BolgeXeber.Com » Xəbərlər » «Neftçala Operatinq Company LTD» şirkətində görünməmiş qanunsuzluq - İDDİA

«Neftçala Operatinq Company LTD» şirkətində görünməmiş qanunsuzluq - İDDİA

20-04-2016, 16:48
Oxunub: 2 143 «Neftçala Operatinq Company LTD» şirkətində görünməmiş qanunsuzluq - İDDİA«Neftçala Operatinq Company LTD» şirkətinin bir qrup işçisi adı çəkilən şirkətdə baş verən qanunsuzluqlar barədə Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının rəhbəri Mirvari Qəhrəmanlıya müraciət edərək kömək istəyirlər

Surəti "Təzadlar" göndərilən müraciəti aidiyyəti qurumların tədbir görməsi üçün təqdim edirik:
Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının rəhbəri Mirvari Qəhrəmanlıya!
Hörmətli Mirvari xanım!
Azərbaycanın ağrılı-acılı günlərində ikinci dəfə siyasi hakimiyyətə gələrək xalqının xoşbəxt gələcəyi üçün ömrünün qalan hissəsini də fəda edən Ulu öndər, Ümummilli lıderimiz Heydər Əliyevin uzaqgörən iqtisadi kursunun əsas prioritet hissəsini neft-qaz sektorunun inkişafı və bundan əldə ediləcək gəlirlərin qeyri-neft sektoruna yatırılması təşkil edirdi. Məhz bu aspektdən yola çıxaraq Ulu öndər öz nüfuzundan istifadə edərək dünyanın bir çox dövlətlərinin respublikamızda neft-qaz sektoruna sərmayələr yatırılmasına nail oldu.
Amma əfsuslar olsun bizim işlədiymiz «Neftçala Operatinq Company LTD» şirkətinin rəhbərliyi öz işçilərinə yuxarıda qeyd olunanların tam əksinin tətbiqi ilə məşğuldur! Bir tikə çörəyinə görə qışın soyuğunda, yayın istisində ağır iş görən və bundan qətiyən şikayətlənməyən insanlara yuxarıdan aşağı baxan rəhbərlik əsassız yoxlamalar, izahatların alınması, töhmətlərin verilməsi və.s. bu kimi metod və vasitələrlə hər vəhclə çalışır ki, işçiləri ya bezdirib öz xahişi ilə işdən çıxartsın, yaxud da əmək məcəlləsinin müxtəlif maddələri ilə ümumiyyətlə işdən qovsun!

Hörmətli Mirvari Qəhrəmanlı!
Bizim işlədiymiz şirkətin bir başqa "özəlliyi" də odur ki, burada çalışan fəhlə və mühəndis-texniki personalın əmək haqları eyni işgörən «Qlobal»ın digər şirkət əməkdaşlarının əmək haqlarından azdır?! Eyni zamanda işçilərə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Nazirlər Kabinetinin 137 saylı qərarı ilə susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən uzaqda yerləşdiyi üçün işçilərin əmək haqllarına 20 faiz əlavə əmək haqqı ödənilirdi. 2011-ci ildən heç bir əsas olmadan işçilərə ödənilən 20 faiz əlavə əmək haqqı kəsildi. Bununla bağlı şirkət rəhbərliyinə olunan müraciətlərə baxmayaraq bu günə kimi bir müsbət cavab ala bilməmişik. Bütün bunlar azmış kimi indii də işçilərin ödənişsiz məzuniyyətə çıxarılması oyunu rəhbərlik tərəfindən ortaya atılıb?! Belə ki, işçilərdən tələb olunur ki, özləri gəlib ərizə ilə müraciət edərək, ödənişsiz məzuniyyətə çıxmaları üçün müraciət etsinlər. İmtina edənlərisə rəhbərliyin qəzəbinə tuş olub, potensial işsiz qalmaq təhlükəsi ilə üzləşir. Ən dəhşətlisi də odur ki, şirkətin rəhbərliyi öz hərəkətlərinə haqq qazandırmaq üçün bütün bunları dövlətin siyasəti olaraq qələmə verməyə çalışırlar.
Odur ki, sizdən xahiş edirik qeyd olunanları aradan qaldirmaq üçün bizə yardımçı olasınız.
Onu da deyək ki, susuzluq əmsalına görə əsas əmək haqqına əlavə ödəniş Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə əsasən “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 159-cu maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 avqust 2002-ci il tarixli 137 saylı “Əmək şəraiti ağır və zərərli olan işlərdə və iqlim şəraitinə görə işləmək üçün əlverişli olmayan iş yerlərində çalışan işçilərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımların (əmsalların) məbləğinin minimum miqdarının müəyyən edilməsi haqqında” Qərarının 3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının susuz torpaq ərazilərində daimi içməli su mənbəyindən 20 km-dən 40 km-dək uzaqda yerləşən müəssisə, idarə, təşkilatlarda və ya iş yerlərində çalışan işçilərin əmək haqqına artımın (əmsalın) minimum miqdarı 1,2, əksinə, 40 km və ondan çox olduqda isə artımın (əmsalın) minimum miqdarı 1,4 məbləğində müəyyən edilib.
Çox təəsüf ki, yuxarıda göstərilən şirkətdə və ümumiyyətlə, Azərbaycanda fəaliyyət göstərən digər müəssisələrdə bu normativ hüquqi aktların tələblərinə əməl olunmur, bu normativ hüquqi aktın mövcudluğuna belə şübhə ilə yanaşırlar, ölü qanuna çeviriblər, ancaq bu işçilərin hüququdur və əlavə ödəniş kimi işçilərə verilməlidir.
***
Məsələ ilə bağlı Neftçilərin Hüquqlarını MüdafiəTəşkilatının rəhbəri Mirvari Qəhrəmanlı ilə də əlaqə saxlayıb problemə münasibətini öyrəndik. M.Qəhrəmanlı «Təzadlar»ın sorğusuna cavab olaraq bildirdi ki, «Adı çəkilən şirkət qanunvericiliyin tələblərinə əməl edərək susuzluq əmsalını düzgün tətbiq etməlidir. Bunun üçün artıq tərəfimizdən müvafiq dövlət qurumlarına sorğu da göndərilib… Şirkətdə baş verən digər qanunsuzluq hallarına gəlincə, bu məsələ də tərəfimizdən araşdırılır və bundan sonra ARDNŞ rəhbərliyinə şikayətdə göstərilənlərin həlli üçün tədbir görülməsi xahişi ilə müraciət göndəriləcək… Bu barədə əlavə məlumat veriləcək…».