BolgeXeber.Com » Xəbərlər » “Hacı Camalxan”ın “DəmirBank”dan apardığı milyonlar: - Banklar iflasa gedir

“Hacı Camalxan”ın “DəmirBank”dan apardığı milyonlar: - Banklar iflasa gedir

14-01-2016, 15:38
Oxunub: 3 968 “Hacı Camalxan”ın “DəmirBank”dan apardığı milyonlar: - Banklar iflasa gedirÖtən ilin dekabrında ölkədə baş vermiş ikinci devalvasiya banklar üçün “soyuq duş” olmaqla yanaşı, onları öz strateji planlaşdırmalarına yenidən baxmağa məcbur edib


Əsas problem banklarda sürətlə artan problemli kreditlərdir. Fiziki və hüquqi şəxslərin müxtəlif məqsədlər üçün banklardan götürdükləri kreditlərin arasında böyük həcmli kreditlər də var. Qeyd edək ki, 2015-ci ilin dekabrın 1-nə olan məlumata görə, Azərbaycanda problemli kreditlərin məbləği 1 milyard 229,6 milyon manat təşkil edib. Xatırladaq ki, bu rəqəmlər ikinci devalvasiyadan əvvəl açıqlanıb. Dekabrın 21-dən sonrakı statistika isə hələ bəlli deyil.
Banklar tərəfindən təqdim olunan kreditləri iki hissəyə ayırmaq olur: biri hüquqi şəxslərə təqdim olunanlar, digəri isə fiziki şəxslərə ayrılanlar. Hüquqi şəxslərə verilən kreditlər böyük dövriyyə, sahibkarlıq və biznesin inkişafı üçün nəzərdə tutulur.
Ölkə bankları artıq devalvasiya dalğasından sonra iri həcmdə kreditlər verməkdən imtina edirlər. Səbəbsə aydındır: kreditlərin qaytarılmasında ciddi problemlərin yaranması bankları bərk qorxudub.
2015-ci il üzrə bəzi bankların maliyyə hesabatlarına nəzər yetirdikdə, bəlli olur ki, 2015-ci ilin əvvəli ilə müqayisədə ötən ilin ikinci yarısından problemli kreditlərin həcmi kəskin artıb. Hətta bəzi banklarda belə borclarda artım 2 dəfəyə yaxındır.
Məsələn, “AccesBank”ın vaxtı keçmiş kreditlərin həcmi 2.8 dəfə artıb. Ötən ilə dair maliyyə göstəricilərinə görə, problemli kreditlərin məbləği 21 milyon 660 min manat təşkil edib.
“Bank Of Baku”nun 2015-ci ilin ikinci yarısında vaxtı keçmiş kreditlərinin həcmi 83 milyon manata yüksəlib. 2014-cü ilin sonu ilə müqayisə etdikdə bu rəqəm 47,8 milyon manat idi. Ən çox kənd təsərrüfatı sektoruna və fiziki şəxslərə verilən kreditlərin qaytarılmasında problem yaşanır.
“VTBank”ın bu ilin birinci rübünün göstəricilərinə görə vaxtı keçmiş kreditlərinin ümumi məbləği 41.1 milyon manat təşkil edib ki, bununla portfeldəki xüsusi çəkisi 11.9 faizə qədər yüksəlib. Belə ki, ötən ilin sonunda problemli kreditlərin həcmi 21.2 milyon manat (7.6 faiz) idi.
“Paşa Bank”ın problemli kreditləri sürətlə artıb. Belə ki, hələ 30 iyun 2015-ci il tarixə olan məlumata görə, vaxtı keçmiş kreditrlərin həcmi 139.1 milyon manat (21.6 faiz) təşkil edib.
Ekspertlərin fikrincə, problemli kreditlərin əsasını biznes kreditləri təşkil edir. İqtisadçı ekspert Samir Əliyevin sözlərinə görə, banklar bu məqsədlə ayırdıqları milyonların geri qayıtmamasından böyük zərbə altında qalırlar. Tutaq ki, bank ona müraciət edən şirkətə, MMC-yə, hüquqi şəxsə 10 milyon manat məbləğində kredit xətti açır. Lakin həmin sahibkar hansısa səbəbdən krediti qaytara bilmir. Bu vəsait böyük olduğundan banka da dəyən zərər yüksək olur. Amma bank həmin vəsaiti hər biri 10 min manat olmaqla ən azı 1000 nəfərə və ya hər biri 5 min manat olmaqla ən azı 2000 nəfərə istehlak krediti şəklində verə bilər. Hətta müştərilərin müəyyən hissəsi krediti qaytara bilmədikdə bank yüksək faiz hesabına zərəri aradan qaldırır.

