BolgeXeber.Com » Xəbərlər » Müəllimlər İnstitutunun sabiq filial rəhbərindən şok ittihamlar

Müəllimlər İnstitutunun sabiq filial rəhbərindən şok ittihamlar

14-12-2015, 10:13
Oxunub: 4 235 Müəllimlər İnstitutunun sabiq filial rəhbərindən şok ittihamlarFəlsəfə doktoru Xatirə Həsənova işdən çıxarılan kurator İlyar Vahabovun həbs edilən “MTN çete”si ilə əlaqəli olduğunu iddia edir; o, qanunsuz olaraq işdən çıxarıldığını deyir

Azərbaycan Müəllimlər İnstitutunun Mingəçevir filialının keçmiş direktor əvəzi, fəlsəfə doktoru Xatirə Həsənova redaksiyamıza yazdığı şikayət məktubunda çalışdığı təhsil müəssisəsində baş verən qanunsuzluqlardan, əsassız olaraq özünün işdən çıxarılmasından bəhs edib. O qeyd edib ki, bu faktların araşdırılması üçün dəfələrlə təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olsa da, problem həllini tapmayıb.

Fəlsəfə doktoru deyir ki, külli miqdarda büdcə vəsaitini mənimsəyənləri cəzalandırmaq əvəzinə o özü işdən çxırılıb və ona qarşı təzyiqlər başlayıb. Üstəlik, X.Həsənova mənimsəmələrlə bağlı faktların nazirlikdə məhz İlyar Vahabov tərəfindən gizlədildiyini vurğulayır. Qeyd edək ki, İlyar Vahabov Təhsil Nazirliyinin özəl universitetlər üzrə kuratorudur və onun bir neçə gün əvvəl nazirin əmri ilə işdən çıxarıldığı bildirilir.

İşdən çıxarılmaya səbəb kimi onun külli miqdarda mənimsəmələrdə iştirakı göstərilir. Mətbuat onun keçmiş nazir Eldar Mahmudovla bağlılığından yazır və onun həbs ehtimalının olduğu bildirilir. Şikayətçi X.Həsənova da məhz AMİ-də baş verənlər cinayət tərkibli faktların Təhsil Nazirliyində İ.Vahabov tərəfindən ört-basdır edildiyini və araşdırılmadığını bildirir.
X.Həsənova AMİ-də baş verənləri bu cür sadalayır: “Filialın direktoru Orucəli Rzayev işdə yol verdiyi ciddi xətalara, əslində cinayət əməllərinə görə filial rəhbərliyindən kənarlaşdırılaraq AMİ-nin Zaqatala filialına direktor təyin edildi. Mən Azərbaycan Müəllimlər İnstitutunun (AMİ) rektorunun 6 noyabr 2012-ci il tarixli əmri ilə filiala direktor əvəzi təyin edildim. Rektor qısa müddətdə mənə ”filiala audit gətir yoxlatdır, əvvəlki direktor filialı yeyib dağıdıb",- deyə tapşırıq verdi. Mən audit aparılması üçün məktubla Təhsil Nazirliyinə müraciət edib rəsmi razılıq aldım. Müstəqil auditə 5 min manat vəsait ayırdım və yoxlama başladı. Audit yoxlama prosesində böyük həcmdə yeyinti faktları aşkarladı. Saxtakarlıq faktları ilə bağlı 2014-cü ilin oktyabrında Azərbaycan Müəllimlər İnstitutuna rəsmi müraciət etdim. Lakin auditin işini yekunlaşdırmasına maneçilik yaratdıqlarına görə mən audit aktını imzalasam da, rektorun tapşırığı ilə aktın bir nüsxəsini mənə verməkdən imtina etdilər".

X.Həsənova bildirir ki, bu məsələlər davam edən zaman 2014-cü ilin yanvarında təhsil naziri Mikayıl Cabbarovun qəbulunda olub: “Mən nazirə mütəşəkkil cinayətkar şəbəkə ilə üz-üzə qaldığımı, AMİ-nin Mingəçevir filialında dövlət sənədlərinin saxtalaşdırılması, bunun arxasında duran yüz min manatlarla dövlət vəsaitinin mənimsənilməsi faktları barədə ərizəmi ona təqdim etdim. Nazir daxili nəzarət şöbəsinin müdiri Kənan Quliyevə bu məsələni ciddi araşdırmağı tapşırdı. Daxili nəzarət şöbəsinə yüz min manatlarla dövlət vəsaitinin mənimsənilməsi faktlarını özündə əks etdirəm audit aktının surətini təqdim etdim. Auditin özündə saxladığı nüsxədən fotosurət çıxarmışdım. Bu audit aktı dörd maliyyəçi mütəxəssis tərəfindən araşdırılaraq tərtib olunub.

