BolgeXeber.Com » Xəbərlər » “A.M.A.Y. Abdulla” nın azadlığa çıxmasının detalları

“A.M.A.Y. Abdulla” nın azadlığa çıxmasının detalları

9-06-2016, 10:26
Oxunub: 3 109  “A.M.A.Y. Abdulla” nın azadlığa çıxmasının detallarıAbdulla Abdullayevlə razılaşmanın detalları

Ali Məhkəmədə dələduzluqda və mənimsəmədə təqsirləndirilən A.M.A.Y. ticarət mərkəzinin rəhbəri Abdulla Abdullayevin barəsində olan hökmdən verilən kasasiya şikayəti üzrə məhkəmə başa çatıb. Hakim İlham Cəfərovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, A.Abdullayevin cinayət işində Cinayət Məcəlləsinin 193-1.3.2-ci maddələri hissəsinə xitam verilib. Məcəllənin 70-ci maddəsi tətbiq edilib, o, 5 il sınaq müddəti olmaqla şərti azadlığa buraxılıb.

“Yeni Müsavat”ın 3 iyun tarixli sayında “A.M.A.Y. Abdulla” azadlığa çıxa bilər" sərlövhəli yazı dərc olunub. Həmin yazıda A.Abdullayevlə ittiham tərəfinin razılaşma əldə etməsindən söhbət açılırdı. Bildirilirdi ki, ilk belə razılaşma ibtidai istintaq dövründə əldə olunub və sonradan pozulub. Həmin razılaşmaya görə, A.Abdullayev ittiham aktında mənimsədiyi kimi göstərilən 3,5 milyon manatı büdcəyə ödəməli, bunun müqabilində barəsində seçilmiş həbs-qətimkan tədbiri dəyişdirilməli idi.

Qanunvericilik də buna imkan verirdi. Külli miqdarda mənimsəmə faktı üzrə cinayət işi başlanıbsa, mənimsənilən məbləğ tam ödənildikdə belə cinayət işinə xitam verilmir, sadəcə, həmin şəxs barəsində daha yüngül cəza tədbiri seçilir və məhkəmədə ziyanın ödənilməsi “yüngülləşdirici” hal kimi nəzərə alınır.

Qeyd edək ki, A.Abdullayev 2015-ci ilin aprel ayının 4-də həbs edilib. Baş Prokurorluğun rəsmi məlumatına görə, 2006-2008-ci illərdə “Birlikbank” ASC-nin Müşahidə Şurasının sədri işləmiş A.Abdullayev Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kənd təsərrüfatı, eləcə də digər sahələrin inkişafına yönəldilməsi nəzərdə tutulan ümumilikdə 3 milyon 397 min manat məbləğində vəsaiti faktiki rəhbəri olduğu A.M.A.Y. MMC-nin Xətai rayonu ərazisində yerləşən binasının təmir-tikinti işlərinə sərf edib.

O, Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1-ci (mənimsəmə və ya israf etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunub. Sentyabrın 7-də Bakı Ağır Cinayətlər Məhkəməsində A.Abdullayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan A.Abdullayev apelyasiya şikayəti verib. Dekabrın 11-də Bakı Apelyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı hökmü qüvvədə saxlayıb. Daha sonra A.Abdullayev kasasiya şikayəti verib və şərti olaraq azad edilib.