BolgeXeber.Com » Xəbərlər » Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”

Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”

8-02-2016, 11:49
Oxunub: 2 201 Vahid Əhmədov: “Mərkəzi Bank dollarla kredit məsələsini həll etməlidir”“Çox təəssüf ki, bəzi bankları bağlayırlar, bu, qəbuledilməz haldır...”

Ölkədə bank sistemində vəziyyətin günü-gündən ağırlaşması Mərkəzi Bankı bu istiqamət üzrə qabaqlayıcı tədbirlər görməyə məcbur etdi. Baş bank isə problemi bankları ləğv etməklə çözmək yolunu seçdi. Nəticə olaraq, ölkədə 11 bank ləğv edilmə prosesindədir.

Məsələ ilə bağlı “Yeni Müsavat”a danışan Milli Məclisin İqtisadi Siyasət Komitəsinin üzvü, deputat Vahid Əhmədov bildirdi ki, bankların birləşdirilməsi məsələsi uzun zaman gündəmdə olub: “Biz Milli Məclisdə dəfələrlə bildirmişik ki, 9.5 milyon əhali üçün 43 bankın olması doğru deyil. Bu baxımdan bankların bağlanması deyil, birləşdirilməsi və təmərküzləşmə prosesi getməlidir. Cənab prezident də hökumətin son müşavirələrində bu məsələyə toxunaraq bildirdi ki, bank sistemində islahatlar getməlidir. Ümumiyyətlə, bank sistemində islahatlar çoxdan aparılmalı idi. Çox təəssüf ki, biz bu məsələdə bir qədər gecikdik. Əsas məqsədimiz ondan ibarət idi ki, bank sistemində kredit faizləri aşağı salınsın. Çünki faizlər çox yüksəkdir. İnsanlar bu kreditləri alır, sonra isə qaytara bilmirlər. Vaxtı keçmiş kreditlərin isə məbləği 1.5 milyard manata gəlib çıxıb. Bunun da yeganə çıxış yolu kimi qərara gəldik ki, banklar birləşdirilməlidir. Mərkəzi Bankın rəhbərliyi ilə müəyyən danışıqlarımız olub”.

Ekspert bankların bağlanması ilə əlaqədar heç bir rəy irəli sürmədiklərini dedi: “Biz bankların bağlanılmasının tərəfdarı deyilik. Çünki banklar bağlanan zaman çox ciddi problemlər yaranır. Bu baxımdan bir daha qeyd edirəm ki, biz birləşmənin tərəfdarı olub bildirmişik ki, gəlin ölkədə təxminən 20-yə yaxın bank saxlayaq”.

V. Əhmədova görə, hazırda bu proses gedir: “Ancaq çox təəssüf ki, bəzi bankları bağlayırlar. Bu qəbuledilməz haldır. Doğrudur, elə banklar var ki, heç nizamnamə kapitalı 50 milyon da deyil. O cümlədən orada müştərilərin də sayı çox azdır ki, belə bankları da birləşdirmək lazımdır. Yəni islahatın aparılmasının əsas məqsədi, iri kapitalı yığmaq, həmin bankların dövriyyə vəsaiti, nizamnamə kapitalı, kredit portfelinin yüksək olmasına çalışmaq olmalıdır. Belə olarsa, banklar insanlara kreditləri də aşağı faizlə verə bilərlər. İkincisi də Azərbaycan 2015-ci ildə iki dəfə devalvasiyaya gedib. Bu faktor da bank sisteminə ciddi təsir göstərib. Yəni bank sisteminin özünün də bu gün köməyə ehtiyacı var”.

V. Əhmədov dollarla olan kreditlər məsələsinə də toxundu: “Ümumi razılıq belə olmuşdu ki, 10 min dollara qədər olan kreditlər köhnə məzənnə ilə (1 dollar = 1.05 AZN) verilsin. Buna heç kim də etiraz etmir. Mərkəzi Bankın rəhbərliyi bu məsələni həll etməlidir. Çünki burada əsas söhbət mənbədən gedir. Mərkəzi Bakın bu addımı atması üçün kifayət qədər ehtiyatı var. Burada təxminən 250-300 milyon manatdan söhbət gedir. Kreditlərin köhnə məzənnə ilə ödənilməsi barədə ümumi razılıq olsa da sonradan bunun nə üçün gecikdirilməsi barəsində məlumatımız yoxdur. Yəqin ki, bu məsələ üzərində müəyyən işlər aparılır”.