Bu araşdırma üçün Təhsil Nazirliyinin icazəsi ilə dövlət büdcəsindən beş min manat vəsait xərclənib. Bundan əlavə, daxili nəzarət şöbəsinə təhsil müəssisəsinin 5 illik sənədlərinin bir çoxunun məhv edilməsi, saxtalaşdırılması, bank maxinasiyaları, mövcud olmayan qruplara dərs saatlarının yazılması, silinmə aktlarının formal tərtib olunduğu halda, təsərrüfat müdiri, digər əməkdaşlar, hətta Təhsil Nazirliyinin nümayəndəsinin yerinə imza atılması baş verib. Əmək haqqı barədə xəzinədarlığa təqdim olunan siyahıda dəyişikliklər edilərək banka başqa siyahı təqdim etməklə büdcə vəsaitlərinin mənimsənilməsi, Gəncə Dövlət Universitetinin on nəfərdən artıq müəllimi bir gün belə filiala gəlmədikləri halda, 0,5 ştat vahidi ilə işə qəbul olunaraq adlarına plastik kart açıb büdcə vəsaitinin talan edilməsi, altında möhürləri oxunan Mingəçevir Politexnik Texnikumunun dövrünə, 80-ci illərə aid invertarların belə təzədən yazılaraq mədaxil edilməsi və sair faktları sübut edən əsaslı dəlilləri təqdim etdim. Kənan Quliyev mənə məsələnin şöbənin əməkdaşı Nicat Quliyevə tapşırıldığını bildirdi. Bundan sonra mənə olan təzyiqlər daha da artdı. Sonradan Kənan Quliyev heç zənglərimə cavab vermədi. Daxili nəzarət şöbəsi məsələni ört-basdır etdi.

Dəfələrlə nazirliyə getsəm də, Orucəli Rzayevin himayədarı İlyar Vahabov nazirlə görüşməyimə mane oldu. Mənə olan təzyiqlər isə gündən-günə dözülməz olurdu. Nicat Quliyev sonunda mənə bildirdi ki, bu məsələ ilə bağlı araşdırma aparılmayacaq, tapşırıq belədir. Ardınca filialın yeni rəhbəri Rasim Şükürov mənə qarşı qərəzli münasibətə başladı. Mən 2015-ci ilin aprelində baş prokuror Zakir Qaralovun Mingəçevirdə qəbulunda oldum. Ərizəmi təqdim etdim. Baş prokuror ərizəmi Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərdi. Əlimdə filialla bağlı kifayət qədər faktlar olduğunu bildikləri üçün hər vasitə ilə məni susdurmağa çalışırdılar. 2014-cü ilin oktyabrında işdən azad olunmuşdum. İşdən azad edildikdən sonra Baş Prokurorluq yanında Korrupsiya İdarəsinə, Prezident Administrasiyasına, Milli Təhlükəsizlik Nazirliyinə, Daxili İşlər Nazirliyinə və digər nazirliklərə faktlarla müraciət etsəm də, bu günədək şikayətlərim araşdırılmayıb. 2015-ci ilin 16 fevralında yenidən təhsil nazirinin qəbulunda oldum və müraciətlərimi araşdırmağa söz verdi”.

X.Həsənova Təhsil Nazirliyində ərizələrinin, müraciətlərinin araşdırılmamasına səbəb kimi İlyar Vahabovun institut rəhbərliyini müdafiə etməsi ilə əlaqələndirir: “Bu gün Təhsil Nazirliyində əsas postlarda olan yazdığım məktubları araşdıran şəxslər, o cümlədən İlyar Vahabov və onun kimi onlarla şəxs külli miqdarda pul qazanmış adamlardır. Bütün yazdığım şikayətlər daxili nəzarət adlandırılan şöbəyə yönləndirilir və orada da cavabsız şəkildə saxlanılır. Bu qədər cinayət tərkibi olan faktlar həmin idarəyə göndərildiyi halda, niyə araşdırılmır? Sizi əmin edirəm ki, bu gün ölkədə böyük əks-səda doğurmuş keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun cinayətkar çetesi ilə əlaqəli olan bəzi şəxslər bu nazirliyə də yerləşdiriliblər. Nazirlik onlardan təmizlənməlidir. Mən qanunsuz olaraq işdən çıxarılmışam və korrupsioner bir dəstənin qurbanı olmuşam. Bu gün işsiz qalmışam. Ölkə prezidenti cənab İlham Əliyevdən xahiş edirəm, mənim hüquqlarımın bərpasına köməklik göstərsin”.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.musavat.com