BolgeXeber.Com » Xəbərlər » DəmirBank dələduzluğu qətllə bitə bilər: - xanım filial rəhbərinə şok xəbərdarlıq

DəmirBank dələduzluğu qətllə bitə bilər: - xanım filial rəhbərinə şok xəbərdarlıq

13-06-2016, 10:34
Oxunub: 3 645  DəmirBank dələduzluğu qətllə bitə bilər: - xanım filial rəhbərinə şok xəbərdarlıq DəmirBankla əmanət müqavilələrinin müddəti bitdikdən sonra pullarını geri götürmək istəyən əmanətçilər bank rəhbərliyinin şok açıqlaması ilə qarşılaşıblar

Belə ki, cumhuriyyet.az-a daxil olan məlumata görə bank rəhbərliyi özünü bilməməzliyə vuraraq hansı puldan söhbət getdiyini “nə pul, sizin heç burda pulunuz olmayıb” deyərək əmanətçilərə aid hər hansı pulun olduğunu inkar edir. Ortalığa maraqlı sual çıxır : Bəs necə olur ki, əmanətçilər müqavilə ilə banka həvalə etdikləri pulun əvəzində vaxtilə hər ay faizlər əldə edirdilər ? Bunu əks etdirən, əldə olan sənədlər bəs nədir? Bank rəhbərliyi isə cavabında bildirib ki, bu filial rəhbərinin özbaşına apardığı maliyyə əməlləridir və bundan bizim xəbərimiz yoxdur. Bax bu yerdə adamı dəli bir gülmək tutur ki, bank rəhbərliyi qarşısındakıları bu dərəcədəmi axmaq və savadsız hesab edir ?! Necə ola bilər ki, sizin rəhbərlik etdiyiniz filialda, əldə olan məlumata görə, milyonlarla manata qədər pul əməliyyatı aparılıb və sizin bundan xəbəriniz yoxdur.
Aldadılan əmanətçilər artıq öz etiraz səslərini ucaltmağa başlayıblar. Problemi ictimailəşdirən şikayətçilərin DəmirBank rəhbərliyinə ünvanladığı müraciətin bir surəti də cumhuriyyet.az-a daxil olub. Həmin məktubun birinci hissəsini olduğu kimi diqqətinizə çatdırırıq: “Heç olmasa belə sərsəm cavabı ortalığa atanda heç fikirləşmisiniz ki, ölkədə, həqiqətən bank biznesi ilə məşğul olanlar, bu sistemdəki qaydalardan xəbəri olanlar buna nə qiymət verəcək? Axı, onlar bu prosesə yalnız bir gözlə baxacaqlar : Bank biznesinə soxulmuş dələduzlar! Cənab “ DəmirBank “ rəhbərləri ( əgər sizə “ cənab “ demək olarsa) : “DəmirBank” müşahidə şurasının sədri Rəhman Hacıyev, onun kürəkəni, bankın idarə heyətinin sədri Fərid Abbasov, müxtəlif vaxtlarda “Bayıl” filialını yoxlayan, lazım gəldikdə müdiri əvəz edən, bu işlərlə əlaqəsi olan Oqtay Şirinov və uzun müddətdir ki, bu məsələləri araşdırdığını deyən baş direktor Oktay Əliyev, nəhayət , sizin xeyir-duanızla bu oyunu quran komandanın sadiq üzvü “Bayıl” filialının müdiri Fərəh Rəşadətli, bilin ki, siz hamınız bir komandasınız və bu “mədəni oğurluq” planını birlikdə həyata keçirmisiniz. Bu, uşağa da bəllidir. Əgər aldatdığınız əmanətçi bir nəfər olsa idi və sizin mülahizəniz ki, nə isə gözdən qaçırmışıq , bunu başa düşmək olardı. Bizim əldə etdiyimiz məlumata görə aldadılan əmanətçilərin sayı onlarladır. Və ümumilikdə, guya, yoxa çıxartdığınız ( mənimsədiyiniz ) pulların miqdarı milyonlarladır. Müxtəlif bəhanələrlə əmanətçiləri sakitləşdirməyə çalışmağınızı və vaxtı süni olaraq uzatmağınızı nə vaxta qədər davam etdirməyi fikirləşirsiniz?
