BolgeXeber.Com » Xəbərlər » Əli ətəyindən uzun idarə qızları - Geyim necə olmalıdır?

Əli ətəyindən uzun idarə qızları - Geyim necə olmalıdır?

25-04-2016, 16:18
Oxunub: 3 783 Əli ətəyindən uzun idarə qızları - Geyim necə olmalıdır?Azərbaycanda məhkəmələrə, nazirliklərə, ümumiyyətlə, dövlət idarələrinə ən azı bir dəfə yolu düşən hər kəs bilir ki, burada çoxu toy geyimi ilə işgüzar geyimi qarışdırır

Çox az adam tapmaq olar ki, işə ciddi və səliqəli geyimdə gəlsin. Bəzi hərbi və hərbiləşmiş struktura malik dövlət idarələrində xüsusi geyim - uniformanı çıxmaqla, əksər dövlət idarələrinə ciddi geyim - dress-kod anlayışı yaddır. Vergilər Nazirliyi, Gömrük Komitəsi, Daxili İşlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və bir neçə qurumun rütbələrə uyğun olaraq xüsusi geyim forması var. Digər qurumlar əslində, dress-koddan istifadə etdiklərini desələr də, bu məsələ hər bir işçinin şəxsiyyətinə, tərbiyəsinə və vicdanına qalır.
Məsələnin qanuni tərəfinə gəlincə, bizdə bu məsələ qanunla tənzimlənmir. Yəni dövlət idarələrinə mütləq dress-koddan istifadə etmək tələbi qoyulmayıb. Millət vəkilləri də bunun hüquqi baxımdan qeyri-mümkün olduğunu deyirlər.
Fazil Mustafanın sözlərinə görə, hərbiləşmiş strukturlarda konkret geyim formaları var və bu geyim formalarından istifadə edirlər. Amma bunu bütün qurumlara aid etmək olmaz: “Digər qurumlarda türklər “takım əlbisəsi” deyirlər – qalstuk, kostyum - geyim qaydası var. Amma hamıya eyni geyim formasını geyindirmək olmaz. Dress-kodu bütün idarələrə tətbiq eləmək doğru deyil. Məmurlar istənilən formada idarəyə gedə bilərlər. Bunun xüsusi bir formaya salınması insanların fəaliyyətlərinin müəyyən dərəcədə məhdudlaşdırılmasıdır”.
Millət vəkili hesab edir ki, bu, cəmiyyətin mədəni səviyyəsinin göstəricisidir. Məmur seçilmək üçün kostyumdan, qalstukdan istifadə edə bilər. Amma bu o demək deyil ki, hər kəsə tətbiq eləmək lazımdır.
F. Mustafa hesab edir ki, bu kommunizm prinsiplərinə uyğun gəlir və bizim azad cəmiyyət prinsiplərinə uyğun deyil:
“Nazirliklərdə, dövlət idarələrində mini, idman tərzində geyinmək düzgün deyil. Lakin bəzi məlumatlar gəlir ki, bir çox idarələrdə qadınları belə açıq geyinməyə məcbur edirlər. Müəssisə rəhbəri bəzən işçisini öz nökəri sayır və ondan belə geyim tələb edir ki, bütün qızlar mini geyinməlidirlər. Bu da çox vaxt narazılıqla qarşılansa da, bəzən insanlar çörək pulu qazanmaq üçün razılaşmalı olurlar”.
F. Mustafanın sözlərinə görə, qapalı geyinməyi hamıdan tələb eləmək doğru olmasa da, xidmət sferasında insanların açıq-saçıq geyinməsinə yol vermək olmaz.
“Başörtülü xanımlar da bəzən tədbirə buraxılmır. Bu da yanlış bir şeydir. Əgər qapalı geyim hansısa ölkənin ideoloji simgəsini ifadə eləmirsə, onu geyinmək olar. Bir çox məsələlər hüquqla tənzimlənmədiyinə görə, insanlar bundan sui-istifadə edirlər. Bəzən heç ailədə o cür geyimə məqbul baxmırlar, amma işdə məcbur mini geyinməli olur. Ya işini itirməli, ya da geyimini dəyişməlidir. Bu çox mürəkkəb məsələdir və insan haqlarına uyğun deyil”.