BolgeXeber.Com » Xəbərlər » Azərbaycan jurnalistlərinin adı Ukraynada “qara siyahı”ya düşüb

Azərbaycan jurnalistlərinin adı Ukraynada “qara siyahı”ya düşüb

27-05-2016, 11:05
Oxunub: 1 910  Azərbaycan jurnalistlərinin adı Ukraynada “qara siyahı”ya düşübMais Məmmədov: “Biz əməkdaşımızı Luqanska göndərməmişik”; “APA Holdinq”: “Əməkdaşımız Luqansk və Donetskdə olmayıb”

Ukraynanın qalmaqallı “Mirotvorec” saytı ölkəyə girişi qadağan edilmiş 239 nəfər jurnalistin adını açıqlayıb. Siyahıda Azərbaycan KİV-də çalışan 11 nəfərin adı hallanıb. “Mirotvorec”in baş redaktoru Anton Geraşenko akkreditasiya almış jurnalistlərin siyahısını açıqlayıb.

O, Ukraynanın Daxili İşlər Naziri erməni əsilli Arsen Avakovun məsləhətçisidir. Açıqlanan siyahıda Azərbaycan, Avstriya, Yaponiya, Braziliya, İraq, Ermənistan və ərəb ölkələrindən olan ümumi 239 jurnalistin adı çəkilib.

Sayt iddia edir ki, azərbaycanlı jurnalistlər “Luqansk Xalq Respublikası”na getdikləri üçün “qara siyahı”ya düşüb.

Ukraynaya girişi qadağan edilmiş jurnalistlər:

1. Aqşin Kişiyev, ANS TV;
2. Anar Həsənov, “Lider” TV;
3. Musa İsmayılov, “İrs - Miras” jurnalı;
4. Elzar Ağayev, “Azad Azərbaycan” teleradio şirkəti;
5. Cahangir Məhərrəmov, “Respublika” qəzeti;
6. Cahangir Hüseynov, “Azərbaycan xəbərləri” qəzeti;
7. Şəhriyar İmambəyli, “Xəzər” TV;
8. Zakir Musayev, “AzTV”;
9. Fəridə Abdullayeva, “AzərTac”;
10. Fərid Əkbərov, “Azəri-Press” informasiya agentliyi;
11. Orxan Yolçuyev, “Trend”.

Adı siyahıda olan media qurumlarından birinin - APA-nın məsələ ilə bağlı rəsmi mövqeyi artıq yayılıb. “APA Holdinq” MMC bəyan edib ki, “Mirotvorets” saytının iddialarının heç bir əsası yoxdur. APA İnformasiya Agentliyinin Rusiyadakı müxbiri, Rusiya XİN-də akkreditə olunmuş jurnalist Fərid Əkbərov “Donetsk Xalq Respublikası” və “Luqansk Xalq Respublikası”nda qeydiyyatdan keçməyib, heç vaxt o ərazilərdə olmayıb: “Əslində, ”Mirotvorets" saytının yaydığı siyahı Rusiya XİN-də akkreditə olunmuş əcnəbi jurnalistlərin siyahısıdır. Bu siyahını Rusiya XİN-in saytından əldə etmək mümkündür (http://www.mid.ru/accredited ttp://www.mid.ru/accredited). Siyahıda əcnəbi jurnalistlərin əlaqə telefonları və qeydiyyatda olduğu ünvanlar da qeyd olunub. “APA Holdinq” MMC bəyan edir ki, APA İnformasiya Agentliyi heç bir separatçı fəaliyyəti dəstəkləmir və heç bir separatçı bölgədə fəaliyyət göstərmir.

Ümid edirik ki, “Mirotvorets” saytı və Ukraynanın aidiyyəti dövlət strukturları anlaşılmazlığın aradan qaldırılması üçün lazımı addımlar atacaq".

ANS prezidentinin köməkçisi Mais Məmmədov da bildirdi ki, əməkdaşları Aqşin Kişiyevin adının o siyahıya düşməsi yanlışlığın nəticəsidir. Müsahibimizin sözlərinə görə, A.Kişiyev ümumiyyətlə heç vaxt Luqanska getməyib: “O gedəndə bizə xəbər verməlidir. Biz onu göndərməmişik, özü də getməyib. Yanlış xəbərdir. Biz onu araşdıracağıq. Amma bununla belə bilirik ki, kim nə istəyirsə, onu da yazır”.

Müsahibimiz dedi ki, xəbəri yayan Ukraynadakı hansısa bir saytdır və bu səbəbdən həmin informasiyanın mənbəyini ciddi qəbul etmirlər: “Ukrayna hara, Azərbaycan hara? Qoy yazsınlar. Bu gün dünyada o qədər sayt çıxıb ki. Hər biri qeyri-dəqiq informasiyalarla doludur. Hər birini mötəbər mənbə kimi qəbul edə bilmərik ki. O siyahıda akkreditasiya olunan jurnalstlərin adları var. Bu isə həmin sayt tərəfindən başqa cür təqdim olunub. Bundan başqa, hesab edirəm ki, jurnalistlərin adlarının hansısa qara siyahıya daxil edilməsi, orada onların əlaqə nömrələrinin, ünvanlarının qeyd olunması yaxşı hal deyil. Jurnalistin işi getmək, yazmaq, informasiya yaymaqdır”