BolgeXeber.Com » Xəbərlər » “Meliorasiya və Su Təsərrüfatı” ASC-də şübhəli daxili transferlər - İTTİHAM VAR

“Meliorasiya və Su Təsərrüfatı” ASC-də şübhəli daxili transferlər - İTTİHAM VAR

15-06-2016, 17:35
Oxunub: 3 693 “Meliorasiya və Su Təsərrüfatı” ASC-də şübhəli daxili transferlər - İTTİHAM VARMaraqlıdır ki, bu şirkətlər eyni bir adama, İlyas Səfərovun qardaşı Knyaz Səfərova məxsusdurlar

Artıq bir neçə müddətdir ki, bizimdovr.az-a daxil olan məlumatlarda “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin nəzdində fəaliyyət göstərən Şirvan Meşə-Meliorasiya İdarəsinin işində müşahidə edilən bir sıra qanun pozuntuları, neqativ hallar, ciddi nöqsanlar barədə açıqlamalar təqdim olunmaqdadır. Mənbələrin iddialarına görə, quruma rəhbərlik edən İlyas Səfərov öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, ona etibar edilmiş dövlət əmlakından təyinatı üzrə istifadə etmir, həmçinin külli miqdarda dövlət vəsaitinin məqsədyönlü şəkildə xərclənməsinə şərait yaratmır. Bu xüsusda aldığımız məlumatlardan birində deyilir: “Meşə meliorasiya idarələrinin bilavasitə vəzifələrindən ən əsası meliorasiya olunmuş suvarılan sahələrdən duzlu qrunt sularının kollektorlara axıdılmasını həyata keçirməkdir. “Meliorasiya və Su Təsərrüfatı” ASC-inin nəzdində üç belə idarə var. Yevlax rayonunda Şirvan, Bərdə rayonunda Qarabağ, Saatlı rayonunda isə Mil-Muğan meşə meliorasiya idarələri fəaliyyət göstərir. Lakin bu idarələrdən ən az biri, Şirvan Meşə-Meliorasiya İdarəsi öz funksiyalarını normal həyata keçirmək imkanlarından məhrum durumdadır. Səbəb isə budur ki, bu idarənin müdiri İlyas Səfərov dövlətin deyil, yalnız özünün maraqlarına xidmət edir. Belə ki, hazırda Şirvan Meşə-Meliorasiya İdarəsində dövlət vəsaitlərinin mənimsənilməsinə geniş yer verilir. İdarə müxtəlif işlərin görülməsi üçün özəl sektoru təmsil edən bir neçə kiçik müəssisə ilə müqavilələr bağlayır. Lakin heç bir maddi-texniki bazaya malik olmayan bu müəssisələr mahiyyət etibarı ilə heç bir iş də görmürlər. Onların hesabına köçürülən vəsaitlər is,ə müvafiq vergilər tutulduqdan sonra nağdlaşdırılır və yenidən Şirvan Meşə-Meliorasiya İdarəsinin özünə, daha dəqiq desək, müdirinə qaytarılır. Əgər bununla bağlı müvafiq araşdırma aparılsa, o zaman bəlli olacaq ki, indiyədək görülən işlərin əksəriyyəti məhz kosmetik xarakterli olub. Yəni səthi iş aparmaqla külli miqdarda vəsait mənimsənilib...” Bundan başqa, daxil olan məlumatlarda İlyas Səfərov həm də rəhbərlik etdiyi idarənin balansında olan müxtəlif texnikanın icarəyə verilməsi ilə külli-miqdarda gəlirlər əldə etməkdə ittiham olunur.

Qeyd etmək lazımdır ki, buna qədər İlyas Səfərov “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin tabeliyində fəaliyyət göstərən Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin müdiri vəzifəsində işləyib. Maraqlıdır ki, həmin vaxt da bu məmurun fəaliyyətindən müxtəlif instansiyalara təxminən eyni məzmunlu şikayət məktubları ünvanlanmaqda idi. O cümlədən bizimdovr.az-a daxil olan məlumatlarda da İlyas Səfərovun rəhbərlik etdiyi idarənin fəaliyyətində ciddi nöqsanların müşahidə edildiyi bildirilirdi. Qeyd olunurdu ki, idarənin yarıtmaz fəaliyyəti kanalın suvarma ərazisinə aid olan fermer təsərrüfatlarının işində ciddi problemlər yaradır. Həmçinin redaksiyamıza daxil olan məlumatlarda bildirilirdi ki, bir çox hallarda Yuxarı Qarabağ Kanalı İstismar İdarəsinin keçirdiyi tenderlərin qalibi “Monolit” MMC, “Nicat SK” MMC və “İlqar” MMC şirkətləri olurlar. Maraqlıdır ki, bu şirkətlər eyni bir adama, İlyas Səfərovun qardaşı Knyaz Səfərova məxsusdurlar. Daxil olna məlumata görə, İlyas Səfərov ayrılan dövlət vəsaitlərini kanalların, hidroqurğuların təmiri adı altında saxtalaşdırılan sənədlər əsasında bu şirkətlərin bank hesablarına köçürərək, həmin vəsaitlərin mənimsənilməsinə yol verirdi.

Göründüyü kimi, İlyas Səfərov yeni vəsifədə də, tətbiq etdiyi iş üsullarında elə bir dəyişikliyə yol verməyib. Onun bu maxinasiya və özbaşınalıqları isə, nəyə görəsə, hələ də “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbərliyi tərəfindən ciddiyə alınmır...

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.
Bolgexeber.com