BolgeXeber.Com » Xəbərlər » "Sosial müvavinət ala bilmirəm" - ŞƏMKİRDƏN ŞİKAYƏT VAR

"Sosial müvavinət ala bilmirəm" - ŞƏMKİRDƏN ŞİKAYƏT VAR

15-06-2016, 18:09
Oxunub: 3 028 "Sosial müvavinət ala bilmirəm" - ŞƏMKİRDƏN ŞİKAYƏT VAR“Həmin xanımın kartı itmişdi. Sonradan tapıldı. On ya səkkiz ay idi, deyə bilmərəm”.

“Həyat yoldaşım dörd ildir ki, həbsdədir. Özü də Moskvada. Öhdəmdə 2 azyaşlı uşaq var. Heç bir yerdə işləmirəm. Bir ilə yaxındır ki, Dövlət Sosial Müdafiə Fondunun Şəmkir Rayon Şöbəsinə müraciət etmişəm. Hələlik heç bir nəticə yoxdur. Haqqım olan sosial müvavinəti ala bilmirəm”.

Bunu hafta.az-a Şəmkir rayonunun Qasım İsmayılov kənd sakini Aynurə Mustafayeva deyib. İki uşaq anasının sözlərinə görə, prosedurun bu qədər yubanmasına səbəb də elə DSMF-nin Şəmkir Rayon Şöbəsidir:

"Sosial müvavinət ala bilmirəm"

“Mənə dedilər ki, get filan-filan sənədləri hazırla. Siyahı da buradadır. Hətta yoldaşımın həqiqətən də həbsdə olması ilə bağlı Moskvada yatdığı zindandan möhürlü, imzalı kağız da göndərildi. Onu da sənədlərin arasına qoydum. Getdim, kənd icra nümayəndəliyinə. İcra nümayəndəsi Aqşin Fərəcli məni göndərdi Gəncə ASAN Xidmət Mərkəzinə. ASAN Xidmət Mərkəzindən isə bildirdilər ki, artıq prosedurlar dəyişib. İndi yeni çıxan qərara görə, sosial müvavinət almaq istəyən vətəndaşlar elektron qaydada qeydiyyatdan keçirlər. Oradan da dedilər ki, gedin DSMF-nin Şəmkir Rayon Şöbəsinə. Çar-naçar qayıtdım. Bu qədər sənədləri toplamaq üçün 300 manata yaxın pulum çıxmışdı. Hələ “kənd soveti” sənədlərimi düzəltmək üçün 50 manat pul istədi. Dedim təki düzəlsin, çıxarıb verdim. Amma DSMF-də də bildirdilər ki, sənədlərin qaydasında deyil”.

"Sosial müvavinət ala bilmirəm"

Aynurə Mustafayeva deyir ki, sonra onu lazımsız yerə xərcə salan və sosial müvavinət almasını təmin edə bilməyən qurumlardan şikayət etmək üçün Şəmkir Rayon İcra Hakimiyyətinin Maliyyə Şöbəsinə üz tutub:

“Oradan da dedilər ki, sizə sosial müvavinətin düşüb-düşmədiyini bilmək üçün elektron qaydada qeydiyyatdan keçməlisiniz. Gəlib keçdik. Bir gün sonra 142 çağırı mərkəzi ilə əlaqə saxladıq. Bildirdilər ki, könüllü qaydada işləməkdən imtina etdiyiniz üçün sizə sosial müvavinət düşmür. Axı heç kim məni iş yeri ilə təmin etməmişdi. Üstəlik ötən il haqqım olan müvavinəti alırdım. Çox fikirləşdim ki, bu necə ola bilər. Yadıma düşdü ki, sənədləri düzəltdiyim vaxt DSMF-də mənə boş ağ vərəqə imza atdırıblar. Başqa heç nəyə qol çəkməmişəm. Kim iş yerindən imtina edər ki, özü də ilin-günün bu vaxtında. Hər gün səhər 6-dan axşam 9-a kimi iki azyaşlı balamı evdə qoyub kartof-soğan sahələrinin alağını təmizləməyə gedirəm. Övladlarıma baxmaq üçün. Günü səkkiz manata kişi işi görürəm. Kartof daşıyıram, belimdə. Axşamlar belimin, ayaqlarımın sızıltısından yata bilmirəm. Az pul deyil, hər uşağa və özümə görə 110 manatdan hesablayanda 330 manat edir. Nəyimizə bəs deyil? Amma indi məktəbli qızımın dərs vəsaitləri ilə bağlı cüzi xərclərini qarşılamaqda çətinlik çəkirəm”.

Müsahibim başına gələnləri daha yuxarı instansiyalara çatdıracağnı bildirir:

“Ölkə başçımız cənab İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya yazılı müraciət ünvanlayacağam. Onlar heç kəsi əliboş geri qaytarmayıb indiyə qədər. Amma məni incitsələr də istəmirəm ki, kimsə işindən-gücündən olsun. Məmur da olsa, onların körpələri, ailəsi var, bir elik, günük. Məni də başa düşün, birotaqlı uçuq evdə qalıram”.

"Sosial müvavinət ala bilmirəm"

Aynurə Mustafayeva ötənilki sosial müvavinətinin də on ay gecikdiyini deyir. Onun sözlərinə görə, ötən dəfə də Dövlət Sosial Müdafiə Fondunun Şəmkir şöbəsi gecikmədə əsas məsuliyyət sahibi olub:

“Dedilər kartın başqasına gedib. Gülünc bəhanə gətirirdilər. Dedim ki, Şəmkirdə neçə dənə Mustafayeva Aynurə Əli qızı var ki. Susdular. On aydan sonra icra başçısının köməkliyi ilə kartımı aldım, özü də qəpiyinə kimi. Yetimlərin haqqına girməklə nə qazanacaqdılar ki, bilmirəm. Bu qədər allahsızlıq olmaz. Uşağımın biri pnevmaniyadır. Müalicə etdirə bilmirəm. Sabah ona bir şey olsa kim cavab verəcək”.

Məsələ ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Şəmkir rayon şöbəsi ilə əlaqə saxladıq. Fonddan bildirdilər ki, Aynurə Mustafayeva doldurduğu anketdə işləməkdən rəsmi şəkildə imtina etdiyi üçün sosial müvavinət düşmür. Fond bir il öncə Aynurə Mustafayevanın adına olan müvavinət kartının on ay gecikdirilməsinə də münasibət bildirilib:

“Həmin xanımın kartı itmişdi. Sonradan tapıldı. On ya səkkiz ay idi, deyə bilmərəm”.

Ortada isə bir həqiqət var. Heç bir iş yeri və qazancı olmayan Aynurə Mustafayeva dövlətdən sosial müvavinət ala bilmir. Ötən dərs ilini əla qiymətlərlə başa vuran qızları - Aysun və Səyyarə isə gələcəkdə həkim və müəllimə olmaq istəyir..
"Sosial müvavinət ala bilmirəm" - ŞƏMKİRDƏN ŞİKAYƏT VAR
"Sosial müvavinət ala bilmirəm" - ŞƏMKİRDƏN ŞİKAYƏT VAR
"Sosial müvavinət ala bilmirəm" - ŞƏMKİRDƏN ŞİKAYƏT VAR