BolgeXeber.Com » Xəbərlər » Komitə sədrindən köçkün fermerlərə “təmənnasız yardım” - təfsilat

Komitə sədrindən köçkün fermerlərə “təmənnasız yardım” - təfsilat

9-05-2016, 14:28
Oxunub: 2 161 Komitə sədrindən köçkün fermerlərə “təmənnasız yardım” - təfsilatƏli Həsənov öz biznesini “qaçqınlara kömək” adı ilə necə pərdələyir?

Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov öz fermer təsərrüfatını pərdələmək, getdikcə böyüməkdə olan nəhəng biznesini ictimai diqqətdən kənarda saxlamaq üçün məcburi köçkünlərin adından istifadə edir. Bu barədə Politika.Az-ı bilgiləndirən özəl mənbənin sözlərinə görə, komitə sədrinin Sumqayıtdakı obyekti də bu məqsədə xidmət edir: “Sumqayıtda “Əşya bazarı”nın yanında iri və xırda buynuzlu mal-qara alqı-satqısı ilə məşğul olan nəhəng bazar mövcuddur. Sumqayıtın ən böyük mal-qara bazarı kimi tanınan bu bazarda gün ərzində yüzlərlə iri və xırdabuynuzlu heyvanın alqı-satqısı həyata keçirilir. Daha çox məcburi köçkünlərin çalışdığı bu obyektidə heyvan alqı-satqısı ilə yanaşı, ət və ağartı məhsullarının satışı da reallaşır. Şəhərin ən iri mal-qara bazarı ilə bağlı diqqət çəkən ən başlıca məqam isə bu bazarın Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov məxsus olmasıdır”.

Əli Həsənovun yaratdığı formal sahibkarlar ordusu

Politika.Az-a daxil olan məlumata görə, komitə sədri bazarın idarəçiliyini başqa şəxsə həvalə etsə də, faktiki sahibkarlıq hüququnu öz əlində saxlayır: “Komitə sədri yaxşı başa düşür ki, Sumqayıtın ən böyük mal-qara bazarı ilə bağlı öz adının hallanması ictimai müstəvidə onun haqqında müxtəlif söz-söhbətlərə səbəb olmaqla yanaşı, ali siyasi hakimiyyətin nəzərində də onun haqqında “problemli məmur” görüntüsü formalaşdıra bilər. Bu səbəbdən də komitə sədri, bir çox obyektləri kimi bu obyektin də idarə edilməsini, formal sahibkarlara həvalə edib. Odur ki, Ə.Həsənova məxsus olan əksər obyektlərin hüquqi sahibləri qismində komitə sədrinin yaxınları tərəfindən seçilən formal sahibkarlar çıxış edir ki, əslində onların yeganə fəaliyyəti yığılan pulları komitə sədrinə çatdırmaqdan ibarətdir”.

Bilgili qaynağın sözlərinə görə, komitə sədri Sumqayıtdakı bazarla hər hansı bağlılığa malik olduğunu gizlətməyə çalışsa da, şəhər sakinlərinin böyük əksəriyyəti bu obyektin Ə.Həsənova məxsusluğu haqqında məlumatlıdır: “Komitə sədri Sumqayıtdakı bazarla bağlılığını hər kəsdən gizlətməyə çalışsa da, buna nail ola bilməyib. Məlum bazarın şəhər sakinləri tərəfindən “Əli Həsənovun obyekti” adlandırılması gerçəyi də bu həqiqəti sübut edir”.

Qaçqın puluna yaradılan nəhəng imperiya

Mənbənin bildirdiyinə görə, Ə.Həsənov Sumqayıtdakı bazarın fəaliyyətini özünəməxsus bacarıq və ustalıqla qurub. Belə ki, komitə sədri mal-qara biznesindən daha çox xeyir götürmək məqsədi ilə bir sıra rayonlarda iri və xırdabuynuzlu mal-qaranaın yetişdirilməsi üçün şəxsi fermalar inşa etdirib: “Ə.Həsənovun Sumqayıtdakı bazarında satışa çıxarılan mal-qaranaın əksəriyyəti onun rayonlardakı fermalarından gətirilir. Belə ki, komitə sədri bir sıra rayonlarda şəxsi fermalara malikdir ki, bu fermalarda yetişdirilən mal-qara yalnız Sumqayıtda deyil, respublikanın bir çox iri şəhərlərində satışa çıxarılır. Istehsalın zəngirvari üsulunu formalaşdıran və bununla da məlum sahədə nəhəng imperiya yaradan komitə sədri öz mal-qara biznesini sürətlə genişləndirməkdədir. Komitə sədrinin rayonlarda örüş yerləri üstündə gedən amansız mübarizədə yaxından iştirakı da bu həqiqəti sübut edir. Proseslərin isabatladığı digər bir həqiqət isə Ə.Həsənovun bu imperiyanı qaçqın pulları hesabına yaratmasıdır. Hər halda, hər kəs etiraf edər ki, bu gün vəzifəsindən və təmsil etdiyi siyasi postdan asılı olmayaraq heç bir məmurun maaşı bu cür böyük imperiyanın formalaşdırılması üçün yetərli deyil. Bu baxımdan Ə.Həsənovun da məlum “möcüzəni” necə gerçəkləşdiyinin məxsusi şərhə ehtiyacı yoxdur”.

Əli Həsənov Sumqayıtdakı bazarında kimlər hansı şərtlərlə çalışır?

Komitə sədrinin Sumqayıtdakı mal-qara bazarında çalışanların əsasən Laçın rayonundan olan məcburi köçkünlər olduğunu bildirən mənbə, bazarda çalışan hər kəsin arendaya götürdüyü obyektin sahəsoindən asılı olaraq müxtəlif miqdarda icarə haqqı verdiyini bildirdi: “Əslində komitə sədri bu bazarın fəaliyyətini məcburi köçkünlərə dövlət dəstəyi kimi təqdim etsə də, bu dəstək yalnız komitə sədrinin özünün maddi firavanlığına hesablanıb. Bazarda çalışanlara gəlincə, onların hamısı müxtəlif sektorlara bölünərək icarəyə verilən obyektdə arendaya götürdükləri sahənin ölçüsünə uyğun olaraq aylıq haqq ödəyirlər. Əsasən Laçın rayonundan olan məcburi köçkünlərin çalışdığı obyektdə icarədarlar tərədindən yerinə yetirilməli olan digər öhdəliklər də var ki, bu öhdəliklərin hamısı qaçqınkom sədrinin maraqlarına hesablanıb”.