BolgeXeber.Com » Xəbərlər » Səlim Müslümov bu idarəyə hələ də münasib kadr tapa bilməyib... - İDDİA

Səlim Müslümov bu idarəyə hələ də münasib kadr tapa bilməyib... - İDDİA

11-04-2016, 15:37
Oxunub: 4 041 Səlim Müslümov bu idarəyə hələ də münasib kadr tapa bilməyib... - İDDİAYusif Xəlilovun özünəməxsus iş üsulları onun rəhbərlik etdiyi mərkəzdə yaşanan problemləri də digər ƏSMM-lərdə yaranmış vəziyyətlərdən kəskin fərqləndirir

Artıq neçə müddətdir ki, redaksiyamıza Yasamal rayonu Əhalinin Sosial Müdafiə Mərkəzinin yarıtmaz fəaliyyəti, mərkəzin direktoru Yusif Xəlilovun öz işində yol verdiyi ciddi qanun pozuntularından bəhs edən məlumatlar daxil olmaqdadır. Bu xüsusda bizimdovr.az-a təqdim edilən açıqlamalarda vurğulanır ki, Yasamal ƏSMM-nin rəhbərliyi tərəfindən tətbiq olunan üsullar nəticəsində bu gün rayonun aztəminatlı vətəndaşları olduqca sıxıntılı duruma düşüblər. Məlumatlarda xüsusi olaraq vurğulanır ki, plastik kartların tətbiq olunduğu vaxtdan yaranmış bir mənimsəmə üsulunun, yəni kartların ilk altı ay müddətində qanuni sahiblərindən saxlanılması təcrübəsinin bu gün də Yasamal ƏSMM-də geniş tətbiq edilir. Bu şərtlərlə razılaşmayıb dövlət tərəfindən ayrılan yardımı tam həcmdə almaq hüququ uğrunda mübarizə aparanlar isə, o qədər süründürməçiliklə üzləşirlər ki, bir çoxları nəhayətdə yardımdan imtina etmək barədə qərar verməli olurlar. Etiraf etmək lazımdır ki, bu gün istər paytaxt Bakıda, istərsə də rayon və bölgələrimizdə fəaliyyət göstərən bir çox ƏSMM-lər vətəndaşların sosial durumlarının yaxşılaşmasına yardımçı olmaq funksiyalarını heç də həmişə layiqincə yerinə yetirmirlər. Yəni əslində, bu gün Yasamal ƏSMM-nin timsalında nəzər saldığımız problem, hazırda ölkə miqyasında təcili həllini gözləyir. Məhz elə bu səbəbdən də son zamanlar bu sahədə islahatlar getdikcə sürətləndirilir.

Bununla belə, Yusif Xəlilovun özünəməxsus iş üsulları onun rəhbərlik etdiyi mərkəzdə yaşanan problemləri də digər ƏSMM-lərdə yaranmış vəziyyətlərdən kəskin fərqləndirir. Bu isə ilk növbərə Yasamal ƏSMM rəhbərinin şəxsi aqressivliyi ilə bağlı olan bir məqamdır. Xatırlayırsınızsa, ötən saylarımızda dərc olunmuş tənqidi yazılardan birində Binəqədi rayonunda fəaliyyət göstərən 151 saylı körpələr evi-uşaq bağçasının fəaliyyəində müşahidə olunan ciddi qanun pozuntularından, bağça müdirəsi Venera Xəlilovanın yol verdiyi özbaşınalıqlardan bəhs olunmuşdu. Həmin yazıda belə bir məqam da qeyd olunmuşdu ki, Venera Xəlilovanın həyat yoldaşı, Yasamal rayon Sosial Müdafiə Mərkəzinin direktoru Yusif Xəlilov sözü gedən bağçanın fəaliyyəti barədə tənqidi material dərc etmiş mətbu orqanlarından birini təhdid etmişdir. Bu barədə KİV-də dərc olunmuş materiallardan birində belə açıqlama verilmişdi: “Həmin vaxt yazı sayta yerləşdiriləndən sonra özünü 151 saylı körpələr evi-uşaq bağçasının müdiri Venera Xəlilovanın həyat yoldaşı kimi təqdim edən Yusif adlı şəxs jurnalistləri hədələyərək, “bu yazını yazanı doğrayacam”-deyə bildirmişdi”. Bununla bağlı bizimdovr.az-a daxil olan məlumatlarda vurğulanır ki, bu gün Yasamal ƏSMM-nin fəaliyyətinə dair öz şikayətlərini bildirmək istəyən vətəndaşlar da Yusif Xəlilovun eyni münasibətilə qarşılaşmalı olurlar.
Həmçinin məlumatlarda vurğulanır ki, direktor vəzifəsinə təyinat alandan dərhal sonra, Yusif Xəlilovun burada ilk işi mərkəzdə rüşvət bazarını genişləndirməkdən ibarət olub. Belə ki, yeni direktor daha çox rüşvət toplamaq üçün hətta mərkəzdə ünvanlı sosial yardıma aidiyyaatı olmayan digər şöbələrin işçilərini də vətəndaşlardan ünvanlı sosial yardım sənədlərini qəbul etmək və rüşvət toplamaq işinə cəlb edib.

Ümid edirik ki, ən qısa müddətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən təqdim olunan məlumatlar ətrafında müvafiq araşdırmalar aparılacaq və vətəndaşları narahat edən bütün bu məsələlərə tam aydınlıq gətiriləcək.

Qarşı tərəfin də məsələyə münasibətini öyrənməyə hazırıq.