BolgeXeber.Com » Xəbərlər » Heydər Əsədovun «Aqrolizinq»lərinin günahı… - Yalançı raportlar fermerlərin əsəbini tarıma çəkib

Heydər Əsədovun «Aqrolizinq»lərinin günahı… - Yalançı raportlar fermerlərin əsəbini tarıma çəkib

17-06-2016, 11:26
Oxunub: 2 623 Heydər Əsədovun «Aqrolizinq»lərinin günahı… - Yalançı raportlar fermerlərin əsəbini tarıma çəkib«Mənim payımı nazir qağam verib»

Taxılın son buğdasınacan biçilməsi bəlkə də ona görə mümkün olmur ki, Allah ruzusundan yaratdığı heyvanlarına da hansı yollasa pay düşməlidir. Onsuz da nə gedir, fermerdən gedir. Bizim fermerlərə dünyada çatan olmaz. Kənd təsərrüfatı naziri Heydər Əsədovun qarşısında həm mütidilər, həm də səmimi. Elə bu səmimiliyin ucbatından illərdir, o ki var, ziyana düşüblər. Bu ziyanın həcmini ümumiləşdirmək mənim kimilər üçün çox çətindir. Lakin aqrar sektorun ağası sayılan Heydər Əsədov səviyyəsində nazirin sayğacında çatışmazlığın yekun həcmi yalan-doğru yəqin ki, əksini tapıb. Məncə, cənab nazir ölkədə hal-hazırda fermerlərə sırıdığı nasaz kombaynların da sayını dəqiq bilir. Onu da bilir ki, həmin kombaynlar niyə işlək vəziyyətdə deyil və nə qədər məhsul zay olub gedib. Günah bölgələrdə fermerlərin əsəbi ilə oynayan «Aqrolizinq»lərdədimi? Mən belə deməzdim. Deyirəm, bəlkə builki problemlərin günahını əsasən havaların boynuna qoymalıyıq? Qurbanolduğumun göstərdiyi möcüzələrə əstəğfürullah, şəkk gətirmək fikrində deyiləm. Amma durub elə bir zamanda yağmurunu yağdırır ki, kəndli bədbəxtin zəhməti olur yerlə yeksan. İndi deyəcəksiniz ki, buna bir bax, yaradandan şikayət edir.

Vallah, mən heç bir şikayət-zad eləmirəm. Mən güman edirəm. Güman içində sənli-mənli hamımız oda qalanmışıq. Çünki itirilmiş taxıl məhsullarının həcmindən hürküb özümüz də havalanmışıq. Bu havalandırmada əsas rolu isə kənd təsərrüfatı nazirinin əhaliyə sırıdığı yalanlar oynayır. Nə isə, ilin yekunlarını gözləmək lazımdır hər halda. Nəticəni biləndən sonra istəsəniz, lap çəyirtkələrlə də keşməkeşli haqq-hesab çəkmək olar. Hayıf ki, dili dilmir bu heyvancığazların. Yoxsa onlardan soruşardım görək, gün ərzində neçə buğda istesal edə bilir? Sonra bir buğdanın milliqramla çəkisini hesablayıb vurardım çəyirtkələrin çoxmilyonluq təxmini sayına. Nəticəni alıb ötürərdim kənd təsərrüfatı nazirliyindəki bilməyənlərə. Tərslikdən, bu çəyirtkələr çox qarınquludular.

Taxıl sahələrini ələk-vələk elədikdən sonra dərhal fərdi təsərrüfatlardakı taxıl anbarlarına «səlib yürüşü» edirlər. Amma yaman həyasızlaşıblar. Evin içinə soxulub özlərini divara çırpırlar, nədənsə. Onlardan birini dünən ənnəvay müsibətlə tutub saldım tutuquşu qəfəsinə. Fikirləşdim, bəlkə tutuquşular bunların dilini bilə. Söhbətləşərlər, mən də zəruri informasiyanı tutuquşularımdan əldə edərəm. Amma bir şey çıxmadı. Lal-dinməz durub bir-birinin üzünə şinəyərək baxdılar. Daha səbrim çatmadı, hirsdən deyinə-deyinə çəyirtkəni hədələməyə başladım. Dayan, indi sənin payını verəcəm,-demişdim ki, gözlənilməz cavab aldım: «Mənim payımı nazir qağam verib». Sizi inandırmıram, amma özüm də gözlərimə inanmadım. Hansı nazirdən söhbət getdiyini də qandıra bilmədim. Dinməzcə qəfəsin xırda qapısını araladım ki, çəyirtkə ordan qurtulsun. Sənə bir kombayn düşür deyib, qurtuldu. İndi oturub bu əhvalatın davamını, açığını deyim, aqrar sektorun ağasından kombayn alacağım günü gözləyirəm. Ona görə də dilimi dincə buraxmışam. And içmişəm, qan qusmuşam ki, ağzımın zamokunu daha açmayacam. Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.