BolgeXeber.Com » Xəbərlər » “Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?

“Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?

27-05-2016, 10:17
Oxunub: 2 371 “Xəzər Dəniz Gəmiçiliyi”ndə nə baş verir?Sədr kadrlar idarəsinin rəisinə tapşırıq verir, o, isə icra etmir; prezidentə ilginc şikayət

Sumqayıt şəhər 41-ci məhəllə, ev 1a, mənzil 40-da yaşayan Həsənova Sərəngül Hüseyn qızı prezident Ilham Əliyevə müraciət edib. O, müraciətin bir surətini də 24saat.org-un redaksiyasına göndərib. Sərəngül Həsənova bildirir ki, oğlu Fariz Hüseynov 2000-2001-ci ildə bir illik matros kursunu başa vurub. Onun sözlərinə görə, oğlu “Xəzər Dəniz Gəmiçiliyi” Qapalı Səhmdar Cəmiyyətində işə qəbul olunmaq istəsə də, problemlə üzləşib. “Bizdən pul istədilər. Pulumuz olmadığına görə oğlum xarici şirkətlərdə işlədi. Lakin az sonra orada da ixtisar oldu. Hazırda oğlum işsizdir. Mənim təqaüdümlə güc-bəla ilə dolanırıq”.

Şikayətçi bildirir ki, məsələ ilə bağlı Xəzər Dəniz Gəmiçiliyi QSC-nin rəhbəri Rauf Vəliyevin qəbulunda olub: “Rauf Vəliyev şəxsən söz verdi ki, heç bir problem yoxdur, oğlun işlə təmin olunacaq. Hətta bununla bağlı kadrlar şöbəsinin müdiri Sevda Məmmədovaya tapşırıq da verdi. Hansı sənədələr lazımdırsa təqdim etdik. Hətta oğlum Məşğulluq Idarəsində qeydiyyata düşdü. Amma bütün bunlardan sonra Sevda Məmmədova Rauf Vəliyevin əmrini yerinə yetirmədi. Dəfələrlə zəng vurub bunun səbəbini soruşmaq istəmişik. Amma zənglərə cavab vermir. Bir dəfə də dedi ki, adamları işə sədr götürür, məni narahat etməyin.

Cənab prezident, Sevda Məmmədova “Xəzər Dəniz Gəmiçilik” Qapalı Səhmdar Cəmiyyətində səlahiyyətlərindən istifadə edərək istədiyi şəxsi istədiyi kompaniyaya, şirkətə yerləşdirir. Amma bizə çatanda deyir ki, bu işlərə sədr baxır.

Cənab prezident, 3 otaqlı evdə 6 nəfər yaşayırıq. Mənim təqaüdüm o qədər böyük məbləğ deyil. Belə insafsızlıq olmaz axı. Biz Sevda Məmmədovadan gəmi istəmirik ki. Ondan üzərinə düşən vəzifəni yerinə yetirməyi, sədrin tapşırığına əməl etməyi xahiş edirik. Sevda Məmmədova oğlumun işə düzəlməsinə mane olmasa, aclıqdan yaxa qurtara bilərik.

Cənab prezident, sizdən bir ağbirçək ana kimi xahiş edirəm ki, bu məsələyə diqqət edəsiniz”.azadlıq.info
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
Bolgexeber.com