BolgeXeber.Com » Xəbərlər » Daha bir təhsil ocağı rüşvət girdabında - İTTİHAM VAR

Daha bir təhsil ocağı rüşvət girdabında - İTTİHAM VAR

19-11-2015, 12:09
Oxunub: 5 422 Daha bir təhsil ocağı rüşvət girdabında - İTTİHAM VAR M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində dövlət vəsaitlərinin mənimsənilməsi üçün ən çox istifadə olunan məqam kollec binasının cari təmir işləri ilə bağlıdır

Artıq neçə müddətdir ki, redaksiyamıza daxil olan məlumatlarda Azərbaycan Dövlət Pedaqoji Kollecinin (keçmiş M.Ə.Sabir adına pedaqoji kollec) fəaliyyətində müşahidə olunan neqativ hallara dair açıqlamalar təqdim edilir. Qeyd edək ki, hazırda kollecdə ibtidai sinif müəllimi, əmək hazırlığı və texnologiya, xarici dil, ailə və ev təhsili, təsviri incəsənət və rəsmxətt, ilkin hərbi və fiziki hazırlıq, informatika, qeyri-azərbaycan məktəblərində Azərbaycan dili müəllimi ixtisasları üzrə mütəxəssislər hazırlanır.Mənbələr xəbər verir ki, Nurlana Əliyevanın direktor olduğu bu kollecdə təhsil alan tələbələrin bütün imtahanlara hazırlıq prosesi ilk növbədə tələb olunan vəsaitin hazırlanması ilə müşayiət olunur. Müxtəlif fənlər üzrə imtahan qiymətləri birbaşa Nurlana xanım tərəfindən müəyyən edilir. Daxil olan məlumatlara görə tələbələrin 90 faizi bu imtahanlardan yalnız “ödənişli əsaslarla” üzü ağ çıxa bilirlər. Tələbələr bildirirlər ki, Azərbaycan Dövlət Pedaqoji Kollecində dərslərinə hazırlaşan və hazırlaşmayan tələbə arasında elə də böyük fərq qoyulmur. İstənilən halda pul hamıdan yığılır. Yaxşı oxuyanlar üçün məbləğ 200-250 manat, oxumayanlar üçün 300-400 manatdır. Həmçinin qeyd olunur ki, artıq kolleci bitirmiş məzunlara diplomların verilməsi və tələbələrin təcrübə prosesinə cəlb olunması xüsusunda da bu təhsil müəssisəsində kifayət qədər maxinasiyalara və pul yığımlarına yol verilir. Həmçinin bir müddət əvvəl yeni tədris ilinin başlanması da kollecdə müəyyən pul yığımları ilə müşayiət olunmuşdu. Belə ki, iddialara görə Azərbaycan Dövlət Pedaqoji Kollecinə yeni qəbul olunmuş tələbələrdən tələbə biletlərinə görə hərədən 35 manat olmaqla pul yığılıb.
Bundan başqa isə, kollecdə tələbələrdən qayiblərə görə də pul tələb olunur. Bir çox tələbələrin adı jurnalda getsə də, özlərinin dərslərdə iştirak etməməsi buna əyani sübutdur. Məlumatlarda qeyd olunur ki, dərslərdə iştirak etməməyin aylıq “xərci” 100 manatdır. Yeri gəlmişkən, məlumatı təqdim edən mənbə nümunə kimi, “aylığa buraxılmış” tələbələrdən birinin, Samirə Bayramovanın adını açıqlayır. Digər tərəfdən isə kollecin direktoru Nurlana Əliyevanın yol verdiyi özbaşnalıqlar və qanun pozuntuları hətta Təhsil Nazirliyinin diqqətindən də böyük məharətlə yayındırılır. Təhsil sahəsində həyata keçirilən islahatlar və ölkədə aparılan korrupsiyaya qarşı mübarizə tədbirləri fonunda N.Əliyeva tərəfindən bu gün də bir çox korrupsiya əməlləri, o cümlədən dövlət vəsaitlərinin mənimsənilməsi halları sürəkli olaraq həyata keçirilir. Bu xüsusda məlumatlarda bildirilir ki, M.Ə.Sabir adına Azərbaycan Dövlət Pedaqoji Kollecində dövlət vəsaitlərinin mənimsənilməsi üçün ən çox istifadə olunan məqam kollec binasının cari təmir işləri ilə bağlıdır. Mənbələr qeyd edirlər ki, bu məqsədlər üçün N.Əliyeva tərəfindən kollecdə məxsusi pul yığımları həyata keçirilir. Bu işlərə ayrılan dövlət vəsaitləri isə müəyyən saxta şirkətlərin hesablarından keçirilərək, demək olar ki, tamamilə mənimnsənilir.
Bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində 227 nəfər müəllim fəaliyyət göstərir. Onlardan 1 nəfər elmlər doktoru, professor, 17 nəfər elmlər namizədi, 16 nəfər baş müəllim, 30 nəfəri isə dissertantdır. Lakin təəssüflər olsun ki, keçmiş uğur və nailiyyətlər bu gün Azərbaycan Dövlət Pedaqoji Kollecində qətiyyən təkrarlana bilmir. Bir çox mütəxəssislərin fikrinə görə, kollec bu gün öz əsas funksiyasını layiqincə yerinə yetirərək, ölkənin ümumtəhsil məktəbləri üçün müasir təhsil texnologiyalarına yiyələnmiş müəllimlər hazırlaya bilmir. Buna səbəb kimi isə yenə də kollecin direktoru Nurlana Əliyevanın öz işində yol verdiyi bir sıra nöqsanlar göstərilir...

Qarşı tərəfin də mövqeyini dərc edə bilərik.