarını ala bilməyən və buna görə dəfələrlə paytaxtda etiraz aksiyaları keçirən “Azərinşaat”ın işçiləri maaşlarının hələ də karta köçürülmədiyini iddia edirlər

Bunu Cebhe.info-ya “Azərinşaat” şirkətinin əməkdaşı Seymur Ələsgərov bildirib. Onun sözlərinə görə, xeyli müddətdir ki, tələbləri təmin edilmir:

“Baxmayaraq ki, bir həftə əvvəl “Azəryolservis” ASC-nin icraçı direktoru Kamran Rüstəmov onlara əmək haqqılarının hesablanaraq sənədləşdiriləcəyi və bunun Beynəlxalq Banka göndəriləcəyini vəd etmişdi. Məhz bundan sonra maaşlar karta köçürüləcəkdi. Əgər əməkhaqqı ödənilməsə, bu dəfə etiraz aksiyalarına bölgələrdəki fəhlələrlə birgə başlayacaqlar. Belə ki, noyabrın 16-da təşkil olunacaq aksiyaya Lənkəran, Masallı, Ağdaş, Gəncə və Xaçmaz rayonlarından da qatılanlar olacaq”.

Məsələ ilə bağlı “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli Cebhe.info-ya deyib ki, təmsil etdiyi qurum ödənişləri həyata keçirmir: “Birbaşa olaraq “Azəryolservis”in borcu yoxdur. “Bakı-Şamaxı-Muğanlı avtomobil yolunun km 15-45 hissəsinin dörd zolaqlıya genişləndirilməsi” layihəsi beynəlxalq maliyyə dəstəyi ilə həyata keçirilir. Görülən işlər müqabilində subpodrativ şirkətə müəyyən ödəmə qalmışdı. Həmin şirkət tərəfindən bank zəmanəti verilmişdi. Onlar görülən işlərin müqabilində bizə sertifikat təqdim edirlər. Serifikatı isə biz xarici banka göndəririk və ödənişlər xarici bank tərəfindən ödənilir. Müqavilə əsasında subpodrativ şirkətlərə ödənişlər həyata keçirilir. Həmin bankın zəmanət müddəti bitdiyindən ödənişlər verilmirdi. Xarici bank olduğu üçün onlar hər bir detallara fikir verirlər. Bizim tərəfimizdən bank zəmanəti həmin xarici banka göndərilib. Xarici bankdan isə həmin podrativ şirkətin hesabına ödəniş ödənilməlidir. Pul hesabına oturandan sonra ödəniş subpodrativ şirkətinin hesabına köçürülməlidir. Biz sadəcə ödənişlərin həyata keçirilməsinə nəzarət edən qurumuq. Çünki sifarişçi bizik, sertifikat bizə göndərilir . Biz isə həmin sertifikatı banka ünvanlayırıq”.

Qurum sözçüsü qeyd edib ki, bir qrup fəhlənin əməkhaqqı ala bilməməsi onları da narahat edir: “Biz əlimizdən gələni etmişik. Bank zəmanətinin verilməsi üçün onları tələsdirmişik. Bu məsələdə bizim də adımız hallanır. Amma pul verən qurum olmadığımız üçün burada humanistlik göstərdik. Rəhbərimiz söz verdi ki, bu işdə fəhlələrə köməklik göstəriləcək. Bir neçə aydır ki, onların maaşı verilmir, bu nə deməkdir? Ona görə də tez bir zamanda sənədlər xarici banka göndərildi. Məndə olan məlumata görə ödənişlər podrativ şirkətin hesabına köçürülməlidir”.

Qeyd edək ki, şirkətin 1500 əməkdaşının 4 aydır maaş almadığı bildirilir.
Bolgexeber.com