BolgeXeber.Com » Xəbərlər » Nazir “batırıq” deyən supermarket rəhbərləri ilə görüşdü

Nazir “batırıq” deyən supermarket rəhbərləri ilə görüşdü

20-04-2016, 10:23
Oxunub: 2 671 Nazir “batırıq” deyən supermarket rəhbərləri ilə görüşdüBu vəziyyətdən çıxış yolu nədir?

Vüqar Bayramov: “Diferensial vergi sisteminin tətbiq edilməsi imkan verəcək ki, supermarketlər üçün daha aşağı vergilər tətbiq edilsin”; Vahid Əhmədov: “Gündəlik tələbat olan ərzaq məhsullarına tətbiq olunan vergi yüngülləşdirilməlidir”
Aprelin 18-də bəzi supermarketlərin (“Bizim market”, “FRESCO”, “Səbət”, “Makromart”, “Araz”, “Neptun”, “Bolmart”) sahibləri ölkədə istehsal edilən sosial əhəmiyyətli ilkin tələbat məhsulları, xüsusilə ət, balıq, süd, un məmulatları, yumurta, düyü, yağ, meyvə-tərəvəz və uşaq qidaları üzrə ƏDV-yə sıfır faiz dərəcəsinin tətbiq edilməsi xahişi ilə İqtisadiyyat Nazirliyinə məktub ünvanlayıblar.

Sahibkarlar iqtisadiyyat nazirinə ünvanladıqları müraciətlərində bildiriblər ki, 2015-ci ilin fevral ayının 21-də baş verən devalvasiyadan sonra qiymət artımı və işçi ixtisarına getmədiklərinə görə Azərbaycanın əsas supermarket şəbəkələrinin mənfəət marjaları minimuma enib. Lakin qiymətləri qaldırmadan şəbəkələrdə rentabelliyi və işçi sayını qoruyub saxlamaq mümkün deyil. Maddi sıxıntılar mağazaların bağlanmasına və işçilərin ixtisarına səbəb olub. Müraciətdə həmçinin sosial əhəmiyyətli gündəlik tələbat mallarının, xüsusən yerli istehsal olan kənd təsərrüfatı məhsullarının, habelə uşaq qidalarının istehsalı və bütün satış zəncirinə ƏDV tətbiqinin aradan qaldırılmasının məqsədəuyğunluğu qeyd olunur. Sahibkarlar xahiş edir ki, iqtisadiyyat naziri bu problemin həll edilməsi üçün qanunvericilikdə düzəliş təşəbbüsü ilə çıxış etsin. İqtisadiyyat Naziriliyinin mətbuat xidmətinin rəhbəri Abbas Əliyevin verdiyi məlumata görə, aprelin 19-da iqtisadiyyat naziri Şahin Mustafayev onlarla görüş keçirib.

“Nazir Şahin Mustafayev sahibkarları qəbul edib və onların problemlərini dinləyib. Hazırda sahibkarları narahat edən problemlər araşdırılır”, - deyə A.Əliyev bildirib.

Bu vəziyyətdən çıxış yolu nədir?

“Yeni Müsavat”a açıqlamasında məsələyə münasibət bildirən iqtisadçı ekspert Vüqar Bayramov vurğuladı ki, hökumət bu müraciətə çox ciddi yanaşmalıdır: “Çünki söhbət ölkənin aparıcı supermarketlərinin müraciətindən gedir. Xidmət sektorunda kifayət qədər böyük paya malik olan qurumların müraciəti hökumətdən tələb edir ki, bu məsələ diqqətlə araşdırılsın və supermarketlərin indiki vəziyyətdən çıxışı üçün addımların atılmasına ehtiyac var. İlk növbədə onu qeyd edək ki, birinci və ikinci devalvasiyadan sonra da supermarketlərdə qiymət artımları oldu. Bahalaşmanın olmadığını söyləmək də doğru deyil. Ancaq bu qiymət artımları heç də supermarketlərlə bağlı deyil. Bu, manatın devalvasiyası nəticəsində ölkəyə idxal olunan məhsulların qiymətinin manat ifadəsində artması ilə bağlı idi. Praktik olaraq, supermarketlər qiymət artımlarına məcbur oldular və devalvasiyadan daha az qiymət artımları müşahidə olundu. Bəzi məhsullarda isə daha çox artım oldu. Devalvasiyadan sonra alıcılıq qabiliyyəti aşağı düşdü. Ancaq supermarketlərin xərclərində dəyişikliklər olmadı. Nəticədə bir tərəfdən devalvasiya özünü qiymət artımlarında göstərdi. Digər tərəfdən, xərclər artdı. Bu da iri marketlərin fəaliyyətinə ciddi şəkildə təsir göstərdi. Artıq onların bir qismi müflisləşmə təhlükəsi ilə üz-üzə qalıb. Hökumətin bu istiqamətdə addımlar atmasına ehtiyac var”.

