BolgeXeber.Com » Xəbərlər » “Dedi ki, səni SOCAR-da işə düzəldəcəm” - Məhkəmə

“Dedi ki, səni SOCAR-da işə düzəldəcəm” - Məhkəmə

21-05-2016, 16:02
Oxunub: 2 627 “Dedi ki, səni SOCAR-da işə düzəldəcəm” - MəhkəməDələduz məmur məhkəmə qarşısında

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Bahadur Eyvazovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Qafqazinfo”nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rasim Sadıxovun sədrliyi ilə ilkin baxış iclası keçirilib.

Dövlət ittihamçısı ittiham aktını elan edib. Bildirib ki, B.Eyvazov müxtəlif illərdə Salmanova Gülayə və Yeganə bacılarından, Azər Əsədovdan külli miqdarda pul alaraq dələduzluq yolu ilə mənimsəyib.

Bahadur Eyvazov ittihamları qəbul etmədiyini, özünü təqsirli bilmədiyini deyib: “Hamısı yalandır, böhtandır”.
Bundan sonra B.Eyvazova sərbəst ifadə vermək təklif olunub və o ittihamlara münasibıt bildirib.

Təqsirləndirilən şəxs deyib ki, zərərçəkən kimi tanınan hər üç şəxsdən işi böyütmək üçün pul alıb: “Mən Gülayə xanımı 20 ildən çoxdur tanıyıram. “Bakı Kimya Əczaçılıq” Zavodunda birgə işləmişik. Mən zavodun direktor müavini idim. Şəxsi olaraq tənzif istehsalı sexi açmışdım. 2003-cü ildə həmin sexə Gülayə xanımla qarşılıqlı vəsait qoyduq. Gülayə xanım 1550 ABŞ dolları verdi, bunun müqabilində 2006-cı ilə kimi hər ay ona 100 manat pul verdim. 2006-cı ildə işi böyütmək üçün Gülayə xanımdan 3500 manat aldım, bu dəfə isə növbəti 10 il ərzində hər ay ona 200 manat ödədim. İttihamda qeyd olunduğu kimi 2007-ci ildə Gülayə xanımı Dövlət Neft Şirkətində işə düzəltmək üçün pul almamışam. Pul almışam, 2200 manat, amma işi daha da böyütmək üçün. Bu pulu alandan sonra isə Gülayə xanıma aylıq verdiyim pulu 400 manat etdim. Həm də ittihamda qeyd olunub ki, 2011-ci ildə gürcüstanlılarla dərman biznesi qurmaq adı ilə 12 min manat almağım da yalandır. Həmin il təkrar öz sexim üçün 4 min pul almışam. O pulu xammala vermişəm, istehsal edib satandan sonra, yəni pulu alandan cəmi 3 ay sonra həmin 4 mini qaytarmışam. Bu illər ərzində nə mən ona pul verəndə qəbz vermişəm, nə də o mənə. Çünki bizim çox gözəl münasibətimiz var idi. 2010-cu ildə mən yol qəzasına düşdüm, qolum işləmədi. Daha sexin fəaliyyəti ilə də maraqlana bilmədim. Yavaş-yavaş iflas etdim. Gülayə xanım da bu illər ərzində qazandığından əlavə qoyduğu mayanı tələb edir”.

Bahadur Eyvazov Yeganə Salmanovadan da aptekə lisenziya verilməsi üçün, Azər Əsədovdan öz sexində menecer vəzifəsində işə qəbul üçün pul almasını qəbul etməyib: “Mən sadəcə Yeganə xanıma məsləhət vermişəm. Azər Əsədov isə mənim müştərim olub. Mütəmadi olaraq mənim seximdən mal alıb aparırdı. Bir gün gəlib dedi ki, daha işləmək istəmirəm. Gəl sənə pul verim, iş gör, mənə də aylıq pul verərsən. Biz razılaşdıq, uzun müddətli bir plan qurduq. Mənim qazancdan ona verəcəklərim bir neçə il ərzində 17 min manat olacaqdı. Mən də bu barədə qəbz yazıb imzaladıq. Mən ondan 22 min manat almamışam. Cəmi 3600 manat pul almışam, onun da 600 manatını bir neçə ay sonra qaytarmışam. İndi Azərə 3 min borcum var, imkanım olanda qayataracağam”.

