BolgeXeber.Com » Xəbərlər » Polis sürücünü saxladı, 500 manat istədi, 225 manat "yoxa çıxdı" - ŞİKAYƏT

Polis sürücünü saxladı, 500 manat istədi, 225 manat "yoxa çıxdı" - ŞİKAYƏT

5-04-2016, 13:57
Oxunub: 3 566 Polis sürücünü saxladı, 500 manat istədi, 225 manat "yoxa çıxdı" - ŞİKAYƏT"Heç bir qəza çertyoju çəkilmədən, tibbi analiz aparılmadan məni Qaragünə kəndindəki polis bölməsinə gətirdilər"

Müsavat Partiyası Şirvan şəhər təşkilatının gənclər özəyinin sədri Ramid Abdullayev Sabirabad rayonunda qanunsuzluqla üzləşib. Belə ki, Sabirabad Dövlət Yol Polisi Şöbəsinin (DYPŞ) rəisi və əməldaşları ona qarşı kobud davranmaqla yanaşı, avtomobilini də heç bir əsas olmadan həbs ediblər. Maşında olan 225 manat isə "yoxa çıxıb". Bolgexeber.com xəbər verir ki, bu barədə Arqument.Az-a Ramid Abdullayev özü məlumat verib.

O bildirib ki, ötən gün saat 12:13 radələrində Sabirabad rayonu ərazisində heç kəsin zərər görmədiyi adi bir qəzaya görə yol polisi əməkdaşları avtomobilini həbs edib, özündən isə 500 manat rüşvət istəyiblər: "Sabirabad rayonu Qaratuğay kəndində idarəetməni itirərək yolun kənarına düşdüm. Heç bir maşına və şəxsə zərər dəymədi. Maşını yola çıxarandan sonra yol polisləri gəldilər. Heç bir qəza çertyoju çəkilmədən, tibbi analiz aparılmadan məni Qaragünə kəndindəki polis bölməsinə gətirdilər. Hadisə yerindəki polislər məndən 200 manat istədilər ki, sərbəst buraxsınlar. Yol polisinin inspektoru Cəlal adlı kapitan mənə heç bir akt və protokol da təqdim etmədi".

Müsavatçı gənc bildirir ki, Sabirabad Dövlət Yol Polisi Şöbəsinin rəisi ondan 500 manat pul tələb edib: "Sonra isə məni Sabirabad rayon Polis Şöbəsinə çağırdılar. Orada isə məndən 500 manat istədilər. Pulu istəyən isə Sabirabad Dövlət Yol Polis Şöbəsinin rəisi Əhməd Ağayev idi. Onun gətirdiyi arqument isə mənim sürücülük vəsiqəmin "BC" olmasıdır ki, guya texniki pasportda mənə icazə mikromarşrut sürməyə verilir. Halbuki texniki psportda tipi vaqon göstərilir ki, mənim də onu sürməyə icazəm var. Əhməd Ağayev vaqon tipli maşınların "BC" sürücülük kateqoriyası ilə sürüldüyünü hələ də bilmir. Ona qanunu pozduğuna görə şikayət edəcəyimizi deyəndə, "gedin hara deyirsiniz, deyin, mən heç kimi hərləmirəm" cavabını aldıq".

R.Abdullayevin sözlərinə görə, polis şöbəsinə aparıldıqdan sonra avtomobilində olan 225 manat pulu da yoxa çıxıb: "Hələ bundan sonra məni ayıq olmağımla bağlı kağız almaq üçün həkimin evinə göndərdilər. Gedib kağızı həkimin evindən almışam. O da buna görə məndən pul istədi. Maşını isə buraxmadılar. Tələb etdikləri məbləği vermədiyim üçün maşını həbsdə saxladılar. Maşında isə 225 manat pulum qalmışdı. Həmin pul maşın aparıldıqdan sonra götürülüb. Mən pulumu tələb edəndə, mənə "sübut elə ki, biz götürmüşük" cavabını verdilər".

Məsələ ilə bağlı dəfələrlə Sabirabad Dövlət Yol Polis Şöbəsinin rəisi Əhməd Ağayevlə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı. Mövzu ilə bağlı qarşə tərəfin də mövqeyini dərc etməyə hazırıq.