BolgeXeber.Com » Xəbərlər » Misir Mərdanovun kürəkəninə qarşı TALANÇILIQ ittihamı... - Yeyinti ittihamı...

Misir Mərdanovun kürəkəninə qarşı TALANÇILIQ ittihamı... - Yeyinti ittihamı...

2-12-2015, 18:45
Oxunub: 2 714 Misir Mərdanovun kürəkəninə qarşı TALANÇILIQ ittihamı... - Yeyinti ittihamı...Mehman Sadıqov Azər Məmmədovla kirvə qohumluq əlaqələrindədirlər

Məlum olduğu kimi, bu ilin may ayında Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsinə Azər Məmmədov təyin olunub. Həmin vaxt ölkə mətbuatında bu təyinat barədə yayımlanan məlumatlarda da qeyd olunmuşdu ki, keçmiş Təhsil naziri Misir Mərdanovun kürəkəni olan Azər Məmmədov, hazırda tutduğu postdan əvvəl Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisinin I müavini vəzifəsində çalışıb. Dünən bizimdovr.az-a daxil olmuş yeni məlumatda isə, mənbə Azər Məmmədovun təyinatına və hazırkı fəaliyyətinə dair bəzi maraqlı açıqlamalar təqdim edir. İlk növbədə məlumatda vurğulanır ki, Azər Məmmədovun bu vəzifəyə təyin olunmasında Tovuz Gömrük İdarəsinin rəisi Mehman Sadıqovun müəyyən dəstəyi və Dövlət Gömrük Komitəsi sədrinin müavini Səfər Mehdiyevin xüsusi səyləri mühüm rol oynayıb. Məsələ bundadır ki, Mehman Sadıqov Azər Məmmədovla kirvə qohumluq əlaqələrindədirlər.

Bundan başqa isə, adları çəkilən bu üç məmur hazırda Rusiya ərazisində şərikli taxta biznesinə sahib olmaqla, ölkəmizə bu məmulatların idxalının da böyük bir hissəsini öz nəzarətlərində saxlayırlar. Təbii ki, Azər Məmmədovun məhz Xaçmaz Gömrük İdarəsinin rəisi vəzifəsinə keçməsi bu nəzarət imkanlarını xeyli genişləndirəcək. Lakin açıqlamalarda bu da vurğulanır ki, böyük ehtimalla şəriklər Azər Məmmədovun bundan sonrakı karyera yüksəlişini də planlaşdırırlar. Ən azından idarə rəisinin hazırda ikinci təhsil olaraq Ukraynada ali gömrük təhsili almağı bunu deməyə əsas verir. Hələlik isə, öz minnətdarlığını ifadə etmək üçün, Azər Məmmədov Mehman Sadıqova “Porsche” markalı ( dövlət nömrə nişanı 90TR090) avtomobil hədiyyə etmişdir. Digər tərəfdən də “Bizim Dövr”ün redaksiyasına təqdim olunan məlumatda Azər Məmmədovun bu gün Xaçmazda da eynilə bir vaxtlar Hava Nəqliyyatında Baş Gömrük İdarəsində tətbiq etdiyi iş üsullarına üstünlük verdiyi bildirilir. Bu mövzuda qəzetimizdə dərc olunmuş yazılarda da biz qeyd etmişdik ki, bu gün ölkə iqtisadiyyatının daha dinamik inkişafını əngəlləyən amillərdən biri kimi məhz müxtəlif sahələrdə məmur inhisarlarının yaranmasını göstərmək olar. Qəribədir ki, dövlətin yeritdiyi antiinhisar siyasətinə tamamilə zidd olaraq bu monopolizasiyanın formalaşmasına bəzi dövlət strukturları özləri xüsusi şərait yaradırlar.

Elə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin fəaliyyətində də bu ziddiyyəti müşahidə etmək olar. Qeyd etmək lazımdır ki, bu qurumun fəaliyyəti digər analoji dövlət strukturları arasında mətbuat üçün daha qapalı olmağı ilə fərqlənir. Əlbəttə, bu məqama bəraət qazandırmaq məqsədilə İdarənin rəhbərliyi tərəfindən təhlükəsizlik konsepsiyasının müddəaları bəhanə gətirilsə də, əslində məsələnin kökündə bu qurumun fəaliyyətində yer almış rüşvətxorluq və digər korrupsiya hallarının gizlədilməsi cəhdlərinin durduğu hamıya aydındır. Lakin bu tədbirlər bilavasitə vətəndaşlarla işləyən təşkilatda qapalılığı qətiyyən təmin edə bilməz. Məlumdur ki, HNBGİ-nin əməkdaşları ölkəyə gətirilən müəyyən malların müqabilində astronomik məbləğlərdə rüşvət tələb etməklə bir tərəfdən monopolistlərin sifarişlərinə əməl edərək onların fəaliyyətlərini dəstəkləyir, digər tərəfdən isə daxili bazarda süni qiymət artımını stimullaşdırırlar. Bu xüsusda mətbuata daxil olan məlumatlarda isə, idarədə tətbiq olunan “rüsumların” formalaşdırılmasında, eləcə də yığımların həyata keçirilməsində Azər Məmmədovun xüsusi rolu hər zaman diqqət mərkəzinə çəkilib. Bu gün isə, artıq oxşar proseslər Xaçmaz Gömrük İdarəsinin fəaliyyətində müşahidə olunmaqdadır. Məlumatı təqdim edən mənbə həmçinin belə bir məqamı da qeyd edir ki, bu yaxınlarda Həcc ziyarətində olmuş Azər Məmmədov hətta bu mübarək adı qəbul etdikdən sonra da, özünün korrupsiya əməllərindən əl çəkmək niyyətində deyil.

Qarşı tərəfin də münasibətini öyrənə bilərik.