BolgeXeber.Com » Xəbərlər » Xəzərdə özünü balıq kimi hiss edir... - Rayonun GÜLağa kimi dərdi var...

Xəzərdə özünü balıq kimi hiss edir... - Rayonun GÜLağa kimi dərdi var...

15-12-2015, 16:20
Oxunub: 2 709 Xəzərdə özünü balıq kimi hiss edir... - Rayonun GÜLağa kimi dərdi var..."Polisləri əraziyə tökərək oradakı hasarları uçurdub, yerinə yeni hasar çəkirlər"

Xəzər Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Gülağa İslamovun işində yol verdiyi nöqsanlar rayonun bəzi qəsəbələrində yaşayan insanların həyat səviyyəsinə ciddi şəkildə öz təsirini göstərməkdədir. Belə ki, rayon sakinlərinin yetərli hissəsi icra başçısının biznes maraqlarının belə demək mümkünsə, qurbanına çevriliblər. Rayonun Türkan qəsəbəsi əsasən daş karxanalarının çoxluğuna görə seçilir. Heç kimə sirr deyil ki, daş karxanalarından çıxan toz-duman vərəm xəstəliyinin geniş yayılmasını sürətləndirir. Sakinlərdən aldığımız məlumatlara görə, Türkanda təxminən 40-a yaxın daş karxanası fəaliyyət göstərir ki, onların da bir neçəsi məhz rayon rəhbərinin nəzarəti altındadır: "Qəsəbə sakinləri neçə illərdir eyni problemdən əziyyət çəkir. Bu daş karxanalarının bizə heç bir xeyri yoxdur. Buranın xeyrini ancaq sahibləri görür. Bizim bildiyimizə görə, daş karxanalarının sahibləri arasında yüksək vəzifəli şəxslər, məsələn nazirlər, prokurorlar və icra başçıları var. Daha çox qazanc gətirən daş karxanaları isə sözsüz ki, Gülağa müəllimə məxsusdur. Belə eşitmişik. Neçə illərdir Xəzər Rayon İcra Hakimiyyətinə başçılıq edən Gülağa İslamov geridə qalan dövr ərzində özünə məxsus olan daş karxanalarının fəaliyyətini xeyli genişləndirib. Başçının həm Xəzər rayonunda, həm də bəzi kənd rayonlarında tikinti layihələri var. Karxanaların daşlarının böyük hissəsi həmin tikinti işlərinə cəlb edilir. Bundan başqa, icra başçısı Xəzər rayonu ərazisində aparılan abadlıq-bərpa işlərinə lazım olan daşları da öz karxanalarının hesabına təmin edir. Bu karxanalar sakinlərin səhhətinə, yaşayışına mənfi təsir göstərir. Yay aylarında vəziyyət daha dözülməz həddə çatır. Hava küləkli keçəndə isə karxanalardan bir toz-duman qalxır ki, bütün evlər toza qərq olur. Həmin toz bizim ciyərlərimizə hopur. Kimlərsə milyon qazanır, biz də xəstəlik tapırıq. Evlərlə karxana arasında məsafə azdır. Karxanalarda işləyən ağır tonnajlı yük maşınları qəsəbənin daxili yollarını bərbad hala salıb. Bu barədə yerli icra nümayəndəsinə və icra hakimiyyətinin rəhbərliyinə müraciət etsək də, şikayətimizə baxan olmayıb. Hər dəfə yalan vədlər verib bizi başlarından edirlər". Sakinlər deyir ki, icra başçısına məxsus karxanalarda tez-tez bədbəxt hadisələr qeydə alınır: "Bu karxanalara başçının yaxın adamları nəzarət edir. Onlar müvafiq qanunları ayaq altına atmaqdan belə çəkinmirlər. Belə ki, fəhlələri əmək müqaviləsi olmadan işlədirlər. Həmin karxanalarda bir neçə dəfə faciəli hadisələr baş verib. Bəzi fəhlələr kombaynların altında qalıb, bəzilərini isə elektrik cərəyanı vurub öldürüb. Buna baxmayaraq, karxananı himayə edən şəxs ölüm işlərini ört-basdır etməyi bacarıb". Xatırladaq ki, icra başçısının özbaşına əməlləri ilə üzləşən Türkan sakinləri bir neçə dəfə kəskin şəkildə öz etirazlarını bildiriblər. Məsələn, 2011-ci ildə Türkan qəsəbəsində məmur özbaşınalığı və sosial vəziyyətin ağır olması ilə bağlı etiraz aksiyası keçirilib. Buna səbəb Hövsan-Türkan yolunun kənarında yerləşən və qəsəbə sakinlərinə məxsus torpaq ərazilərindəki hasarların uçurulması olub. "Polisləri əraziyə tökərək oradakı hasarları uçurdub, yerinə yeni hasar çəkirlər. Bununla bağlı sakinlər Xəzər Rayon İcra Hakimiyyətinə getdilər. Oradan isə sakinlərə bildirdilər ki, ərazi satılıb. İcra hakimiyyətində camaata onu da deyiblər ki, xoşluqla bu ərazidən çıxsınlar", deyə sakinlər bildirib. Sakinlər həm də qəsəbəyə verilən elektrik enerjisinin, təbii qazın kəsilməsinə və işsizliyin çoxalmasına da etiraz ediblər. Onlar bütün bu məsələdə rayon rəhbərliyini günahlandırıblar: "Etiraz edənləri həbslə hədələyirlər. Amma buna baxmayaraq sakinlər çox qəzəblidir". Başqa bir informasiyaya görə, Gülağa İslamovla yanaşı, oğlu İlham İslamov da vətəndaşların səbr kasasını daşdırıb. Məlumat üçün bildirmək istəyirik ki, icra başçısının oğlu Şüvəlan bələdiyyəsinin sədridir. Məlumatda bildirilir ki, İlham İslamov Şüvəlan qəsəbə bələdiyyəsinin sədri olmaqla yol verdiyi qanun pozuntularına görə heç də öz qayınatasından, yəni Qala qəsəbəsi üzrə icra nümayəndəsi Məzahir Hüseynovdan geri qalmır: "Bu şəxslərin törətdiyi qanunsuz işlər camaatın səfalət içərisində yaşamalarına səbəb olub. Elə bil rayon bu şəxslərin şəxsi mülküdür". Redaksiyamıza həmçinin icra başçısının, oğlunun və qudasının həyata keçirdiyi qaranlıq maliyyə əməliyyatları haqda da ilginc bilgilər daxil olub. Biz həmin məlumatlar ətrafında araşdırmalara başlamışıq. Yaxın günlərdə bu barədə sizlərə də məlumat verəcəyik. Bizi izləyin.
Qarşı tərəfi də dinləməyə hazırıq...