BolgeXeber.Com » Xəbərlər » İcra başçısının iqamətgahı - Və ya dağılmış yolların bir addımlığında

İcra başçısının iqamətgahı - Və ya dağılmış yolların bir addımlığında

28-05-2016, 16:20
Oxunub: 2 377 İcra başçısının iqamətgahı - Və ya dağılmış yolların bir addımlığındaAdil müəllim başçı keçəndən sonra köhnə binada oturmağı özünə yaraşdırmadı və burada əsaslı təmir işləri həyata keçirdi

Ölkəmizdə bəzi məmurların bahalı həyata, şan-şöhrətə həvəsi böyükdür. Məhz bunun nəticəsidir ki, bir sıra rayonların icra başçıları dəyəri on milyonlarla ölçülən imarətlərdə yaşayır, ən bahalı maşınlarda gəzirlər. Sanki onlar məmur yox, oliqarxdırlar. Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin oturduğu binanın, başqa sözlə desək iqamətgahın yanından keçəndə adamın ağzı açıq, gözləri bərələ qalır. Rayonun keçmiş rəhbərliyinin dövründə icra hakimiyyətinin inzibati binası bir o qədər də gözəgəlimli deyildi. Lakin Adil müəllim başçı keçəndən sonra köhnə binada oturmağı özünə yaraşdırmadı və burada əsaslı təmir işləri həyata keçirdi. Bir neçə ay davam edən təmir işlərindən sonra icra hakimiyyətinin inzibati binası xarici görkəmini tamamilə dəyişdi. Hazırda bu bina xarici kinolardakı qəsrləri, sarayları xatırladır. Bəstəboy Adil müəllim isə sanki bu sarayın şahıdır. Onun oturduğu binada, əyləşdiyi kresloda, vəzifəsində gözüm yoxdur. Sadəcə mənə maraqlı gələn Sabunçu Rayon İcra Hakimiyyətinin inzibati binasının bir neçə metrliyindəki yolların bərbad vəziyyətdə olmasıdır. Bina tərəfdən üzü «Neftçilər» metro stansiyasına gedən istiqamətdə yolun həm sağ, həm də sol tərəfi demək olar ki, istifadəyə yararsız vəziyyətdədir. Adam buradan maşınla, yaxud avtobusla keçərkən düşdüyü çətin situasiyada ilk növbədə rayonun icra hakimini «xatırlayır». Öz-özünə deyir ki, görəsən başçının bu yollardan xəbəri yoxdurmu?.. Yalnız Adil müəllim yada düşdükdən sonra yola davam etmək mümkün olur. Həmçinin Bakıxanov qəsəbəsindən üzü Qaraçuxura gedən yolun da vəziyyəti qənaətbəxş deyil. Ağır tonnajlı yük maşınları bu yollardan o qədər keçib ki, iri yama və qabarmalar meydana gəlib. Adil müəllim isə icra hakimi keçəndən indiyə kimi qeyd olunan yolların durumu ilə maraqlanmayıb. Axı nəyə görə maraqlanmalıdır. İcra başçısı bahalı maşınlarda hərəkət etdiyindən yolların bərbad vəziyyətdə olmasını o qədər də hiss etmir. Çünki ucuz maşınlardan fərqli olaraq hörmətli Vəliyevin «Audi» markalı bahalı xidməti maşınının amartizasiya sistemi çox yüksək səviyyədədir. Və bu maşın çala-çuxur yollarda hərəkət edərkən içəridə oturan icra başçısı heç bir narahatlıq hiss etmir. Halbuki, rayon rəhbərinin başlıca vəzifəsi Sabunçunun dağılmış yollarını təmir etdirmək idi. O isə yolları düzəltmək əvəzinə, Bakıxanov qəsəbəsinin mərkəzindəki binaların fasad hissəsini tezalışan penoplast materialı ilə üzlətdirdi. Binəqədi rayonunda baş vermiş məlum yanğın hadisəsindən sonra isə Sabunçudakı penoplastlı binaların fasadı söküldü. Əvəzində isə başqa material vuruldu. Bunun nəticəsində dövlət büdcəsinə ikiqat ziyan dəydi. Ən azından başçı vaxtında tezalışan penoplast materialın binaların fasad hissəsinə vurulmasının qarşısını almalı idi. Nə yazıq ki, Adil Vəliyevin başı deyəsən şəxsi biznesinə, yəni «Porshe Bakı Mərkəzi», «Audi Bakı Mərkəzi», «Chevrolet» kimi iri obyektlərinə qarışdığı üçün bu məsələdə lazımlı mövqe sərgiləyə bilmir. Hörmətli Adil müəllimə demək istəyirəm ki, imkan tapıb kabinetindən çıxsın və Sabunçu yollarının vəziyyəti ilə maraqlansın. Rayonun yolları həqiqətən də bərbad vəziyyətdədir. Belə işləmək olmaz, Adil müəllim!
gundelik-baku.com