BolgeXeber.Com » Xəbərlər » 7 saylı TSEK-də əlillik dərəcəsi almaq niyə çətindir?

7 saylı TSEK-də əlillik dərəcəsi almaq niyə çətindir?

11-12-2015, 14:29
Oxunub: 2 330 7 saylı TSEK-də əlillik dərəcəsi almaq niyə çətindir?Şikayətçilər deyir ki, Pərviz Bənənyarlı maraqlarına xidmət edir, burada hətta sağlam adam da dərəcə ala bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMM) kadr dəyişikliyindən sonra yeni nazir Səlim Müslümov bir çox işçilərlə yollarını ayırdı. Sabiq nazir Füzuli Ələkbərovun dönəmindən qalanların böyük əksəriyyəti işdən çıxarıldı. Əksəriyyət elə zənn edirdi ki, yeni komandanın fəaliyyətində tutarlı dəyişikliklər olacaq. Lakin gedişatdan belə məlum olur ki, cənab nazirin etimad göstərib, güvəndiyi məmurlar heç də onun adını ucaltmaq fikrində deyillər.

JAM.AZ xəbər verir ki, 7 saylı Nizami rayon Tibbi-Sosial Ekspert Komissiyasında (TSEK) rəhbər dəyişikliyi bu ilin iyununda baş verib. Kamil Məmmədovun işdən çıxarılmasından sonra onu Pərviz Bənənyarlı əvəz edib.

Bu ərazi üzrə əlillik dərəcəsi almaq istəyənlər və ya təkrar komissiyadan keçmək arzusunda olanlar ilk əvvəl sevincək olublar ki, qaydalar dəyişib və onlar asanlıqla istədiklərinə nail olacaqlar. Amma gözlənilənlərdən fərqli olaraq, durum tamamilə başqa olub.

Müaciət edən sakinlər bildirirlər ki, Kamil Məmmədovun da vaxtında vəziyyət acınacaqlı idi. Lakin Pərviz Bənənyarlının da onun yolunu gedəcəyini gözləmirmişlər. «Nizami TSEK-də əlillik dərəcələrinin müəyyənləşdirilməsində ciddi nöqsanlar var. Vətəndaşlar etdikləri müraciətlərin müqabilində aldıqları cavablardan məmnun deyillər. Üstəlik, süründürməçilikdən də boğaza yığılıblar».

Onlar vurğulayırlar ki, 7 saylı TSEK-in sədri əlillik dərəcəsi istəyən və bunu haqq edənləri müxtəlif bəhanələrlə qəbul etmir, sənədlərini yoxlamır və bir çox hallarda müraciətləri araşdırmaqdan boyun qaçırır. «Bütün bunların edilməsinin tək səbəbi onun maraqlarının təmin olunub, olunmamasıyla bağlıdır. Əgər maraqları təmin olunarsa, işlər qısa müddətdə həllini tapır. Əks təqdirdə, dərəcə almaq istəyənlər qapıdan qaytarılırlar».

Camaat iddia edir ki, 7 saylı TSEK-in xətti ilə əlillik dərəcəsi alanlar arasında kifayət qədər sağlam insanların olduğu kimsəyə sirr deyil. «Bu adamların hansı yolla əlillik dərəcəsi əldə etdikləri də gizlin məsələ sayılmır. Əgər nazirlikdən yoxlama gələrsə, Pərviz Bənənyarlının işə gəldiyi gündən indiyə qədər sağlam adamlara da əlillik dərəcəsi verdiyini aşkarlaya bilər».

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com