Ekspert təklif etdi ki, diferensial vergi sistemi təklif olunsun və gündəlik tələbat olan məhsullara qoyulan ƏDV azaldılsın: “Diferensial vergi sisteminin tətbiq edilməsi imkan verəcək ki, supermarketlər üçün daha aşağı vergilər tətbiq edilsin. Bu isə onların xərclərinin azalmasına gətirib çıxaracaq. Supermarketlərin olması olduqca vacibdir. Çünki xidmət sektorunda rəqabətin gücləndirilməsinə ehtiyac var. Əgər xidmət sektorunda rəqabət güclənməzsə, supermarketlərin boğulması nəticəsində rəqabət azalarsa, bu, qiymətlərin artmasına gətirib çıxaracaq. Bazarda qalmış iri marketlərin mövqeyinin güclənməsinə səbəb olacaq. Ona görə də hökumət diferensial vergi sistemi tətbiq etməlidir və supermarketlər üçün daha aşağı vergilər müəyyən etməlidir. Mən təklif edirəm ki, növbəti iki ildə supermarketlər üçün daha aşağı vergilər tətbiq olunsun. Güzəştli vergilərin tətbiqi supermarketlərin bağlanmasının qarşısını alacaq və rəqabət güclənəcək.

Xidmət sektorunda yaranmış problemlərin aradan qaldırılması üçün Azərbaycanda diferensial vergi sisteminin tətbiqinə, hər sektor üzrə fərqli vergi dərəcələrinin müəyyənləşdirilməsinə ehtiyac var".

Vüqar Bayramovun sözlərinə görə, vergi güzəştlərinin tətbiq edilməsi birbaşa vergi daxilolmalarının azalması anlamına gəlməməlidir: “Söhbət vergi dərəcələrinin optimallaşdırılmasından gedir. Vergi güzəştlərinin tətbiq edilməsi birbaşa vergi daxilolmalarının azalmasına səbəb olmayacaq. Əgər güzəştlər edilməzsə, nəticə ona gətirib çıxaracaq ki, iri marketlər fəaliyyətini dayandıracaqlar, ümumiyyətlə, vergi ödəməyəcəklər. Bu da vergi daxilolmalarının azalmasına səbəb olacaq. Vergi dərəcələrinin optimallaşdırılması isə marketlərin fəaliyyətinin davam etməsinə və alıcılığın artmasına səbəb olacaq ki, bu da vergi daxilolmalarına müsbət təsir göstərəcək”.


Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov da "Yeni Müsavat"a açıqlamasında problemdən çıxış yolu kimi hökuməti diferensial vergi sisteminin tətbiqinə çağırdı: “Mənim aldığım məlumata görə, hökumət bu məsələyə çox ciddi yanaşır və iqtisadiyyat naziri həmin sahibkarları qəbul edib. Mən və həmkarlarım dəfələrlə Milli Məclisdə təklif etmişik ki, diferensiallaşmış vergi sistemindən istifadə edilsin. Bütün məhsullara 18 faiz ƏDV tətbiq etmək, mənim fikrimcə, çox yüksəkdir. Elə məhsullar var ki, onlara daha yüksək vergi tətbiq etmək olar. Ancaq gündəlik tələbat olan ərzaq məhsullarına tətbiq olunan vergi yüngülləşdirilməlidir. Vergilər Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Maliyyə Nazirliyinin rəhbər şəxsləri birgə yığışıb bu məsələyə baxmalıdırlar. Çünki əlavə dəyər vergisi büdcəni formalaşdıran əsas vergi növlərindən biridir. Hər il əlavə dəyər vergisindən büdcəyə təxminən 2 milyard manatdan yuxarı vəsait daxil olur. Ancaq diferensiallaşmış vergi sistemi tətbiq olunsa, bu daxilolmalarda azalma baş verməyəcək. Çünki qiymət aşağı düşəcək və əhalinin alıcılıq qabiliyyəti artacaq. Bundan başqa, iri marketlərin bağlanması prosesi dayanacaq və bu da vergi ödəmələrinin artmasına səbəb olacaq.

Bu yaxınlarda Milli Məclisdə Hesablama Palatasının hesabatı veriləndə də, bu məsələyə toxunuldu ki, diferensiallaşmış vergi sisteminin tətbiq olunması üçün hökumətə müəyyən təkliflər verildi. Yəni məsələ gündəmdədir, lakin necə həll olunacağını deyə bilmərəm".