Yeri gəlmişkən soruşmaq istərdik: Cənab Oqtay Şirinov deyilənlərə görə, siz filialda yoxlama işləri də aparmısınız. Maraqlıdır, siz nəyi yoxlamısınız? Ümumilikdə birləşib törətdiyiniz cinayətimi yoxlamısınız? Bu bankdaxili yoxlama oyunları aparmaqla siz kimləri məsələdən yayındırmaq istəyirsiniz?
İndi də ortalığa yeni bir versiya atmısınız ki, bu işləri törədən “Bayıl “ filialının rəhbəri Fərəh Rəşadətlidir. Cənab Oqtay Şirinov, əldə etdiyimiz dəqiq məlumatlara görə, əmanətçilərin pulunu mənimsəmək cəhdləri bu bankda birinci hal deyil. Təxminən yarım il bundan əvvəl 100 min manata qədər əmanətləri olan, bir neçə muştərilərinizə də bu ssenari ilə atmaq cəhdi olub. O vaxt siz həmin bu Fərəh xanımın işlərini yoxlamağa gəldiniz, onu işdən uzaqlaşdırdınız, əmanətçiləri sakitləşdirmək ucun tez əmanətlərini verib, sonra da məsələni ört-basdır etdiniz ki, guya heç bir şey olmayıb. Yaxşı,onu başa düşdük. Bəs Fərəh Rəşadətlini yenidən işə niyə qaytardınız? Yeni oyunlara başlamaq üçünmü?Necə deyərlər o dəfə alınmadı, bu dəfə alınar. Ümumiyyətlə, bizdə belə bir fikir yaranır ki, bunlar sizlərin ilk oyunlarınız olmaya da bilər. Maraqlıdır, DB rəhbərliyi sirr deyilsə, bu cür oyunlardan neçəsi uğurla nəticələnib? Hər halda, uğurlu olanları olmamış olmaz. Əks halda, siz növbəti oyunlara belə şirniklənməzdiniz.Özü də daha geniş miqyasda: milyonlarla. Amma, deyəsən bu dəfə bu oyun alınmayacaq. Necə deyərlər” Dadanmışdınız dolmaya, bir gün oda ….”
Səhv etmiriksə, siz yoxlama aparıb, filial müdirini guya işdən uzaqlaşdırıb, sonra yenidən bərpa edib, öz işinə qaytarmısınız. Bu oyunlarla kimləri çaşdırmaq istəyirsiniz? Yəni, siz qarşınızdakı əmanətçiləri bu qədərmi sizin hiylənizi başa düşməyən ağılsızlar kimi hesab edirsiniz?
Yeri gəlmişkən, günahlandırdığınız filial müdirinə də bir-iki məsləhətimiz var. Hadisələrin inkişafı göstərir ki, sən xanımcığazın bu dələduzlar kampaniyasında rolu bitməkdədir. Tarixdə belə oyunlar çox olub və nə ilə nəticələndiyi də hamımıza bəllidir. Özündən muğayat ol. Bu qrupun üzvü kimi sən də çox şey bilirsən və əgər onlar səni artıq, guya ki , gözdən pərdə asmaq üçün əsas günahkar şəxs kimi ortalığa atırlarsa, ( sözsüz ki, pərdəarxası səni darda qoymayacaqlarını bildirirlər ) bilməlisən ki, hadisələr başqa məcrada da inkişaf edə bilər. Məsələni ört-basdır etməkdən ötrü səni qurban da verə bilərlər. Buna görə də sənə məsləhətimiz odur ki, artıq praktikada belə hallardan sığortalanmaq üçün addımlar at. Məsləhətdi ki, bildiklərini bir diskə yazdırıb,bir neçə yaxın adamlarına (anana və yaxud sevimli Leyla xalana) verib xəbərdar elə ki, sənin başına bir iş gəlsə bunu internetdə yayımlasın. Güman edirik ki, bu addım sənə öz can sağlığını sığorta etdirməyə kömək edəcək. Çünki, sən də bunlar kimi, komandanın üzvü kimi müştərilərinizin əmanətə qoyduqları pulların taleyini yaxşı bilirsiniz”.
Ardı var…