Bundan sonra zərərçəkmiş Gülayə Salmanova ifadə verib. O deyib ki, Bahadur Eyvazovu çoxdan tanıyıb və inandığı üçün ona o qədər pul verib: “Tibb sahəsində dair iş qurmaq üçün 1550 dollar verdim. Sex açmışdı, işlədə bilmirdi. O deyir ki, aylıq 100 manat verib. O pulu mənə yox, başqalarından alıb ona verdiklərimi qaytarıb. Bahadur Eyvazov Nizami rayonunda bələdiyyənin müavini işləyirdi. Onda mənə dedi ki, Xıtainin icra başçısı tanışdı, gəl torpaq götürək, “moyka” açaq. Bunun üçün də bacım Vəsilədən 3500 manat alıb verdim, nə də torpaq gördüm, nə də pulu qaytardı. Sonra mən zavodda işdən çıxdım, Bahadura dedim ki, iş olsa işləyərəm. Bunun da bir qohumu Nizami rayon icra hakimiyyətində işləyirdi. Dedi onun vasitəsilə səni Dövlət Neft Şirkətində işə düzəldəcəyəm. Bu adla da məndən 2200 manat aldı. 2009-cu ildə gördük ki, bu bizi aldadır, pullarımızı tələb etdik. Gətirib sənəd göstərdi ki, 56 min kredit götürəcək, qaytaracaq. Bir müddət sonra zəng edib dedi ki, Gürcüstandan adamlar gəlib, biz burda tibbi məhsullar istehsal edəcəyik, onlar alıb aparacaq. Buna görə də bacım Yaqutdan 12 min manat alıb verdim. Ondan da heç nə qaytarmadı. Qolunun əzilməyini də yalan deyir, o, 2000-ci ildən əvvəl qəzaya düşüb”.

Bundan sonra Yeganə Salmanova ifadə verib. O deyib ki, Bahadur Eyvazovu tanımadan öncə aptek işlədirmiş: “Aptekin lisezniyasının vaxtı çıxmışdı, Gülayə məni Bahadurla tanış etdi, dedi ki, icra hakimiyyətində tanışı var. Bahadur məndən əvvəl 10 min aldı, 3 ay sonra təkrar 10 min istədi, onu da verdim. Amma lisenziyadan bir xəbər çıxmadı. “Avromed”in rəhbəri Vaqif müəllimin yanına getdim, lisenziyanı soruşdum. Dedi bizim mühasibatlığa pulu köçür, lisenziya verək. Onda bildim ki, Bahadur pulu köçürməyib, gəlib özündən soruşdum, dedi orada Cavanşirə vermişəm. Axırda özümüz başqa adamdan borc alıb 5 min pul köçürtdük, lisenziyanı aldıq”.

Digər zərərçəkən Azər Əsədov da ifadə verərək 22 min manatının ondan necə alınmasını açıqlayıb: “Mənim Əliyar adlı əsgərlik yoldaşım var idi. Mən təqaüdə çıxdım, ona da dedim ki, işləmək istəyirəm.Əliyar məni Bahadurla tanış etdi. Gedib birlikdə onun sexinə baxdıq. Bahadur mənə sexində menecer vəzifəsi təklif etdi, 800 manat maaş alacaqdım, satışdan da 20 faiz mənə qalacaqdı. Bunun müqabilində Bahadur məndən 30 min tələb etdi, dedim o qədər pulum yoxdu. Telefonu qulağına qoyub kiminləsə danışırmış kimi etdi, sonra dedi 25 minə razıdılar. Mən də fikirləşəcəyimi dedim, sonra 17 min manat düzəldib verdim. Bu barədə ondan öz imzasıyla qəbz də aldım. Sonra başqa bir adamdan 5 min manat borc alıb verdim. Bir müddət keçəndən sonra dedi ki, 3 mini verməmisən, alınmır. Dedim ki, yoxumdu. Razılaşdıq ki, işləyəcəyəm və maaşımdan 3 min tutulacaq. Bir neçə ay keçdi, nə mənı iş verdi, nə də pul. Sonra da yoxa çıxdı, 1 qəpik də qaytarmadı”.

Məhkəmə prosesi mayın 24-də davam etdiriləcək.