BolgeXeber.Com » Xəbərlər » Suraxanı MKTB rəisinin biznes imperiyası

Suraxanı MKTB rəisinin biznes imperiyası

16-06-2016, 10:45
Oxunub: 7 619 Suraxanı MKTB rəisinin biznes imperiyasıMəmmədov qardaşlarının biznes fəaliyyətlərinin əsasında daha çox məhz Mais Məmmədovun maliyyə vəsaitləri durur

Bir neçə müddət bundan əvvəl qəzetimizdə dərc etdiyimiz tənqidi materiallardan birində, mənzil-kommunal təsərrüfatlarının yarıtmaz fəaliyyətlərinə dair paytaxt sakinləri tərəfindən redaksiyamıza təqdim olunmuş şikayətlər və ciddi iradlar öz əksini tapmışdı. Həmin yazıda biz qeyd etmişdik ki, mürəkkəb idarəçilik strukturuna malik mənzil-kommunal təsərrüfatlarının tərkibinə yaşayış evləri və onların mühəndis avadanlıqları, ictimailəşdirilmiş bağ fondu, mənzil fonduna xidmət edən və mənzil fondunun idarəetmə sisteminin maddi-texniki bazası olan təmir-tikinti, istehsal, təchizat və digər kommunal təşkilatları daxildir. Həmçinin mənzil fondunun mənsubiyyətindən asılı olmayaraq, texniki və sanitar vəziyyətinə ümumi nəzarət şəhər və rayon icra hakimiyyətlərinin mənzil-kommunal birliklərinin nəzdində yerləşən mənzil-kommunal istismar sahələrinə həvalə olunmuşdur. Lakin son illər Bakıda fəaliyyət göstərən mənzil-kommunal istismar sahələrinin səlahiyyətlərinin bir qədər məhdudlaşdırılması səbəbindən bu qurumların işi də bir qədər ictimai diqqətdən kənarda qalmışdır. Belə vəziyyət isə, bu sahədə çalışan bəzi məmurlara məhz şəxsi mənfəətləri baxımından fəaliyyətlərini daha da genişləndirmək üçün əlverişli şərait yaratmış oldu.

Məhz bu səbəbdən də son zamanlar əksər Mənzil Kommunal Təsərrüfat Birliklərinin (MKTB) fəaliyyəti vətəndaşlar tərəfindən tamamilə qeyri-qənaətbaxş kimi qiymətləndirilir. Belə ki, bu təsərrüfatlar öz üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsi üçün kifayət qədər səy göstərmir, bir çox hallarda isə aşkar məsuliyyətsizlik nümayiş etdirirlər. Digər tərəfdən isə, kommunal təsərrüfüt strukturları, əslində heç də görünmək istədikləri qədər “zəif və imkansız” qurumlar deyillər. Sadəcə olaraq, məhz funksional vəzifələrinin icrasındakı qüsurları pərdələmək məqsədilə bəzi təsərrüfat rəhbərləri “acizlik” donunu geyinməyə üstünlük verirlər. O cümlədən, redaksiyamıza son zamanlar daxil olan məlumatlarda, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfatı Departamentinin Suraxanı rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin fəaliyyəti ilə bağlı şikayətlərə tez-tez rast gəlmək olur. Həm də maraqlıdır ki, bizimdovr.az-a daxil olan açıqlamalarda MKTB rəisi Mais Məmmədovun adı ilə yanaşı, müxtəlif qanun pozuntuları ilə bağlı onun iki qardaşının, Tahir və Oqtay Məmmədovların da adları hallandırılır. Qeyd edək ki, Oqtay Məmmədov hazırda Kürdəmir Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışır. Tahir Məmmədov isə, bu yaxınlara qədər Qaraçuxur bələdiyyəsinə rəhbərlik edirmiş. Lakin sonradan o, tikinti sektorunda fəaliyyətə başladığı üçün bələdiyyə sədrliyindən gedib. Bu xüsusda açıqlama verən mənbə deyir: “Sabiq bələdiyyə sədri qardaşlarının maliyyə dəstəyi ilə paytaxtın müxtəlif ərazilərində göydələnlər inşa etdirir, müxtəlif təyinatlı biznes strukturları tikdirir. Ümumiyyətlə, Məmmədov qardaşlarının hazırda Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində “Grand” şadlıq sarayı, “Əkiz obyekt” kimi tanınan möhtəşəm obyektləri, Şabran rayonunda mal-qara, eləcə də dəvə fermaları və digər biznes strukturları var. Deyilənlərə görə, Tahir Məmmədov bir müddət öncə Yeni Günəşli qəsəbəsində, daha dəqiq desək, AB massivi ilə D massivi arasında ərazidə yeni obyektin inşasına başlayıb. Lakin nədənsə hazırda həmin obyektin tikintisinə fasilə verilib...”
Bununla belə, əldə etdiyimiz məlumatlarda vurğulanır ki, Məmmədov qardaşlarının biznes fəaliyyətlərinin əsasında daha çox məhz Mais Məmmədovun maliyyə vəsaitləri durur. Belə ki, MKTB rəisi əlində olan imkanlardan istifadə edərək, qardaşları ilə birgə sahib olduları biznesə hər zaman dəstək verib. Mənbənin sözlərinə görə, Suraxanı rayonunda 62, 63, 68, 74, 103, 104 və 105 saylı mənzil kommunal istismar sahələrinin rəisləri Mais Məmmədovun kommunal sistem daxilində gəlir qaynaqlarını təmin edən əsas simalardır.
Digər tərəfdən isə, müxtəlif vaxtlarda KİV-lərə daxil olan məlumatlarda Suraxanı MKTB-nin rəisi rayonun icra başçısı İlqar Abbasovun həyata keçirdiyi bir çox mənimsəmə hallarının da aktiv iştirakçısı kimi təqdim olunub...

Materialda adı keçən bütün tərəflərin mövqeyini öyrənməyə hazırıq.

“Bizim Dövr”