BolgeXeber.Com » Xəbərlər » "Atəşgah Sığorta" müştərilərini aldadır - ŞİKAYƏT VAR

"Atəşgah Sığorta" müştərilərini aldadır - ŞİKAYƏT VAR

9-03-2016, 09:44
Oxunub: 3 256 "Atəşgah Sığorta" müştərilərini aldadır - ŞİKAYƏT VAR"Bütün sübut olunmuş faktlara baxmayaraq, Sığorta Şirkətinə dəfələrlə müraciətimdən sonra bildirilmişdir ki, avtomobilə dəyən ziyan üçün yalnız 420 manat verə biləcəklər"

Azərbaycanda sığorta şirkətlərinin müştərilərini aldatması, müqavilə üzrə öhdəliyi yerinə yetirməkdən yayınmaları haqda çox yazılıb. Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan Məmmədəliyeva Esmira Səhrəd qızı da belə bir vəziyyətlə qarşılaşıb. O, təxminən 3 ayddır ki, “Atəşgah” Sığorta Şirkətindən qanuni sığortasını ala bilmir. Bununla bağlı Esmira Məmmədəliyevanın “AzPolitika”ya göndərdiyi şikayət məktubunda bildirilir:
“Nəzərinizə çatdırıram ki, Cəfərov İsmayıl Əkrəm oğlunun idarə etdiyi Mitsbishi L200 markalı 10 YY 588 dövlət qeydiyyat nişanlı avtomobil, idarəetməni itirməsi səbəbindən mənə məxsus 2013-cü il buraxılış olan Lexus RX 350 markalı, 90 ZZ 588 dövlət qeydiyyat nişanlı avtomobilə dəymişdir. Nəticədə mənə məxsus avtomobilin sol tərəf ön qapısı əzilmiş və avtomobilimə ciddi ziyan dəymişdir. “Lexus Bakı” MMC tərəfindən 05.12.2015-ci il tarixdə “Qüsur aktı” tərtib olunmuş və ilkin texniki baxış zamanı avtomobilin ehtiyyat hissələrinin dəyişdirilməsi zərurəti olduğu müəyyən edilmişir. Həmin akta əsasən, avtomobilimə dəymiş zərər 1764.10 AZN müəyyən edilmiş və avtomobilin təmiri müddətində əlavə ehtiyyat hissələrinin üzə çıxması ehtimalı ilə əlaqədar yekun məbləğin şərti olduğu göstərilmişdir.
Əlavə olaraq mən Toyota Bakı Mərkəzinə də avtomobilimə baxış keçirilməsi və dəymiş zərərin müəyyən edilməsi barədə müraciət etdim. Toyota Bakı Mərkəzi tərəfindən 28.12.2015-ci il tarixdə “Qüsur aktı” tərtib edildi. Həmin akta görə, avtomobilin ehtiyat hissələri zədələndiyi və təmirə yararlı olmadığı üçün yenisi ilə əvəz edilməsi zərurəti var. Dəymiş zərər isə 1600 AZN müəyyən edilmişdir.
“Lexus Bakı” MMC-nin və Toyota Bakı Mərkəzinin tərtib etdiyi “Qüsur aktlarını” “Atəşgah” Sığorta Şirkətinə ( Fərid m.) təqdim etdim və sığorta ödənişinin ödənilməsinin təmin edilməsini xahiş etdim. Lakin “Atəşgah” Sığorta Şirkətində təqdim etdiyim qüsur aktları ilə razılaşmayaraq, mənə sığorta ödənişini yalnız “ŞƏRQMOTORS” MMC-nin tərtib etdiyi “Qüsur aktı”na əsasən ödəyəcəklərini bildirdilər.
Bu səbəbdən də “ŞƏRQMOTORS” MMC-yə müraciət etmək məcburiyyətində qaldım. “ŞƏRQMOTORS” MMC-nin tərtib etdiyi 06.01.2016-cı il tarixli “Qüsur aktı”nı (həmin aktda dəymiş zərər 1470 AZN müəyyən edilmişdir) “Atəşgah” Sığorta Şirkətinə (Fərid m.) təqdim etdim.
Lakin bu dəfədə, o, razılaşmayaraq, artıq sığorta şirkətinin “ŞƏRQMOTORS” MMC ilə əməkdaşlıq etmədiyini, bu səbəbdən də həmin MMC-nin tərtib etdiyi “Qüsur aktı”nda müəyyən edilmiş zərərin ödənilməsinin mümkün olmadığını bildirdi və yeni “Qüsur aktı” tərtib edilməsi üçün “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasına müraciət etməyimi bildirdi. Bununla da “Atəşgah” Sığorta Şirkəti bir daha avtomobilimə dəymiş ziyanı ödəməməkdən ötrü müxtəlif bəhanələr gətirərək sığorta ödənişini ödəməkdən imtina etdi.
Təkrarən “Qüsur aktı” tərtib edilməsi üçün “İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasına müraciət etdim. Həmin agentlik tərəfindən 15.01.2016-cı il tarixdə “Qüsur aktı” tərtib edildi. Həmin “Qüsur aktı”na əsasən, ehtiyat hissələrinin dəyişdirilməsinin vacib olduğu və avtomobilimə dəymiş zərərin 1580 AZN müəyyən edilmişdir.
