BolgeXeber.Com » Xəbərlər » Evakuatordan aşan, sürüyə-sürüyə aparılan maşınlar...

Evakuatordan aşan, sürüyə-sürüyə aparılan maşınlar...

16-04-2016, 10:26
Oxunub: 2 803 Evakuatordan aşan, sürüyə-sürüyə aparılan maşınlar...Sürücülərin kabusu - cərimə meydançasına düşməmək üçün nə etməli və ya evakuatorun verdiyi ziyanı kim ödəyəcək?

Son illər Bakıdakı sürücülərin kabusu heç şübhəsiz ki, evakuatorlardır. Yəqin ki, bu günə qədər çoxlu sayda belə videolarla qarşılaşmısız - evakuator maşını aparır, sürücüsü arxasınca qaçır, taksi ilə evakatoru təqib edir, dayandırmasını istəyir və sair. Amma bütün hallarda qanunvericilikdə bütün bu məqamlar öz əksini tapıb. Hansı hallarda evakuator maşını apara bilər? Sürücü yaxınlaşdığı halda cəriməni ödəməklə proses yekunlaşa bilərmi?

Əslində isə maşınların evakuatorla cərimə meydançasına aparılması sürücülərin yol hərəkəti qaydalarının tələblərinin əksinə dayanma və durma qaydalarının pozulması halında baş verir. İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydalarının pozulduğu halda(əgər sürücü həmin nəqliyyat vasitəsinin yanında deyilsə), həmçinin bu Məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər. Maddənin tələblərinə nəzər saldıqda avtomobil yalnız onun sahibinin olmadığı halda evakuatorla “cərimə meydançası”na aparıla biləcəyi qeyd edilir.
İnzibati Xətalar Məcəlləsinin 158-1.1-ci maddəsinə əsasən dayanma və durma qaydalarını pozan sürücü 20 manat məbləğində cərimə edilir və həmin cərimə İnzibati Xətalar Məcəlləsinin 451-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindikdən və ya bu Məcəllənin 444-cü maddəsində nəzərdə tutulmuş möhlət verilmənin, təxirə salmanın müddəti bitdikdən otuz gündən gec olmayaraq inzibati xəta törətmiş şəxs tərəfindən bank, poçt, plastik kart, internet vasitəsi və ya yerində ödəyə bilər.

Evakuatordan aşan, sürüyə-sürüyə aparılan maşınlar...


“Yol Hərəkəti Haqqında” Qanunun 85-ci maddəsinin 10-cu bəndinə əsasən Nəqliyyat vasitəsinin sahibi inzibati pozuntuya görə müəyyən edilmiş cəriməni verdikdən və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına nəqliyyat vasitəsinin gətirilməsi və onun orada saxlanılması üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş məbləğdə haqq ödədikdən dərhal sonra, saxlanılmış nəqliyyat vasitəsi ona qaytarılır. Nəqliyyat vasitəsi qanunsuz saxlanılmışdırsa və ya lazımi qaydada saxlanılmaması nəticəsində ona maddi zərər vurulmuşdursa, nəqliyyat vasitəsinin sahibi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada məhkəməyə müraciət edə bilər. İnzibati Xətalar Məcəlləsinin 407.1.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsi dayanma və durma qaydalarının pozulduğuna görə, inzibati cərimənin müəyyən edilmiş müddətdə ödənilməməsinə görə tətbiq edilən nəqliyyat vasitəsinin saxlanılması barədə qərara əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına gətirilibsə, nəqliyyat vasitəsinin sahibi və ya inzibati xətanı törətmiş şəxs inzibati cəriməni (müvafiq olaraq hesablanmış dəbbə pulu daxil olmaqla) və nəqliyyat vasitəsinin duracağa gətirilməsi və onun orada saxlanılması üçün haqqı həmin yerdə ödəyə bilər. Bu halda sürücüyə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş nümunədə qəbz verilir və saxlanılmış nəqliyyat vasitəsi dərhal sahibinə qaytarılır. Sürücü inzibati cəriməni nəqliyyat vasitəsinin gətirildiyi yerdə ödəməkdən imtina etdikdə inzibati xəta haqqında iş üzrə icraat bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada həyata keçirilir.
Qeyd edilən qanunvericiliyə nəzər saldıqda vətəndaşların ən çox dayanma və durma qaydalarını (qanunvericiliklə müəyyən edilən digər hallarda) pozduqda sürücünün həmin nəqliyyat vasitəsinin yanında olmadığı halda evakuatorla cərimə meydançasına apara biləcəyini, 20 AZN cərimə oluna biləcəyini görmək mümükündür. Cərimənin ödənilməsi həmin cərimə meydançasında müəyyən edilmiş qaydada qarşılığında qəbz verilmək şərti ilə və ya qərarın qüvvəyə mindiyi tarixdən 30 gün ərzində ödənilə bilər. Nəqliyyat vasitəsini cərimə meydançasından götürmək, nəqliyyat vasitəsinin həmin yerə gətirilməsi və orada saxlanılması üçün müəyyən edilmiş haqq ödənilməlidir. Həmin haqq ödənildikdən sonra nəqliyyat vasitəsi sahibinə qaytarılır.

