BolgeXeber.Com » Xəbərlər » Oğlunun doğum günündə itikin düşən neftçinin dəhşətli həyat hekayəsi - VİDEO

Oğlunun doğum günündə itikin düşən neftçinin dəhşətli həyat hekayəsi - VİDEO

7-12-2015, 20:35
Oxunub: 3 928 Oğlunun doğum günündə itikin düşən neftçinin dəhşətli həyat hekayəsi - VİDEO“Atəş düşdüyü yeri yaxar” deyə məşhur atalar sözü var

Bu dəfə də atəş əvvəlcə düşdüyü yeri yandırdı. 63 neftçinin, soydaşımızın çalışdığı “Günəşli” yatağı alovlar arasında qaldı. Bu alovun acısı neftçilərin sevdiklərini və ardınca bütün Azərbaycanı yandırdı.

İndi ortada olan faciə hamımızındır. Qəza baş verən günün sabahı neftçilərimizin yarısından çoxu sağ xilas edildi. Onlardan birinin cənazəsi ailəsinə çatdırıldı. 29 nəfər isə həm ailələrinin, həm də bütün Azərbaycanın gözünü Xəzərdə qoyub. Bu gün 6 neftçinin cansız bədəni Xəzər sularından tapıldı. Heç kim onların geri qayıtmayacağına inanmaq istəmir. Elə ailələri kimi. Hər kəsdə bir ümid var. Bəlkə hardasa, kimsə onları sağ tapar deyə...

İtkin düşən neftçilərdən biri də Rəsulov Elşad Balaoğlan oğludur. 44 yaşlı neftçi ailəsini gözü yolda qoyub. İki uşaq atasının itkin düşməsi xəbəri oğlunun doğum günündə ailəsinə çatıb.

“Yeni Müsavat” qəzeti olaraq Rəsulovlar ailəsində olaraq onların dərdinə şərik olmağa, səbr diləməyə çalışdıq. Düzdür, səbr verənlər çox olsa da ailənin gözlədiyi yalnız şad xəbər idi. Övladları və xanımı yalnız evin başçısının sağ olması xəbərini eşitmək istəyirlər.

E.Rəsulovun xanımı ilə telefon danışığımızda bizə dediyi sözlər qan donduracaq sözlər idi. Evlərinə getməyimizə razılıq verən Vüsalə xanım “gələndə Elşadı da gətirin” dedi. Səmimi etiraf etmək istərdim ki, bu sözdən sonra Rəsulovların evinə getmək fikrindən o andaca daşınmışdım. Çünki bu söz qarşısında çarəsizlik insanı məhv edirdi. Vüsalə xanımın danışığın sonunda “gəlin, gözləyirik” deməsi bizi onlara getməyə vadar etdi.

Bizi binanın həyətində Rəsulovlar ailəsinin qonşuları qarşıladı. “Onlar da sizi gözləyir” deyərək bizi evə apardılar. Bütün qohumlar kiçik bir evdə toplaşıb. Onlar çətin gündə Rəsulovlar ailəsinə dəstək olmaqla yanaşı bir şad xəbər gözləyirdilər. Hər qapı açılanda içəri girənin, hər zəng gələndə dəstəyin arxasındakı şəxsin verəcəyi xəbərə göz dikiblər.
Vüsalə Rəsulova hadisənin baş verdiyi gün yaşananları danışır. İlk cümlədə öyrənirik ki, həmin gün onlar Elşad Rəsulovdan zəng gözləyirlərmiş. Çünki hadisə baş verən günün səhərisi- dekabrın 5-i övladlarının doğum günü imiş: “Elşad hər dəfə uşaqların doğum günündə saat 12-ni keçən kimi zəng edərdi. Biz də ondan zəng gözləyirdik. Həmin gün onunla danışmışdıq. Amma bilirdik ki, 12-dən sonra dekabrın 5-i olan kimi yenə zəng edəcək. O gün danışanda Elşad mənə demişdi ki, get bazarlıq elə, uşağın doğum gününü qeyd edin. Biz istəyirdik ki, o gələndən sonra olsun. İşə çıxanda telefon yanlarında olmurdu. 12-də zəng gözlədik, amma etmədi. Sonra telefonuna zəng çatmadı. Partlayışın olmasını da feysbukdan uşaqlar oxudu”.

Partlayış xəbərindən sonra ailə üzvləri həyəcanla Elşad Rəsulovla əlaqə saxlamağa çalışıblar. Vüsalə xanım deyir ki, həmin an Elşad Rəsulovun telefonuna zəng çatıb. Amma uzun müddət cavab verməyib: “Elə bil yerin altında idik. Zəng etmədiyimiz yer qalmamışdı. Elşada zəng elədik. Sonra onun telefonunu iş yoldaşlarından biri açdı. Dedilər ki, qəza olub. Elşad qayıqdadır”.