“İnter Kontinental” avtomobillərə texniki xidmət stansiyasının tərtib etdiyi “Qüsur aktı”nı təkrarən “Atəşgah” Sığorta Şirkətinə təqdim etsəm də, yenə də Sığorta Şirkəti sığorta ödənişini ödəməkdən imtina etdi.
Bütün bu sübut olunmuş faktlara baxmayaraq, Sığorta Şirkətinə dəfələrlə müraciətimdən sonra bildirilmişdir ki, avtomobilə dəyən ziyan üçün yalnız 420 manat verə biləcəklər. Halbuki, yuxarıda qeyd olunduğu kimi, texniki baxış zamanı 4 şirkət tərəfindən avtomobilin ehtiyat hissələrinin zədələndiyi və təmirə yararlı olmadığı müəyyən edilmişdir. “Lexus Bakı” MMC tərəfindən 05.12.2015-ci il tarixdə tərtib edilmiş “Qüsur aktı”nda isə dəymiş zərər1764.10 AZN müəyyən edilmişdir.
Mən mühasib vəzifəsində çalışıram və tez-tez işimlə əlaqədar maliyyə idarələrinə, banklara gedib-gəlirəm. Avtomobil olmadığından 02.12.2015-ci il tarixdən (yəni avtomobilimə dəymiş zərərlə əlaqədar ondan müvəqqəti olaraq istifadə etmirəm) işimlə əlaqədar taksidən istifadə etmək məcburiyyətində qalıram. Bununla da “Atəşgah” Sığorta Şirkəti ASC tərəfindən hüquqlarımın pozulması nəticəsində əlavə xərclər yaranmışıdır ki, nəticədə mənə 2000 manat miqdarında ziyan dəymişdir.
Hüququ pozulmuş şəxsin əmlakından məhrum olması və ya həmin əmlakın zədələndiyinə görə ondan səmərəli istifadə etmək imkanından məhrum olması nəticəsində məruz qaldığı ziyan da hüquqpozan tərəfindən ödənilməlidir.
Mən artıq “Atəşgah” Sığorta Şirkəti ASC-nin inzibati binasına gedib-gəlməkdən bezmişəm, amma onlar bezməyiblər və bu günə kimi heç bir ödəniş edilməmişdir.
Pozulmuş hüquqlarımın müdafiəsi üçün artıq məhkəməyə müraciət etmək məcburiyyətində qalmışam”.
Vətəndaş məhkəməyə müraciət etsə də, belə görünür ki, bu dəfə də məhkəmələrdəki süründürməçiliklə üzləşib. Çünki “Atəşgah” Sığorta Şirkəti qəsdən məhkəmələri uzatmaqla məşğuldur. Belə ki, Esmira Məmmədəliyeva “Atəşgah” Sığorta Şirkəti ilə bağlı əvvəlcə Nərimanov rayon məhkəməsinə müraciət edib. Çünki şirkət öz hüquqi ünvanını məhz Nərimanov rayonu ərazisində göstərib. Lakin işə baxılan zaman Nərimanov rayon məhkəməsi Sığorta Şirkətinin hüquqi ünvanının Bakı şəh, Səbail rayonu, Sabir küçəsi ev 3 olduğunu müəyyən edib və bu səbəbdən işə baxmamış geri qaytarıb. Bu zaman məlum olub ki, “Atəşgah” hüquqlarını pozduğu müştərilərini məhkəmə yollarında get-gələ salmaq və bu yolla bezdirmək üçün qəsdən bu üsuldan istifadə edir. Əvvəlcə hüququ ünvanı kimi Nərimanov rayonu ərazisində saxta bir ünvan göstərir, məhkəmə sona çatmağa yaxın isə məhkəməyə etiraz təqdim edir ki, hüquqi ünvanı Səbail rayonu ərazisində olduğundan, Nərimanov məhkəməsi bu iddiaya baxa bilməz.
Esmira Məmmədəliyeva da artıq Səbail rayon məhkəməsinə müraciət edib və işə orada baxılacaq. O, iddia ərizəsində “Atəşgah” Sığorta Şirkətindən 1764 (min yeddi yüz altmış dörd) manat sığorta ödənişinin, ödədiyi 30 manat dövlət rüsumunun və 2000 (iki min) manat zərərin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul etməyi xahiş edib.
Məhkəmənin hansı qərar verəcəyini isə yəqin yaxın vaxtlarda biləcəyik.
“Atəşgah” Sığorta Şirkətinin mövqeyini dərc etməyə hazırıq.
"Atəşgah Sığorta" müştərilərini aldadır - ŞİKAYƏT VAR
"Atəşgah Sığorta" müştərilərini aldadır - ŞİKAYƏT VAR
"Atəşgah Sığorta" müştərilərini aldadır - ŞİKAYƏT VAR