BolgeXeber.Com » Xəbərlər » "Bu apteklərdə qiymətlər adamı şoka salır"

"Bu apteklərdə qiymətlər adamı şoka salır"

11-05-2016, 17:14
Oxunub: 3 532 "Bu apteklərdə qiymətlər adamı şoka salır"F.İbrahimli hesab edir ki, bu özbaşınalığın qarşısı alınmalıdır: "Bu dərman satan və onu ölkəyə gətirən də qanun çərçivəsində hərəkət etməlidir"

Bakıda müəyyən apteklər var ki, onlar dərman preparatlarını olduqca baha qiymətə satır. İstər Türkiyənin Azərbaycanda açdığı "İstanbul", istərsə də "Avis" apteklər şəbəkəsində dərmanların qiyməti insanlarda şok yaradır.
Bolgexeber.com bildirir ki, bunu aznews.az-a açıqlamasında millət vəkili Fəzail İbrahimli xalq şairi Sabir Rüstəmxanlının "Alman keyfiyyəti", yoxsa soyğunçuluq" adlı yazısına münasibətində deyib. Onun sözlərinə görə, dərman bazarında özbaşınalıq baş alıb gedir: "Bu məsələyə, əslində, aidiyyəti qurumlar aydınlıq gətirməlidir. Apteklərə nəzarət və cavabdeh olan qurumlar var və onlar bu özbaşınalığı görür. Mən də Sabir Rüstəmxanlının səsinə səs verirəm. Elə dərmanlar var ki, məsələn, miqren xəstəliyinə qarşı olan dərman preparatları olduqca baha satılır. Bu dərman Türkiyədə 10 manatadır, amma Azərbaycanda onu dəfələrlə baha satırlar. Mən bununla bağlı bir dəfə "Avis"ə etiraz etdim. Bu kimin şirkətidir? Onun rəhbəri kimdir? Kim işlədir? Bu suallara aydınlıq gətirilməlidir".

Millət vəkili hazırda dövlət tərəfindən dərman qiymətlərinin tənzimlənməsi prosesi getdiyini vurğulayıb: "Dərmanlar siyahıya alınır. Məsəl var, "dərman bildiyin edir çax-çax baş ağrıdır". Belə dərman bahalığı ilə nə əldə edirik? 120 -150 manat təqaüd alan insanlar var. Ağrılar, xəstəliklər təqaüd yaşında başlayır. Bunlar necə etsin? Onların bir aylıq təqaüdünə bir təzyiq dərmanı satılır. Yaxşı bəs, nə etsin, necə yaşasın? Bu apteklərin sahibləri dövlətin, hökumətin gördüyü uğurlara kölgə salan namərdlərdir. Həmin apteklər fərdi adamlara xidmət edir".

F.İbrahimli hesab edir ki, bu özbaşınalığın qarşısı alınmalıdır: "Bu dərman satan və onu ölkəyə gətirən də qanun çərçivəsində hərəkət etməlidir".

Qeyd edək ki, xalq şairi, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı ölkədə "keyfiyyətli mal" adı altında bəzi işbazların talançılığı, eləcə da şadlıq saraylarındakı fantastik qiymətlərlə bağlı faktlara söykənən, öz başına gələn hadisələrdən yazıb. O bildirib ki, Bakıda Füzuli küçəsində bir Dərman evi- aptekdə Almaniyadan gətirilən tibb ləvazimatları və dərman preparatları Azərbaycanda 10, bəzən də 34 dəfə baha qiymətə satılır.