BolgeXeber.Com » Xəbərlər » "Azenerji"nin ləğvi və ya özəlləşdirilməsi gözlənilir - Pirverdiyev rəsmən səlahiyyətsiz qalıb

"Azenerji"nin ləğvi və ya özəlləşdirilməsi gözlənilir - Pirverdiyev rəsmən səlahiyyətsiz qalıb

3-06-2016, 11:38
Oxunub: 2 352 "Azenerji"nin ləğvi və ya özəlləşdirilməsi gözlənilir - Pirverdiyev rəsmən səlahiyyətsiz qalıbEtibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun fəaliyyətinin yarıtmaz olduğu illərdir mətbuatda yazılır

“Azərenerji”nin ləğv olunması məsələsi yenidən gündəmə gəlib. Söhbət ölkə başçısının iyunun 1-də “Azərenerji”nin bəzi səlahiyyətlərinin “Azərişıq” ASC-yə verilməsi barədə sərəncamından gedir. Sərəncama görə qaçqın və məcburi köçkünlərin yaşadıqları yerlərdə sayğacların quraşdırılması və istifadə olunan kommunal xidmət haqlarının ödənilməsinin yalnız sayğaclar vasitəsilə həyata keçirilməsi istiqamətində tədbirlərin gücləndirilməsi işi “Azərnerji”dən alınaraq, “Azərişıq” ASC-yə verilib.

Etibar Pirverdiyevin rəhbərlik etdiyi qurumun fəaliyyətinin yarıtmaz olduğu illərdir mətbuatda yazılır. Ən son informasiyaya görə, “Azərenerji” ötən ili 870,530 mln. manat zərərlə başa vurub. Qurum həm xarici borclarının, həm də vergi borclarının ödənilməsi ilə bağlı da problemlər yaşayır.

Digər tərəfdən, Etibar Pirverdiyevin də adı “MTN” işində hallanır və hətta onun bir neçə ay öncə Beynəlxalq Bankla bağlı istintaqa çağırılaraq dindirilməsi haqqında da məlumatlar var. Struktur islahatlarının da gündəmdə olduğunu nəzərə alsaq, “Azərenerji”nin ləğvi və ya özəlləşdirilməsi gözlənilir.

“Azərenerji” ətrafında cərəyan edən hadisələrin pərdəarxasını dəyərləndirən iqtisadçı ekspert Natiq Cəfərli bildirdi ki, bu qurumun fəaliyyətində problemlərin olması hər kəsə bəllidir: ““Azərenerji”də çox böyük problemlərin olduğu illərdir müzakirə olunur. Həm dövlət büdcəsi qarşısında, həm beynəlxalq maliyyə qurumlarından aldığı borclarla bağlı problemlər hər zaman olub. “Azərenerji” büdcədən dotasiya alan ən böyük qurumlardan biridir.

Hər zaman idarəetmə ilə bağlı problemlər yaşayıb. Ancaq bizdə belə bir praktika mövcuddur ki, Azərbaycanda yaxşı işləməyən məmurları işdən çıxarmaq əvəzinə, işi məmurların əlindən çıxarırlar, yəni səlahiyyətlərini azaldırlar. Bundan əvvəl də “Azərenerji”nin səlahiyyətləri azaldılmışdı, bu qurumun regionlarda fəaliyyəti xeyli dərəcədə məhdudlaşdırılıb.

İndi də növbəti dəfə səlahiyyətlərin azaldılması prosesini görürük. Ancaq bunun səbəbləri haqqında doğru-dürüst rəsmi məlumat verilmir. Bu, çox vacib məsələdir. Söhbət idarəetmənin pis olmasından gedirsə, o zaman həmin idarəetmədə məsul olan şəxs niyə öz vəzifəsində qalır? O öz vəzifəsindən uzaqlaşmalı və yerinə başqası təyin olunmalıdır. Ancaq burada dediyim kimi, işi məmurdan uzaqlaşdırırlar, məmuru işdən yox".

Özəlləşdirmə məsələsinə gəlincə, ekspert qeyd etdi ki, bu ilin yanvar ayında bu barədə böyük bir trend var idi, lakin indi bir qədər səngiyib: “Söhbətlər gedirdi ki, özəlləşmə proqramı qəbul olunacaq. Əslində bu, doğru yanaşma idi. Çünki dövlət büdcəsindən maliyyələşən bir çox qurumların özəlləşməyə açıq olması həm büdcənin yükünü azaldacaq, həm də effektiv idarə olunmasına yardımçı olacaq. Enerji sahəsi isə strateji bir sahədir, oranın xarici investorların təkbaşına idarəetməsinə verilməsi o qədər də doğru yanaşma deyil. Burada strateji addımların atılmasında yarar var. Bizdə bu sahənin uzunmüddətli icarəyə verilməsi prosesi var. Necə ki, ”Barmek"ə 25 illik icarəyə verilmişdi. Sonradan problem yaşandı və Hüseyn Arabul ölkədən getdi. Bu təcrübə hələ də xarici investorları Azərbaycana gəlməkdən çəkindirən məqamlardan biridir".

“Azərenerji”nin funksiyalarının bütünlüklə “Azərişıq” ASC-yə verilməsi ehtimalına da toxunan N.Cəfərli bunun mümkün olduğunu bildirdi: “Görünən odur ki, hökumət kəskin addımlar atmaqdan çəkinir. Lakin vəziyyət o həddə çatıb ki, kəskin islahatlar üçün addımlar atılmalıdır. ”Azərenerji"də kifayət qədər insan çalışır, iş yerlərinin birdən-birə bağlanmaması üçün, sosial gərginliyin artmaması üçün mərhələli şəkildə “Azərenerji”nin səlahiyyətlərinin azaldılması prosesi gedir. Bu, optimal yol deyil. Məsələ birdəfəlik həll olunmalıdır. Bir sahədə iki qurumun olması ümumi işə də mənfi təsir göstərir. Onların arasında intriqaya da səbəb olur. Bir-birinin işinə mane olmağa çalışırlar ki, digərindən önə çıxsınlar. Səlahiyyətlərin azaldılması bu şəkildə davam etsə, “Azərenerji” ləğv olunacaq, onun bütün səlahiyyətləri “Azərişıq” ASC-yə keçəcək. Bunun üçün hazırda heç bir problem yoxdur. Səlahiyyətlərin bir qurumdan digərinə keçməsi formaldır, əsas olan idarəetmədə dəyişikliyin olmasıdır. Əgər “Azərişıq” da “Azərenerji”nin yolu ilə gedəcəksə, o zaman struktur islahatları keyfiyyət dəyişikliyinə səbəb olmayacaq".
Dia.az