BolgeXeber.Com » Xəbərlər » “Rabitəinşaat”da tender maxinasiyaları - İTTİHAM VAR

“Rabitəinşaat”da tender maxinasiyaları - İTTİHAM VAR

25-05-2016, 12:09
Oxunub: 9 118 “Rabitəinşaat”da tender maxinasiyaları - İTTİHAM VARSifarişçilər bilirlər ki, smetanın süni şişirdilməsi, alınan mal-materillara “qənaət edilməsi”, “ölü canlar”ın qetdiyyata salınması kimi məqamlarda Yelmar İsgəndərov ümumi dil tapmaq çox asandır

Son vaxtlar bizimdovr.az-a daxil olan məlumatlarda “Rabitəinşaat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətində müşahidə olunan bir çox neqativ hallardan bəhs edilir. Məlumat üçün bildirək ki, “Rabitəinşaat” ASC 2004-cü ildə “Azərrabitəinşaat” ATSC-nin bazasında yaradılmışdır. Həmin ildən də indiyə qədər ASC-nin sədri vəzifəsində Yelmar İsgəndərov çalışır. “Rabitəinşaat” ASC əsas etibarilə mülki və yaşayış binaları, o cümlədən inzibatı binalar, mehmanxana, ümumtəhsil məktəbləri, uşaq bağçaları, texniki peşə məktəbləri, ticarət, ictimai və mədəni maarif mərkəzləri, səhiyyə obyektləri və sairə üzrə ixtisaslaşmış tikinti təşkilatıdır. Bu illər ərzində ASC respublikamızın demək olar ki, bütün regionlarında ATS və Poçt binalarının tikintisini, şəhərdaxili və magistral rabitə xətlərinin çəkilməsini həyata keçirmişdir.

Etiraf edək ki, redaksiyamıza daxil olan məlumatlarda “Rabitəinşaat” ASC-nin indiyədək inşa etdiyi bunaların və gördüyü digər işlərin keyfiyyətinə qarşı irəli sürülən iradlar elə çox deyil. Bununla belə, bir çox mənbələr ASC-nin sədri Yelmar Məmmədova qarşı müxtəlif maliyyə maxinasiyaları və tender saxtalaşdırılmaları ilə bağlı ciddi ittihamlar irəli sürürlər. Daxil olan məlumatlardan birində deyilir: “Əgər müvafiq mənbələrə müraciət etsəniz, bu zaman görərsiniz ki, xüsusilə rayon və bölgələrimizdə inşaat işləri ilə bağlı bir çox sifarişçilər məhz “Rabitəinşaat” ASC ilə işləməyə üstünlük verirlər. Belə ki, Şəmkir rayonunda 126 ailəlik qəsəbədə bərpa və yenidənqurma işləri; Təhsil Nazirliyinin sifarişləri əsasında 30-dan çox məktəb binasının tikintisi və təmiri, o cümlədən, Xaçmaz şəhərində akademik Zərifə xanım Əliyeva adına 1176 şagird yerlik 8 nömrəli orta məktəb binası; Dövlət Neft Şirkətinin sifarişləri əsasında Balakən şəhərində 235 çarpayılıq Mərkəzi Xəstəxana binası; Balakən rayonunun İtitala kəndində 480 şagird yerlik orta məktəb binası; kənd mədəniyyət evi; Ağcabədi, Zaqatala və Balakən şəhərlərində 4 mərtəbəli 36 mənzilli yaşayış binaları; Qax və Goranboy rayonlarında 16 mənzilli 2 mərtəbəli yaşayış binaları; Ağstafa rayonunda 16 mənzilli 4 mərtəbəli yaşayış evi, eləcə də əhalinin məşğulluq mərkəzləri binalarının tikintisi; Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sifarişləri əsasında respublikanın rayon və şəhərlərində qaçqınlar və məcburi köçkünlər üçün salınan qəsəbələrin və yaşayış binalarının tikintisi və bir çox digər işlər də məhz “Rabitəinşaat” ASC tərəfindən həyata keçirilmişdir. Amma sifarişçilərin ASC-yə müştəri olmaq üçün az qala növbəyə dayanmalarının əsas səbəbi, heç də bu şirkətin öz işlərini hansısa fantastik keyfiyyət standartlarına uyğun şəkildə həyata keçirməsilə bağlı deyil. ASC-nin rəhbərliyi özləri də bilirlər ki, bu gün Azərbaycanda onlardan daha üstün keyfiyyətli iş görən şirkətlər kifayət qədərdir. Amma bütün digər şirkətlər də bilirlər ki, məhz tender müsabiqələrində “Rabitəinşaat” ASC-nin əldə etdiyi “uğur və nailiyyətləri” təkrarlamaq elə də asan iş deyil. Elə müxtəlif rayonlarda bina inşa etdirmək istəyən sifarişçilər də, əslində məhz elə bu cəhətinə görə, öz seçimlərini “Rabitəinşaat” ASC-nin üzərində saxlayırlar. Məsələ bundadır ki, Yelmar İsgəndərov özünün şəxsi əlaqələri və bir çox başqa keyfiyyətləri ilə, son illər ərzində xüsusən 1-5 mərtəbəli binaların tikintisini demək olar ki, tamamilə inhisara ala bilib. Bu isə əlbəttə ki, ilk növbədə tender müsabiqələrində qalib gəlmək deməkdir. ASC sədrinin xüsusi keyfiyyətləri də məhz bu zaman kara gəlir. Sifarişçilər isə bilirlər ki, heç də bütün digər şirkətlərlə smetanın süni şişirdilməsi, alınan mal-materilların “qənaət edilmiş” hissəsinin öz aralarında bölüşdürülməsi, “ölü canlar”ın qetdiyyata salınması və bir çox başqa məqamlar barədə ümumi dil tapmaq belə asan olmur. Yelmar İsgəndərov isə, bütün bu maxinasiyaların mahir bilicisidir. Məsələn, hətta eyni bir rayonda 840 yerlik məktəb korpusunun tikintisini 2,5 milyon manata başa çatdırdığı halda, “Rabitəinşaat” ASC yenə də həmin rayonda cəmi 600 yerlik korpusun tikintisinə artıq 3,4 milyon vəsait sərf edə bilər. Təbii ki, sifarişçiləri də məhz bu kimi “fokus”lar xüsusilə maraqlandırır. Çünki, Yelmar Məmmədov ona “çörək verən” sifarişçilərin də maraqlarını heç zaman təmin olunmamış qoymur...”

Qeyd edək ki, redaksiyamıza daxil olmuş bu məlumatda konkret rəqəmlərə söykənən dəlillər kifayət qədərdir. Lakin biz qərara gəldik, həmin göstəriciləri ictimai müzakirəyə çıxarmazdan öncə, özümüz bu xüsusda kiçik bir araşdırma aparaq. Odur ki, növbəti saylarımızda daha maraqlı məlumatları sizlərə təqdim etmək imkanına malik olacağıq.

Qarşı tərəfin də mövqeiniöyrənə bilərik.