BolgeXeber.Com » Xəbərlər » İcra başçısı “İtiniz mənə niyə hürdü?” deyib, istirahət mərkəzini sökdürdü-VİDEO

İcra başçısı “İtiniz mənə niyə hürdü?” deyib, istirahət mərkəzini sökdürdü-VİDEO

14-04-2016, 13:32
Oxunub: 4 012 İcra başçısı “İtiniz mənə niyə hürdü?” deyib, istirahət mərkəzini sökdürdü-VİDEO “Mənə it qədər də hörmət qoymursuz”

Bolgexeber.comxəbər verir ki, ötən yazıların birində Xızı rayon icra başçısı Xəzər Aslanovun həmin rayonun Baxışlı kənd sakini, sahibkar Şıxəliyev Pərviz Talıb oğluna qarşı apardığı amansız kampaniya barədə yazı dərc etmişdik

Sahikar Pərviz Şıxəliyev bu gün Avropa.info-nun redaksiyasına gələrək icra başçısının artıq söz verdiyi kimi, sahibkarın obyektini sökdürmək üzrə olduğunu deyib.

Məsələnin tamamilə aydın olması üçün insidentin səbəblərini bir neçə cümlə ilə oxucularımızın diqqətinə çatdıraq. Keçən yazımızda qeyd etmişdik ki, sahibkar Pərviz Şıxəliyev 2003-cü ildən Xızı rayonunun Baxışlı kəndi ərazisində yerləşən 0.6 sotluq torpağı dövlətdən rəsmi yolla alaraq orada istirahət mərkəzi açıb. Sözügedən istirahət mərkəzi tam qanuni fəaliyyət göstərərək kəndin bir neçə ailəsinin dolanışığını təmin edir. Yazıda qeyd olunurdu ki, ərazinin bütün sənədləri qanuna uyğun olaraq əldə olunub.

İstirahət mərkəzi açıldığı gündən 2012-ci ildə Xəzər Aslanovun rayona icra başçısı təyin edilməsinə qədər heç bir problemlə üzləşməyib, vergi və rüsumları vaxtlı-vaxtında ödənilib. Amma öz axarı ilə gedən bu işlər bir gün icra başçısının istirahət üçün həmin yerə gəlməsi ilə sona çatıb. Sahibkar deyir ki, icra başçısı Xəzər Aslanov istirahət mərkəzinə gəldikdə işçilərdən birinə ona yer göstərməsini istəyib. Obyekt işçiləri də ona istirahət zonasında yer göstərərək, başçını həmin yerə qədər müşayiət ediblər. İstirahət mərkəzinin ərazisində bağlı olan mühafizəçi it icra başçısına hürüb və bu da Xəzər Aslanovun xoşuna gəlməyib. “Mənə it qədər də hörmət qoymursuz”, deyən X. Aslanov bundan sonra “mən bu obyekti sökdürüm, sizə də baxın” deyərək ərazidən ayrılıb. Hadisələr də tam olaraq elə bundan sonra başlayıb.

Bu hadisədən sonra Xızı rayon icra hakimiyyətinin başçısı Pərviz Şıxəliyevə qarşı iddia qaldıraraq obyektin sökülməsini tələb edib və icra hakiminin təzyiqi ilə məhkəmə İcra Hakimiyyətinin leyhinə qərar qəbul edib.

Daha sonra sahibkar Apelyasiya Məhkəməsinə və Ali Məhkəməyə müraciət edib. Amma icra başçısı Xəzər Aslanov bu instansiyalara da bir yol taparaq qərarın öz leyhinə olmasına nail olub. Məsələnin ən qəribə tərəfi isə o olub ki, birinci instansiya məhkəməsini uduzan zaman Pərviz Şıxəliyevə mütləq bir vəkil tutması lazım olduğunu deyiblər. Vəkil axtaran sahibkarı isə Sumqayıtda fəaliyyət göndərən vəkil Polad Məhərrəmovun üzərinə yönəldiblər.

P. Şıxəliyevdən külli miqdarda pul alan vəkil onun hər vəchlə başqa yerlərə müraciət etməkdən çəkindirərək, onun Apelyasiya Məhkəməsində də uduzmasına səbəb olub. Daha sonra sahibkar mübarizəsindən vaz keçməyərək, Ali Məhkəməyə də müraciət edib. Onun sözlərinə görə, vəkil Polad Məhərrəmov onu hər şeyin qaydasında gedəcəyinə inandıraraq məhkəmə proseslərinə belə getməyinə ehtiyac olmadığını deyib. Amma nədənsə Ali Məhkəmədə də işlər qaydasında getməyib və məhkəmə sahibkarın obyektinin sökülməsinə qərar verib. Məsələnin sensasion tərəfi isə məhz bundan sonra üzə çıxıb və sahibkar Pərviz Şıxəliyev vəkili olan Polad Məhərrəmovun icra başçısı Xəzər Aslanovun qohumu olduğunu öyrənib.

P. Şıxəliyevi bu yollarla aldadıb tələyə salan icra başçısı bununla da kifayətlənməyib. O rayonda fəaliyyət göstərən bütün idarələrə sahibkara qarşı təzyiqlər edilməsi üçün göstəriş verib. Sahibkar P. Şıxəliyev dəfələrlə icra başçısının qəbuluna gedərək ondan bu məsələyə son qoymasını xahiş etsə də icra başçısının ona cavabı eyni olub: “Sənin obyektini sökdürəcəm”. Sahibkar qeyd edir ki, rayonda məsələyə biganə qalmayan məmurlardan biri də icra hakiminin birinci müavini Azər Əlizadədir. O dəfələrlə Pərviz Şıxəliyevin obyektinə gələrək icra başçısı məsələdən haçansa əl çəksə belə, özünün obyektin sökülməsi üçün səy göstərəcəyini deyib.

İcra hakiminin bu intriqasına qoşulan məmurlar təkcə birinci müavinlə məhdudlaşmır. İcra Hakimiyyətinin vətəndaşların qəbulu üzrə ümumi şöbənin müdiri Namiq Quliyev, torpaq və xəritəçəkmə idarəsinin müdir müavini Bahadır Məmmədov da bu kampaniyanı layiqincə yürüdən məmurlar siyahısındadır. Sahibkar Pərviz Şıxəliyev artıq icra hakiminin bu intriqasına son qoymasını, aidiyyatı qurumların bu məsələyə müdaxilə etməsini istəyir. Məsələni diqqətdə saxlayacağıq.

mənbə: http://gundeminfo.az/manset/14682-cra-bashchisi-tiniz-mene-niye-hurdu-deyib.html

Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com