BolgeXeber.Com » Xəbərlər » Suraxanı RİH-dən növbəti özbaşınalıq

Suraxanı RİH-dən növbəti özbaşınalıq

20-06-2016, 09:04
Oxunub: 2 030 Suraxanı RİH-dən növbəti özbaşınalıqBaşçının müavini Etibar Yolçiyev görülən işlərə görə dövlətin onlara borclu olduğunu iddia edir

Hər dəfə redaksiyamıza oxşar məzmunlu şikayət ərizəsi daxil olduqda ilk ağıla gələn fikir belə olur ki, bu mövzu artıq öz aktuallığını itirib. Amma yox, aktuallığını demək qətiyyən düzgün olmazdı. Aktuallığını o mövzu itirir ki, onda müzakirəyə çıxarılan problem ya öz həllini tapmış olsun, və yaxud da onun həllinə artıq ümumiyyətlə ehtiyac qalmasın. Amma çox təəssüflər olsun ki, respublikamızda müxtəlif işlərə cəlb olunaraq, sonda zəhmət haqqıları kəsilən fəhlələrin problemi hələ də öz aktuallığını saxlayır. Sadəcə olaraq, bəzi məqamlarda bu məsələ artıq o dərəcədə “oturaqlaşıb” ki, çox zaman cəmiyyət bu kimi problemlərə maraq göstərmək istəmir. Halbuki, öz əməkhaqqlarını ala bilməyən vətəndaşlar üçün, məhz bu məsələ ən vacib gündəm kimi çıxış edir.

Məlum olduğu kimi, bu kimi problemlər öz təzahürlərini daha çox məhz inşaat sektorunda tapırlar. Bəzən iri sifarışçı şirkətlər icraçıların və yaxud podratçı kompaniyalar öz subpodratçılarının haqqlarını kəsirlər. Bəzən isə, sifarişçi qismində dövlət orqanları çıxış edirlər ki, bu da bir çox hallarda iş icraçılarının vəziyyətini bir qədər də çətinləşdirmiş olur. Elə bu günlərdə redaksiyamıza ərizə ilə müraciət etmiş Ağsu rayon Bəyimli kənd sakini Hacıyev Rövşən Əsgər oğlu da belə bir vəziyyətlə üzləşmişdir. Rövşən Hacıyevin sözlərinə görə, o, hələ 2015-ci ilin əvvəllərində Suraxanı rayon icra hakimiyyətinin sifarişi ilə, ərazidə təmir-bərpa işləri aparmışdır. İşlər başa çatdıqdan sonra isə, Suraxanı RİH-nin rəhbərliyi qarşı tərəfin pulunu ödəməkdən imtina etmişdir. Rövşən Hacıyevin bu xüsusda bizimdovr.az-a təqdim etdiyi ərizədə deyilir: “Mən sizə bildirmək istəyirəm ki, 2015-ci ilin fevral ayında işlə əlaqədar Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Yolçiyev Etibar Səlim oğlunun qəbulunda oldum və ali təhsilli inşaatçı olduğumu bildirib, iş istədim. Etibar müəllim məni Əliyev Akifin yanına göndərdi və I Avropa Oyunları ilə əlaqədar, yol qırağı bütün binaların, fərdi evlərin, hasarların təmir olunacağını dedilər. Pis vəziyyətdə olan 2 binanı iş qabiliyyətimi yoxlamaq üçün mənə göstərib, başlamağımı dedilər və işlərin 1 kv.m-ni 6 manatdan danışdıq. Qeyd edim ki, buna həm işçi pulu, həm də mal-materialın qiyməti daxil idi. İş qurtarandan sonra 2 binaya baxıb, təhvil götürüb, 6 manatdan 1kv. m-in pulunu ödədilər və qalan yol qırağı hasarları, binaları, fərdi evləri başlamağımı dedilər. Hasarları material və işçi pulu ilə birgə, 1 kv.m-ni 3 manatdan, binaları, fərdi evləri 6 manatdan danışıb, işə başladıq. İş qurtardıqdan sonra binaların, fərdi evlərin pulunu 2,50 – 3,00 manatdan, hasarları isə 0,80 – 1,50 manatdan ödədilər. Mən narazıçılığımı bildirəndə, Etibar müəllim dedi ki, get kimə deyirsən de. MTN də bizimdi, polis də bizimdi, prokurorluq da bizimdi. Dövlət bizə 1 qəpik də pul ayırmayıb, öz cibimizdən ödəyirik. Mən işçilərə verilən pulu siz verən məbləğ ödəmir deyəndə, cavabı bu oldu ki, sən kimsən axı, əlindən də nə isə gəlsin... Xahiş etdim, yalvardım ki, Etibar müəllim bəs mənə verilən pul tək işçiləri ödəyir, bu qədər mal-materialın pulunu neşə ödəyim, özü də 30 min kvadrata yaxın iş görülüb. Eşidən olmadı. Bir neçə aidiyyatı olan orqanlara da müraciət etdim, yenə xeyiri olmadı. Xahiş edirəm ki, bu məsələni ictimailəşdirməkdə mənə kömək edəsiniz...”

Bu arada qeyd edək ki, müxtəlif vaxtlarda redaksiyamıza daxil olan məlumatlarda paytaxtın Suraxanı rayonu ərazisində qnunsuz tikililərin inşasından, rayon rəhbərliyinin bu xüsusda yol verdiyi qanun pozuntularından, vətəndaşların hüquq və imtiyazlarına xələl gətirildiyindən kifayət qədər bəhs olunub. Təqdim edilən açıqlamalarda vurğulanıb ki, məhz RİH başçısı İlqar Abbasovun yol verdiyi qanunsuz əməllər səbəbindən Suraxanı rayonu istər əhalisinin üzləşməli olduğu müxtəlif məişət problemlərinin çoxluğu, istər küçə və yolların bərbad vəziyyəti, istərsə də qanunsuz fəaliyyət göstərən ticarət və iaşə obyektlərinin bolluğu ilə şəhərin digər rayonları arasında özünəməxsus yer tutur. Həmçinin məlumatlarda qeyd olunub ki, rayon ərazisində olan torpaq sahələrinin qeyri-qanuni satışı, yeni tikintilər üçün qanunsuz sərəncamların verilməsi və digər bu kimi əməllər bir tərəfdən vətəndaşların hüquqlarını pozur, digər tərəfdən isə müxtəlif infrastruktur müəssisələrin normal fəaliyyətini əngəlləyir...

Gəlin razılaşaq ki, bu qədər neqativ halların fonunda, Rövşən Hacıyevin probleminin bu rayonda sıradan bir “əməliyyat” olduğunu söyləməyə tam əsasımız var.

Qarşı tərəfin də mövqeyini öyrənməyə hazırıq.

“Bizim Dövr”