BolgeXeber.Com » Xəbərlər » Qusarda sürücülər etiraz aksiyası keçirdi

Qusarda sürücülər etiraz aksiyası keçirdi

29-03-2016, 15:51
Oxunub: 2 258 Qusarda sürücülər etiraz aksiyası keçirdiQusarda yerli sürücülərin iştirakı ilə şəhər avtovağzalında aksiya keçirilib

ANS PRESS-in məlumatına görə, aksiyaya qatılanlar arasında avtobus, mikroavtobus və taksi sürücüləri olub. Onların sözlərinə görə, etirazlarına səbəb Nəqliyyat Departamentinin əməkdaşlarının davranışıdır. Etirazçılar onlardan əsassız olaraq pul tələb edildiyini deyirlər.

Sürücülər deyir ki, departament qeyri-qanuni olaraq onlardan pul tələb edir, əvəzində isə onlara heç bir sənəd təqdim olunmur, pulun nə üçün alındığı izah edilmir. Bildirirlər ki, departamentə həmişə pul ödəyiblər, indi yeni qurum olması barədə onlarda məlumat yoxdur.

Sürücü İsgəndər Muradov deyir ki, gün ərzində qazandığı vəsait ilə departament əməkdaşlarının tələb etdiyi pulu ödəyə bilmir: "Yolları qazıb töküblər, orada gündə 8-10 manat pul qazana bilirik, departament də gəlib pul istəyir! O pulu haradan verək?"

Aksiyanın keçirildiyi əraziyə Qusar rayon İcra Hakimiyyətinin (İH) başçısının 1-ci müavini Şahid Fərəməzov da gəlib. O, sürücülərlə söhbət edərək mövqeyini açıqlayıb. Bildirib ki, sürücülər də, nəqliyyat xidməti də məsələni qanun çərçivəsində həll etməlidirlər. "Bizim də onların qarşısında qoyduğumuz məsələ ondan ibarət olub ki, yəni bu vətəndaş öz şəxsi nəqliyyat vasitəsində nəqliyyat xidməti göstərirsə, hansı vəsaitlər ödənilməlidi, hansı hesaba ödənməlidir. Konkret olaraq həmin hesabları bizə təqdim edə bilmədilər, dedilər ki, sonra gətirərik, gətirmədilər.

Qusar İH rəsmisi məsələnin qurumun nəzarətində olduğunu, problemin hər iki tərəfin iştirakı ilə həll ediləcəyini dedi.

Nəqliyyat departamentinə ünvanlanan ittihamlara Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı (DANX) Xidmətinin Quba regional şöbəsinin rəis əvəzi Ərəstun Məmmədsalahov münasibət bildirib.

O, sürücülərə bu barədə xəbərdarlıq etdiklərini, onlardan rüsumu prezidentin 15 fevral tarixli sərəncamına əsasən DANX rəisi Elnur Abdullayevin 15 mart tarixli əmri ilə təsdiq edilmiş qaydalara uyğun tələb edildiyini bildirib: "Əmr hamısı buradadı, sərəncam da buradadı, sürücülərə bu barədə deyilib, heç kim də artıq pul istəmir, istənilmir".