BolgeXeber.Com » Xəbərlər » İcra başçılarına yeni səlahiyyət verildi - Kadrlarla bağlı qanuna dəyişiklik

İcra başçılarına yeni səlahiyyət verildi - Kadrlarla bağlı qanuna dəyişiklik

31-05-2016, 18:37
Oxunub: 2 278 İcra başçılarına yeni səlahiyyət verildi - Kadrlarla bağlı qanuna dəyişiklikAzərbaycanda dövlət qulluğuna qəbulla bağlı qaydalar və şərtlər dəyişdirilib

Layihə barədə parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib. Onun sözlərinə görə, "Dövlət qulluğu haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən, dövlət qulluğuna qəbulla bağlı aparılan müsabiqə test və müsahibə mrəhələsindən ibarət olacaq. Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğuna qəbul üçün ayda bir dəfədən az olmayaraq test imtahanları təşkil edəcək.

Test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirilmənin aparılması qaydasını müvafiq icra hakimiyyəti orqanı (Dövlət İmtahan Mərkəzi) müəyyən edəcək. Test imtahanında iştirak etmək üçün ödənişin məbləğini müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. Bundan başqa, dövlət orqanına təklif edilən namizəd müsbət təklif alarsa, stajçı əmək müqaviləsi bağlanılmaq yolu ilə 3 ay sınaq müddətinə dövlət qulluğuna qəbul ediləcək. (modern.az)

Sınaq müddəti ərzində əmək müqaviləsi pozulmayıbsa, həmin müddət qurtardıqdan sonra dövlət orqanının rəhbəri müqavilənin şərtlərinə uyğun olaraq, həmin şəxsin daimi dövlət qulluğuna qəbul edilməsi haqqında əmr verib onunla müvafiq əmək müqaviləsi bağlayacaq. Stajçı kimi qulluğa qəbul edilən şəxs həmin müddətdə yenidən müsabiqədən keçərək yeni vəzifəyə təyin edildikdə əvvəlki vəzifədə staj müddəti nəzərə alınacaq. Sınaq müddəti ilə dövlət qulluğuna qəbul edilən şəxs yenidən müsabiqədən keçdikdə, əvvəlki sınaq müddəti nəzərə alınmamaqla yenidən sınaq müddəti ilə vəzifəyə təyin ediləcək.

Layihədə daha bir neçə dəyişiklik nəzərdə tutulub. Belə ki, attestasiyalar ləğv olunacaq və dövlət qulluğunda fəaliyyətini davam etdirmək istəyən şəxslər sertifikat almalı olacaqlar. Yəni, həmin şəxs sertifikatın qüvvədə olma müddətinin son ilində növbəti sertifikat almaq üçün müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum tərəfindən keçirilən imtahanlarda iştirak etməli və yenidən sertifikat almalıdır. Eyni zamanda, sertifikat alaraq dövlət qulluğuna daimi xidmətə qəbul edilən şəxs sonradan iki dəfə sertifikat aldıqda, sonuncu sertifikat şəxsə ömürlük veriləcək . Həmin şəxs dövlət qulluqçusu kimi fəaliyyətini davam etdirməsi üçün hər hansı bir imtahana cəlb olunmayacaq.

Deputat Fazil Mustafa bildirib ki, test və müsahibədən keçənlər yenə də işə götürülmürlər. "Belə kadrları ehtiyata atırlar və işə müqavilə ilə başqa adamları ilə götürürlər. Bu yeni variant geniş yayılıb. İmtahandan keçmiş insanlar da illərlə gözləyir ki, orada vakant yer olacaq və işə qəbul olunacaq. Test imtahanından keçənlər də müvafiq qurumların subyektiv mülahizələrinə uyğun olaraq müsahibədən keçə bilmirlər. Onlara müxtəlif maneələr yaradılır. Bu qədər cəfalardan sonra kadrın işə götürülməməsi, sıxıntı içərisində saxlanmasının nə mənası var? İnsanları bu qədər çək-çevirə niyə salırıq. Qanuna dəyişiklik ediriksə, bu insanların işinin rahatlaşdırılması üçün addımlar atmalıyıq”.

Deputat Zahid Oruc da vurğulayıb ki, nazirliklər vakansiyalarını ortaya çıxarmır.

"Belə olan təqdirdə sanki o nazirliyin üstün hüququ var. Müsahibə mərhələsi ilə bağlı şikayətlər olunur ki, test mərhələsində yüksək bal toplayanlar müsahibədən keçə bilmirlər. Bu ciddi problemdir”.

Dəyişiklik səsə qoyularaq qəbul edilib.