BolgeXeber.Com » Xəbərlər » Amerika səfiri Tərtərdə - FOTOLAR

Amerika səfiri Tərtərdə - FOTOLAR

17-06-2016, 17:50
Oxunub: 2 546 Amerika səfiri Tərtərdə - FOTOLARAmerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Tərtər rayonuna səfər etmişdir

Səfər çərçivəsində yerli sakinlərlə və rəsmilərlə görüşən səfir onları narahat edən məsələləri, həmçinin əməkdaşlığın mövcud və yeni sahələrini müzakirə edib, ABŞ-ın dəstək ola biləcəyi sahələrlə maraqlanmışdı. Rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov səfirə cəbhə xəttində yaşayan dinc əhalinin üzləşdiyi çətinliklər, ermənilərin yaşayış məntəqələrini atəşə tutması nəticəsində yaranan problemlər barədə danışmışdır. Qeyd olunmuşdur ki, rayon ərazisi 48 kilometr məsafədə təmas xəttində yerləşir. Ermənistan silahlı birləşmələri rayonun təmas xəttinə yaxın olan yaşayış məntəqələrini daima atəş altında saxlayır, dinc əhalinin təsərrüfat işləri ilə məşğul olmasına mane olur.

Diqqətə çatdırılıb ki, aprel ayı ərzində erməni silahlı qüvvələrinin atəşkəsi pozması nəticəsində rayonun təmas xəttinə yaxın, eləcə də təmas xəttindən 15-20 kilometr məsafədə yerləşən 23 yaşayış məntəqəsi ağır artilleriya atəşinə məruz qalıb. Hətta ermənilər insanların sıx yaşadığı yaşayış məntəqələrinə qadağan olunmuş ağ fosforlu bombalar da atıblar. Nəticədə yüzlərlə evə, 4 məktəbə, 2 həkim məntəqəsinə, 1 uşaq bağçasına ziyan dəyib, 32 ev tamamilə dağılıb. 9 nəfər mülki şəxs yaralanıb, 3 nəfər dünyasını dəyişib. Atəşkəsin pozulması nəticəsində məcburi köçkünlərin yaşadığı 52 ev dağılıb, nəticədə 198 nəfər bir daha evsiz qalıb. Rayonun Şıxarx, Çaylı və Həsənqaya kəndlərində məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə elektrik təsərrüfatına, kommunikasiya xətlərinə və 1500 hektar kənd təsərrüfatı ərazisinə ciddi ziyan dəyib. Tək 26-28- aprel 2016-cı il tarixlərdə erməni hərbi birləşmələri tərəfindən rayonun Əkispara kəndinin ərazisinə atılmış Beynəlxalq Konvensiyalarla qadağan olunmuş ağ fosforlu top mərmisinin zərərsizləşdirilməsi nəticəsində 13 istehsalçıya məxsus 3,01 hektar pambıq, 20,01 hektar buğda, 6,20 hektar arpa, 8,42 hektar yonca, ümumilikdə 37,64 hektar sahəyə tüstünün yayılması nəticəsində zərər dəymişdir.

Bolgexeber.com xəbər verir ki, rayon rəhbəri qeyd edib ki, işğal altında olan Sərsəng və Madagiz su anbarlarından gələn suyun qarşısı suvarma dövründə kəsilir ki, nəticədə 15000 hektar əkin sahələrinin suvarılmasında çətinliklər yaranır. Qış fəslində isə suyu açaraq əkin sahələrinin və yaşayış məntəqələrinin su altında qalmasına səbəb olurlar. Düşmən tərəfindən təmas xəttinə yaxın olan ərazilərdə yanğınlar törədilir. Bunun nəticəsində də ərazinin flora və faunası məhv olur, taxıl sahələri yanğına məruz qalır.

M.Məmmədov Respublika Prezidenti cənab İlham Əliyevin öz xanımı ilə rayonumuza olan səfərindən, şəhərdə, düşmənlə 200 metrlik məsafədə olan Qapanlı kəndində dağılmış evlərə baxış keçirməsindən də danışmış, 1-5 aprel müharibəsi zamanı rayona dəymiş ziyanın aradan qaldırılması üçün 3 milyon manat vəsait ayrıldığını bildirmişdir.

Səmimi qəbul üçün təşəkkürünü ifadə edən səfir bildirib ki, ABŞ 1992-ci ildən Azərbaycana 1,3 milyard dollar yardım göstərib. Bu məbləğin 113 milyon dolları qaçqın və məcburi köçkünlərə yardım üçün ayrılıb. Buraya səhiyyə şəraitinin yaxşılaşdırılması, minaların təmizlənməsi, internetə çıxış, vətəndaş cəmiyyətinin inkişafı, femerlərə məhsuldarlığın və gəlirlərin artırılması üçün texniki yardımın ayrılması daxildir.

Sonra səfir ABŞ Dövlət Departamentinin maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) həyata keçirdiyi “Azərbaycanın Tərtər regionunda mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün peşə təlim mərkəzinin yaradılması” layihəsi çərçivəsində inşa olunmuş Regional Peşə Təlimi Mərkəzinə gəlib.

BAMF-ın sədri Umud Rəhimoğlu qurumun müharibədən zərər çəkən və işğaldan azad olunan regionlarda həyata keçirdiyi layihələr barədə məlumat verib. Bildirib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərər çəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməklə, yeni iş yerləri ilə təmin etməkdir. Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompüter, kənd təsərrüfatı, sahibkarlıq, çörəkbişirmə və sair peşələrinə yiyələnirlər.

Səfiri Robert Sekuta daha sonra Peşə Təlimi Mərkəzində təlimlərə cəlb edilən uşaqlarla görüşüb, söhbət edib, onların suallarını cavablandırıb.

ANAMA-nın icraçı direktoru Qəzənfər Əhmədov səfirə təmsil etdiyi qurumun fəaliyyəti, cəbhəyanı ərazilərin mina və partlamamış sursatlardan təmizlənməsi sahəsində görülən işlər barədə məlumat verib.

Səfir Robert Sekuta jurnalistlərə müsahibəsində bildirib ki, səfərin məqsədlərindən biri bölgədə yaşayan insanların yaşayışı, onları narahat edən məsələlərlə, həmçinin ABŞ-ın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrlə tanış olmaqdır. Səfir Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqlar barədə sualları cavablandırarkən deyib: “Minsk qrupunun həmsədri səfir Ceyms Uorliq Prezidentlərin Sankt-Peterburq görüşündə iştirak edəcəkdir. Biz tərəflər arasında irəliləyişin əldə olunmasını alqışlayırıq. Təmas xəttində baş verən insidentlərin araşdırılma mexanizmlərinin yaradılmasını, tərəflərin bir araya gəlməsini və hərtərəfli sülh razılaşmasının olmasını dəstəkləyirik. Razılaşmaya isə münaqişə tərəfləri özləri nail olmalıdırlar. Biz vasitəçilərin rolu münaqişə tərəflərini bir araya gətirməkdir”.
Amerika səfiri Tərtərdə - FOTOLAR
Amerika səfiri Tərtərdə - FOTOLAR
Amerika səfiri Tərtərdə - FOTOLAR
Amerika səfiri Tərtərdə - FOTOLAR