Zərərə düşən bankların isə sahibkarla münasibətlərini məhkəmədə həll etməkdən başqa əlacları qalmır. Bəzən bu proses illərlə davam edən üzücü və vaxtaparan prosesə çevrilir.
Məsələn, 2013-cü ildən “DəmirBank”la “Hacı Camalxan” MMC arasında başlanmış kredit qalmaqalı buna bariz nümunədir.
Müdafiə Sənayesi naziri Yavər Camalovun qardaşı Əlikram Camalovun rəhbərlik etdiyi MMC 2010-cu ildə Sahibkarlığa Kömək Milli Fondundan regionlarda sahibkarlığın inkişafı üçün ayırdığı güzəştli kredit alıb. Bunun üçün müvəkkil bank olan “Dəmirbank”dan sözügedən MMC-yə 3 milyon 950 min manat pul verilib.
Bank fermer təsərrüfatına ayrdığı 3 milyon 950 min manatın faizlərinin ödənilməsi ilə bağlı qrafiki də sahibkara təqdim edib.
Lakin nəyə görəsə “Hacı Camalxan” KFT bu krediti qaytarmağı lazım bilməyib.
2014-cü ildə oktyabrında Baş Prokurorluğun mətbuat xidməti “DəmirBank” ASC-nin müraciəti əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırmaların aparılması haqda məlumat yayıb. Açıqlamada deyilir ki, Sahibkarlığa Kömək Milli Fondunun müvəkkil kredit təşkilatı kimi büdcə vəsaiti və öz vəsaitləri hesabına “DəmirBank” ASC-dən 2006-2010-cu illərdə kəndli-fermer təsərrüfatının inkişafı, tikinti və sənaye sahəsində işlərin sürətləndirilməsi məqsədilə saxta biznes-planlar və digər sənədlər tərtib edən bəzi fiziki və hüquqi şəxslərin adlarına güzəştli şərtlərlə verilən 10 milyon 666 min 600 manat məbləğində kredit təyinatı üzrə istifadə edilməyib. Həmin vəsaiti fiziki və hüquqi şəxslərin israf edib mənimsəməsində şübhələr üçün əsaslar olduğundan, fakta görə Cinayət Məcəlləsinin 179.3.2 (külli-miqdarda mənimsəmə və ya israf etmə), 195.2 ( külli-miqdarda qanunsuz kredit alma və ya kreditdən təyinatı üzrə istifadə etməmə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə cinayət işi başlanıb.
Araşdırılan kreditlər arasında “Hacı Camalxan” MMC-nin də aldığı kredit var idi. Külli miqdarda təyinatı üzrə istifadə edilməyən və qaytarılmayan kredit problemi ilə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət edən “ Dəmir Bank” ASC-nin şikayətinin nəticəsi hələ də bəlli deyil. Lakin bu bir həqiqətdir ki, mühüm postlarda olan məmur qohumlarının nüfuzlarından istifadə edib külli miqdarda kredit alan “Hacı Camalxan” kimi sahibkarlıq subyektləri bu krediti qaytarmaq barədə heç düşünmür də…
“DəmirBank” elə o vaxtdan məhkəmə qapılarındadır.
Məhz bu “gözü çıxmış qardaş”la bağlı fakt digər özəl bankların böyük həcmdə kreditlərin verilməsi üçün etimadı aşağı salır.
Ötən ilin dekbarında ölkədə baş verən ikinci devalvasiya banklar üçün daha ciddi problemlər yaradacaq. Ekspertlərin fikrincə, devalvasiyadan ən böyük zərbə də elə məhz bank sisteminə dəyib.
Şübhəsiz ki, bu problemlər ilk növbədə problemli kreditlərin artması ilə bağlı olacaq. Geri dönməyən kreditlərin artması isə bank portfelinin vəziyyətinə ciddi təsir göstərəcək.
Onu da nəzərə almaq lazımdır ki, bankların xarici kreditorlar qarşısında valyuta ilə böyük öhdəlikləri, borcları var.
Onların da qaytarılmasında ciddi problem yaşanacaq.
/’Strateq.az/