BolgeXeber.Com » Xəbərlər » Xəzər Aslanovun başı dərddə... - 5 milyonun güdazına gedə bilər

Xəzər Aslanovun başı dərddə... - 5 milyonun güdazına gedə bilər

11-06-2016, 11:22
Oxunub: 2 411 Xəzər Aslanovun başı dərddə... - 5 milyonun güdazına gedə bilərBu fırıldağın müəmmalı statistik uçotu da adamı lap dəhşətə gətirir

Məlum olduğu kimi, Xızı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər planı çərçivəsində son zamanlar müəyyən işlər görülür. 5 min nəfər əhalinin yaşadığı 11 yaşayış məntəqəsini birləşdirən Xızı-Altıağac avtomobil yolunun tikintisi artıq başa çatmaq üzrədir. Qeyd edək ki, Xızı yollarının təmiri və tikintisi üçün nəzərdə tutulan vəsaitin həcmi daha artıqdır. Əldə etdiyimiz məlumata görə, sözügedən tikinti işləri dövlət başçısının nəzarətindədir.

Bu isə o deməkdir ki, yaxın gələcəkdə Xızı rayonunun, ümumilikdə bölgənin ümumi mənzərəsini köklü şəkildə dəyişəcək inkişafın şahidi olacağıq. Gundelik-baku.com xəbər verir ki, bütün bu ilkin tədbirlər əlbəttə ki, rayon əhalisi tərəfindən böyük razılıqla qarşılanır. Lakin eyni zamanda ayrılacaq vəsaitin təyinatı üzrə istiqamətləndirilməsi məsələsində müəyyən narahatlıqlar da ifadə edilir. Çünki, icra hakimiyyətində təmsil olunan vəzifəli şəxsləri kurasiyasında ayrı-ayrı şirkətlərin olması faktları artıq rayonda çoxlarına bəlllidir. Bu barədə qəzetimizin ötən saylarında qısa da olsa məlumat vermişdik. Qeyd etmişdik ki, Xızı rayon icra aparatı rəhbər Xəzər Aslanovun yaxın çevrəsinə aid edilən "Rabitə-Təmir-Tikinti" ASC tərəfindən 442 şagird yerlik Giləzi qəsəbə tam orta məktəbində 3 milyon 375 min 472 manat, 322 şagird yerlik Şurabad tam orta məktəbində isə guya 2 milyon 261 min 064 manat dəyərində bərpa-gücləndirmə və əsaslı təmir işləri görülüb.

Bu fırıldağın müəmmalı statistik uçotu da adamı lap dəhşətə gətirir. Belə ki, "Rabitə-Təmir-Tikinti" ASC -nin rəqəmlərinə inansaq onda Giləzi qəsəbə tam orta məktəbində bir şagirdin boynuna yazılmış əsaslı təmir işlərinin həcmi 7636,8 manat, Şurabad tam orta məktəbində isə 7021,9 manat təşkil edir. Dünyanın heç bir ölkəsində analoqu olmayan şişirdilmə! Xızının bu 2 məktəbində əsaslı təmir və bərkitmə işləri adı ilə "Rabitə-Təmir-Tikinti" ASC-nin hesabına üst-üstə 5636536 manat vəsait keçirilib. Sonradan başçının nəzarəti altında nəğdləşdirildiyi deyilən həmin məbləğin dollarla ekvivalenti 7 milyondan artıqdır ki, bu da qeyd etdiyimiz kimi, 2013-cü ildə təhsil sahəsinə 260 milyon dollar vəsait xərcləməyi planlaşdırmış Ermənistanın büdcə xərclərinin təxminən 3 faizə qədərini təşkil edir. Belə ilginc müqayisəni parlamentin auditor palatası rəhbərliyinin qulağına pıçıldayan tapılıb, ya yox, bilmirik. Hər halda birmənalı şəkildə deyə bilərik ki, Giləzi və Şurabaddakı məktəblərdə görülən işlərin konkret məbləğini bu məktəblərin şagirdləri daha dəqiq hesablamaqda çətinlik çəkməz. Necə deyərlər, hər şey göz qabağındadır.

Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən dövlət vəsaitlərinin bu şəkildə "tənzimlənməsi" camaatın nəzərindən heç də yayınmayıb. Bu mənada ölkə başçısının ayırdığı yeni büdcə vəsaitini də eyni aqibətin gözləyəcəyini düşünənlər az deyil. Hər halda iki məktəbin təmirinə ayrılmış 5 milyon vəsaiti həzm edənlər üçün 3 milyon nədir ki? Sonda Xızı rayon sakinlərinə bir mesajımızı çatdırmaq istəyirik, qoy narahat olmasınlar. Xızı rayonunda son bir ildə rəvac verilmiş büdcə yeyintiləri barədə müvafiq orqanlar kifayər qədər məlumatlıdır. Rayon icra başçısının başağrısına çevrilmiş 5 milyonluq yeyintinin ciddi şəkildə araşdırılacağı gözlənilir. Qarşı tərəfin də münasibət bildirmək hüququ var.