Evakuatordan aşan, sürüyə-sürüyə aparılan maşınlar...


Amma hüquqşünaslar deyir ki, dayanma və durma istisna olmaqla bütün hallarda, yəni yaranmış problemi 3 saat ərzində yerində aradan qaldırmaq mümkündürsə, nəqliyyat vasitəsi ümumiyyətlə mühafizə olunan duracağa qoyulmur. Məsələn, avtomobilin şüşələrinə plyonka çəkilibsə, eləcə də avtomobili idarə edən sürücü sürücülük vəsiqəsinin evdə unutduğunu deyərək, onun evdən gətirilməsini təmin edirsə.

İnzibati Xətalar Məcəlləsinin 407-ci və “Yol hərəkəti haqqında” qanunun 85-ci maddəsinə əsasən nəqliyyat vasitəsinin qanunvericiliklə müəyyən edilmiş dayanma və durma qaydaları pozulduğu halda, həmçinin bu məcəllənin 406.1-ci maddəsində göstərilən hallarda nəqliyyat vasitələri müvəqqəti olaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağında saxlanıla bilər.

Maddənin tələblərinə nəzər saldıqda isə məlum olur ki, avtomobil yalnız onun sahibinin olmadığı halda evakuatorla cərimə meydançasına aparıla bilər.

Bundan başqa “Yol hərəkəti haqqında” qanunun müvafiq maddələrinə əsasən əgər sürücü içkilidirsə, avtomobilin sahibi bəlli deyilsə, yaxud onu idarə edən şəxsin sürücülük vəsiqəsi ümumiyyətlə yoxdursa və avtoxuliqanlıq halı aşkar edilərsə, o zaman avtomobil cərimə meydançasına aparıla bilər. Buna baxmayaraq avtomobil aparıldıqda qanuni tələblərin yerinə yetirilməsinə diqqət edilməlidir.

Bu qanunu pozan şəxslərdən isə şikayət etməyə hər kəsin haqqı var.

Daha bir hal isə evakuasiya zamanı maşına dəyən ziyandır.

Bu günlərdə yayılan bir videoda görünürdü ki, evakuator minik maşınını sürüyə-sürüyə aparır.

Evakuatordan aşan və ya yerə qoyulan zaman hansısa hissəsi sıradan çıxan maşınların sahibləri şikayət üçün hara müraciət etməlidir? Bu məsələdə məsuliyyət payı kimin üzərindədir? Avtomobilə qadağan olunmuş yerdən yol polisi tərəfindən evakuatorla aparılması nəticəsində ziyan dəyibsə, sürücü mütləq məhkəməyə müraciət etməlidir. Hüquqşünaslar deyir ki, belə hallarla üzləşən insanlar məhkəmələrə müraciət edib dəymiş ziyanın ödənilməsini tələb etməlidilər.

Qanunvericilik isə sübut edir ki, evakuasiya (təxliyə) zamanı aşan, yaxud əzilən avtomobilə dəymiş ziyanı daşınmanı həyata keçirən şirkət, yaxud da sığorta şirkəti ödəyir. Bu prosesdə bütün məsuliyyət daşınmanı həyata keçirən qurumun üzərinə düşür.

Sevinc TELMANQIZI