BolgeXeber.Com » Xəbərlər » Ziya Məmmədova daha bir ağır zərbə

Ziya Məmmədova daha bir ağır zərbə

2-12-2015, 11:39
Oxunub: 2 764 Ziya Məmmədova daha bir ağır zərbəNəqliyyat Nazirliyinin səlahiyyətləri kəskin şəkildə azaldılıb

Nəqliyyat Nazirliyində ixtisarlar aparılacaq. Bu barədə nazirlikdən məlumat verilib. Nəqliyyat Nazirliyinin mətbuat katibi Namiq Həsənovun açıqlamasına görə, hazırda həm Dövlət Avtomobil Nəqliyyatı Xidmətində, həm də "Bakı Sərnişin Yük Daşımaları" MMC-də siyahının hazırlanması və digər məsələlərə baxılır: "Yaxın günlərdə nəticələrin Nəqliyyat Nazirliyinə təqdim edilməsi gözlənilir. Təbii ki, ixtisarlar olacaq, amma onlardan bəzilərinin işlə təmin olunması da mümkündür".

Namiq Həsənov qeyd edib ki, müfəttişlik tamamilə ləğv olunmayacaq: "Elə məsələlər var ki, onlar üçün ştata ehtiyac qalmayıb. Müəyyən mənada fəaliyyət var. Hətta avtobuslarda bəzi funksiyalar nəqliyyat müfəttişlərinə şamil ediləcək, amma bildiyiniz kimi, daha çox funksiyalar Yol Polisinə verilib. Bizdə qalan funksiyalarla bağlı müfəttişlər fəaliyyətini davam etdirəcəklər. Səlahiyyət azaldıldığından biz də nəzərə alırıq ki, bu funksiyaların yerinə yetirilməsi üçün mövcud ştat vahidlərinin sayı çoxdur. Ona görə də ixtisarlar mütləqdir".
İşçilərin konkret sayına gəlincə, nazirlik rəsmisi bildirib ki, hazırda dəqiqləşdirmə aparılır: "5-10 nəfər yox, yüzlərlə adamdan söhbət gedir. Bu qədər insanın taleyi birdən-birə həll olunanda, məsələyə ehtiyatla yanaşılmalıdır. Dəqiq siyahı barədə yaxın günlərdə əlavə məlumat veriləcək".
Qeyd edək ki, son bir neçə ayda Nəqliyyat Nazirliyinin səlahiyyətləri kəskin şəkildə azaldılıb. İlk olaraq sentyabrın 12-də prezidentin imzaladığı fərmanla taksi minik avtomobilləri ilə sərnişin daşınmasına xüsusi razılıq (lisenziya) verilməsi, taksi minik avtomobilləri ilə sərnişin daşınmasını həyata keçirən sadələşdirilmiş vergi ödəyicilərinə məxsus nəqliyyat vasitəsinə "fərqlənmə nişanı" verilməsi səlahiyyətləri Nəqliyyat Nazirliyinin tərkibindən çıxarılaraq ASAN Xidmətə verilib. Daha sonra prezidentin sentyabrın 18-də imzaladığı digər fərmanla "Azərbaycan Dəmir Yolları " Qapalı Səhmdar Cəmiyyəti Nəqliyyat Nazirliyinin tərkibindən ayrılaraq yeni qurum kimi təsis edilib.
Oktyabrda verilən fərmanla isə İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklə bundan sonra taksi tanınma nişanları, taksometr və ya sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş digər məlumat göstəriciləri olmadan taksi minik avtomobili ilə sərnişin daşımalarının həyata keçirilməsi, sərnişin və baqaj daşınması qaydaları ilə müəyyən edilmiş daşınma sənədləri olmadan sərnişin daşımalarının həyata keçirilməsi, avtomobil nəqliyyatı ilə yük daşınması qaydalarında nəzərdə tutulmuş daşınma şərtlərinin pozulması, xüsusi razılıq (lisenziya) olmadan avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması, yaxud lisenziya şərtlərinin pozulması, avtomobil yollarında , prospektlərdə, küçələrdə, təhkim və mühafizə zolağında yol hərəkətinin təhlükəsizliyinin pozulması ilə bağlı olan xeyli xətalar, iriqabaritli və (və ya) ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulması, avtobuslarda və taksi minik avtomobillərində sərnişinlərinin icbari fərdi qəza sığortasının olmaması və bəzi başqa xətaların törədilməsini aşkar etmək, onları törədənləri məsuliyyətə cəlb etmək Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.
Göründüyü kimi, artıq Nəqliyyat Nazirliyinin ictimaiyyətə bəlli olan və narazılıq doğuran bir sıra səlahiyyətləri əlindən alınıb. Bir çoxları "nəqliyyat şefi" Ziya Məmmədovun "formal nazir"ə çevrildiyini düşünürlər. Eyni zamanda Nəqliyyat Nazirliyinin ləğv edilməsinin mümkünlüyündən danışanlar da az deyil.
Belə bir vaxtda onun qurumunda ixtisarlara da strart verilməsi və yüzlərlə işçinin ixtisara salınmasından danışılması Z. Məmmədovun "formal nazir" obrazını qətiləşdirməklə bərabər, Nəqliyyat Nazirliyinin ləğvi, yaxud onun hər hansı başqa bir nazirliyə birləşdirilməsi ehtimalını qüvvətləndirir.
Görünür, son bir neçə həftədə Ziya Məmmədovun adı ətrafında hay-küylü prosesin səngiməsi əslində müvəqqəti xarakter daşıyırmış. Hesab etmək olar ki, bizi qarşıda onun özü və rəhbəri olduğu nazirliklə bağlı yeni xoşagəlməz sürprizlər gözləyir. Bu ehtimalın reallaşıb-reallaşmayacağını demək çətin olsa da, hər şeyə qısa vaxtda aydınlıq gələcəyini gözləməyə dəyər.