İtkin düşən neftçinin qızı Aysel bu il Bakı Dövlət Universitetinə qəbul olub. Ailədən sonuncu dəfə Aysel atası ilə danışıb: “Hadisədən yarım saat əvvəl atamla danışdım. Dedi ki, burda güclü külək var, orda hava necədir? Dedik, soyuqdur. Hadisə 17:40-da olub. Amma biz gecə saat 1-də xəbər tutmuşuq. Feysbukdan oxuduq ki, partlayış olub. Sonra atama zəng etdik. Telefonuna zəng çatırdı. İş yoldaşları ilə danışa bildik. Dedilər ki, qəza olub, Elşadgil qayıqdadır. Həmin telefonla bir neçə dəfə danışdıq. Atamla danışa bilmədik”.

Elşad Rəsulov 22 ildir neft sektorunda çalışırmış. Ailəsinin dediyinə görə, E.Rəsulov uzun illərdir qəza baş verən platformada işləyirmiş. İşinin təhlükəli olması ilə bağlı hərdən ailə üzvləri ilə də danışırmış.

Doğum günündə atasından təbrik zəngi gözləyən Baloğlan evin ən kiçiyidir. Və atasının işlə bağlı danışdıqlarını belə xatırlayır: “Ata deyirdi ki, elə bil atom bombasının üstündə oturmuşuq. Çox təhlükəli idi. Hər dəfə danışanda bilirdik ki, təhlükədir. Bir neçə dəfə işdən çıxmasını istəmişdik. Biz də qorxurduq. Küləkli, yağışlı havada tez-tez zəng edirdik”.

Elşad Rəsulov təkcə öz ailəsinin başçısı deyildi. O, vəfat edən bacısının 3 övladına da atalıq edirdi. 44 yaşında böyük qardaşını itirən E.Rəsulovun çiyinlərində qardaşının ailəsinin də məsuliyyəti var idi.

Vüsalə Rəsulova yoldaşının bütün məsuliyyəti onun çiyinlərinə yüklədiyini deyir. Amma onun qayıdacağından ümidini üzməyib: “Bacısının üç övladına atalıq edirdi. Qızlardan birinin nişanı olmuşdu. Gələn ay toyu olacaqdı. Hamısının yükünü üstümdə qoydu. Özü gəlsin. Nə olar, özü gəlsin. Gözümüz yoldadır. Bizimki səbrdən keçib. Ölüm xəbərini gözləmirəm. İşdən çıxmasını istəyirdik. Amma qızına görə çıxmırdı. Qızımız bu il universitetə qəbul olub. Deyirdi ki, pensiyaya az qalıb, vaxt başa çatsın, çıxacam”.

Ailə hadisənin dəhşətini Elşad Rəsulovun iş yoldaşlarının ziyarətindən sonra öyrənib. Vüsalə xanım deyir ki, sağ qalan neftçilər bu gün onları ziyarət edib: “Elşadın iş yoldaşları bizə gəlmişdilər. Hadisənin necə baş verdiyini danışdılar. Elşən adlı iş yoldaşı dedi ki, qayıq qırılıb, onlar suya düşüblər. Gözlərinin qarşısında çabalayıblar. Elşadın soyuğa dözümü yox idi...”

Hadisədən xəbər tutandan sonra dekabrın 5-də ailə üzvləri Zığ qəsəbəsində yaradılan qərargaha toplaşıblar. Axşam saatlarına qədər gözləsələr də bir xəbər ala bilməyiblər.
Mərkəzi Neftçilər Xəstəxanasına gələn ailə burada yaralı neftçilər arasında Elşad Rəsulovu tapa bilməyiblər.

Vüsalə xanımın qardaşı Vüqar Məmmədov deyir ki, elə bu vaxt biliblər ki, Elşad Rəsulov dənizdə qırılan qayıqda olub: “Xəstəxanada yaralılar görəndə bildik ki, onlar yoxdu. Mən gecə saatlarınadək Elşadın iş yoldaşı Mahalla danışırdım. O mənə demişdi ki, Elşadgil olan qayıq qırılıb. Mahal Allah ümidinə platformada qalıb. Onlar qayıqları endirib. Özləri qalıblar orda. Dirisinə ümid yoxdur. Heç olmasa ölüsünü tapaq”.

Ailənin bütün üzvləri deyir ki, hadisə zamanı neftçilərin xilasedici jileti olub.

“Xilas edici jiletləri olub. Elşadgil hava küləkli olduğundan jileti səhərdən geyiniblər. Ümidimiz o jiletədir. Elşadı o jiletə görə tapa bilərlər”- deyən Vüsalə xanım ümidlərini itirmədiklərini bildirdi.

Söhbət zamanı evdə olan qohumlar, ağsaqqallar hərdən səbr diləyir, Elşad Rəsulovun ya ölüsünü, ya da dirisini gözlədiklərini deyirlər. Lakin onun ailə üzvləri “Allah səbr versin”, “heç olmasa, ölüsü gəlsin” fikirlərini qətiyyən qəbul etmir...

Elə bizimlə sağollaşanda Vüsalə xanımın son cümləsi də belə oldu: “Elşadın sağ olması xəbərini bizə ilk siz verin...”.
Bolgexeber.com