BolgeXeber.Com » Xəbərlər » Tədris Terapevtik Klinikasına qarşı ittihamlar... - Bazar açıblar

Tədris Terapevtik Klinikasına qarşı ittihamlar... - Bazar açıblar

5-05-2016, 16:58
Oxunub: 3 018 Tədris Terapevtik Klinikasına qarşı ittihamlar... - Bazar açıblarPrezidentin açılışını etdiyi Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında bazar tarifləri hökm sürür

24saat.org-un əməkdaşının verdiyi məlumata görə, dövlət başçının Ehtiyat Fondundan ayrılan vəsaitlə tikilən müasir klinikada direktor Surxay Musayevin öz qaydaları tətbiq olunur. Tibb ocağında həkimlərin qəbuluna düşmək Quantanamo həbsxanasından qaçmaqdan mürəkkəb prosesdir. Klinikada bir vətəndaş belə ödənişsiz həkimlə görüşə bilməz.
Tədris Terapevtik Klinikasının girişindəki qeydiyyat şöbəsinə yaxınlaşıb hansı həkimin yanına getdiyini söyləmək lazımdır. Bu zaman qəbulda çalışan klinika əməkdaşları həmin həkimin müayinəsinin qiymətini açıqlayır. Hər həkimin də öz qiyməti var. Klinikada nə şikayət etməyin, nə də Səhiyyə nazirliyinin “qaynar xətt”inə zəng etməyin mənası var.

Onsuz da klinika tələb olunan məbləği almadan həkimlə görüşə buraxmır. Hər iki tərəfdən girişdə mühafizəçilər yerləşdirilib və xəstələri qəbz təqdim etmədən yuxarı mərtəbələrə buraxmır. Mühafizəçinin biri direktorun kabineti ilə üzbəüzdə yerləşən liftin ağzında çəpər kimi saxlanıb, digəri isə əks istiqamətdə.
Beləcə, sözügedən klinikadakı gestapo qanunları nəticəsində heç bir vətəndaş pulsuz müayinə oluna bilmir. Tibb mərkəzinə müraciət edənlər arasında təaqüdçülər, yaşlı xəstələr, imkansız ailələr olur. Amma klinika rəhbərliyi heç kimə güzəşt etmədən öz tariflərini dəyişməz saxlayıb.

Hətta yaşlı bir təqaüdçü mühafizəçiyə etiraz edərək niyə həkimin qəbuluna 50 manat ödəməli olduğunu söyləyib. Mühafizəçi isə onun səlahiyyəti çərçivəsində olmayan bir məsələdir bildirib. Halbuki, təqaüdçü müayinədən sonra hər hansı xəstəliyi aşkarlanmaya da bilər və yaxud həkim ona çox bahalı olmayan dərmanlar yazar. Ancaq adi bir həkim baxışına 110 manat pensiya alan şəxs 50 manat ödəməyə məcbur edilir.
S.Musayevin yaratdığı bu sistemə baxmayaraq, klinikada hər gün canlanma müşahidə olunur. ATU-nun nəzdində olan bu tibb ocağına müraciət edənlər məcburiyyət qarşısında qəbula 20-50 manat civarında dəyişən məbləğlə ödəniş edir.
Hər halda, Səhiyyə Nazirliyinin dövlət tibb müəssisələrində pulsuz tibbi xidmət barədə fərmanı adıçəkilən klinika üçün keçərsizdir. Nazirliyin kiçik bir araşdırması kifayət edir ki, bu klinikada hansı qaydaların tətbiq olunduğunu müəyyən etsinlər.

Baş həkimə və ya direktora edilən şikayətə nə baxan var, nə bu məbləği kimlərin təyin etdiyinin hesabatını verən. Sanki bu klinika Azərbaycan vətəndaşına xidmət üçün yaradılmayıb. Hər gün yüzlərlə vətəndaşın bu tibb mərkəzində şikayətlərini eşitmək və mənzərəni görmək üçün bircə dəfə ora baş çəkmək yetərlidir. Bu vəziyyətlə bağlı redaksiyamıza da çoxsaylı şikayətlər daxil olub.
Hörmətli S.Musayevin deyilənlərə bağlı mövqeyini dərc etməyə hazırıq.