BolgeXeber.Com » Xəbərlər » 1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”

1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”

23-06-2016, 09:51
Oxunub: 3 618 1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”Nə az, nə çox, patent aldığı 5 texniki ixtirası var

Zirehli köynəkdən tutmuş, veloelektromobilədək. Mühəndisdir Rəsman Hacıyev. Ömrünün böyük hissəsini də elə bu ixtiralara həsr edib. Və ixtiralarını da yetərincə qiymətləndirməyi bacarır. Düzdür, hələ onları həyata keçirə bilməyib. Buna külli miqdarda pul lazımdır. Məsələn, elə bayaq adını çəkdiyimiz veloelektromobilin istehsalı üçün. Deyir, sponsor çox varlı adam olmalıdır. Çünki patentinə, yəni veloelektromobilin ərsəyə gətirilməsinə 1 milyard dollar pul gərəkdir. Hə, elə ixtiralarından biri olan universal əlil arabasının patentinin qiyməti də az deyil: 25 milyon...

Rəsman Hacıyev 20 ildən çoxdur ki, veloelektromobilin üzərində işləyir.

- Məncə, belə nəqliyyat vasitələrinin istehsalı bəşəriyyətin xilasına səbəb olacaq. Artıq bütün dünyada avtomobildən azad olmaq üçün gecə-gündüz yollar aranır. Avtomobili əvəzləyə biləcək nəqliyyat vasitəsi yaratmadan avtomobildən imtina etmək mümkün deyil. Düzdür, indi elektromobillərin istehsalı başlayıb və bir çox ölkələr bu istiqamətə üz tutmaq istəyir. Amma söhbət ondan geldir ki, elektromobillərdə yerləşdirilmiş akkumulyatorları 30 dəqiqədən tez doldurmaq mümkün deyil. İkincisi, akkumulyatorları doldurmaq üçün çoxlu sayda elektrik doldurma məntəqələri tikilməlidir. Bu iki faktor bu günün reallığına uyğun gəlmədiyi üçün elektromobillər insan həyatına tez bir zamanda inteqrasiya edə bilmir.


İxtiraçı deyir ki, veloelektromobillərdə insan özü enerjinin alınma mənbəyidir. O, istənilən vaxt istehsal etdiyi enerjini həm nəqliyyatın hərəkətini təmin etməyə, həm də akkumulyatorun doldurulması üçün sərf edə bilər. Rəsman müəllimin qənaətinə görə, veloelektromobil vasitəsilə insan bioenerjisi elektrik enerjisinə çevrilir və akkumulyatorda cəmlənir. Belə ki, yanacaqsız uzun müddətdə işləyən avtomobildəki generator işə salınır və sabit elektrik enerjisi əldə edilir. Lakin istənilən zaman generator dayandırılaraq akkumulyator işə salına bilər. Bir sözlə, veloelektromobil - biomühərrik vasitəsilə insan bioenerjisinin əzələ qüvvəsinin hərəkəti hesabına elektrik enerjisinə çevrilməsi və alınan elektrik enerjisi hesabına hərəkətə gələn nəqliyyat vasitələrinin yaradılması deməkdir.
İxtiraçı iddia edir ki, məhz bu veloelektromobilin kütləvi şəkildə istehsalına başladıqdan sonra yanacaqla hərəkət edən avtomobillərin erası başa çatacaq.


Sən demə, nəqliyyat vasitəsinin ilkin sınaq nümunəsi Azərbaycanda artıq yaradılıb. Maliyyə imkanlarının məhdudluğu ilə əlaqədar veloelektromobil minik maşınının həyata vəsiqə alması hələlik mümkün olmayıb. Rəsman müəllim də məhz buna görə 1 milyard dollar axtarışındadır.

İxtiraçı onu da deyir ki, gələcəkdə zavodun istehsal edəcəyi veloelektromobillərin sürəti 100-150 km/saat olacaq.


- Sizə bir maraqlı məqamı da deyim. Artıq Almaniyanın avtomobil nəhənglərindən olan “Audi” mənim ixtiramla maraqlanıb. Onlar mənə məktub yazıb ideyamı və patentim barədə geniş bilgi istədilər. Veloelektromobillə bağlı bütün ideyalarımı onlarla bölüşdüm. Hazırda onlardan cavab gözləyirəm. Bir qədər əvvəl Yaponiyanın “Toyota” şirkəti də mənimlə maraqlandı. Onlara da eyni cavabı verdim Amma təəssüf ki, onlar konkret cavab göndərmədilər. Sadəcə dedilər ki, rəhbərliyə sənin ideyan barədə məruzə edildi. Şirkətimizin maraqları naminə bu işə qol qoya bilməyəcəyik. Mən bütün çıxışlarımda və yazdığım elmi məqalələrdə birmənalı şəkildə bildirmişəm ki, bu gün dünyada avtomobili bazardan çıxara biləcək yeganə nəqliyyat vasitəsi veloelektromobil olacaq. Hələlik alternativ görmürəm. Veloelektromobil nəqliyyat vasitələrinin kütləvi istehsalı təşkil edildikdən sonra neftə olan maraq kəskin surətdə aşağı düşəcək, hətta sonda yox olacaq. Bəlkə də elə hamı bundan narahatdı...


Rəsman Hacıyev ixtira etdiyi universal əlil arabasından da danışdı. Onun dediyinə görə, patentinə 25 milyon dollar qiymət qoyduğu bu arabaların ölçüləri kiçik, manevr etmək imkanları böyükdür. Bu arabalarla əlil, ev şəraitində istədiyi kimi hərəkət etmək imkanı əldə edir.

Təklif olunan əlil arabasını hərəkətə gətirmək üçün sərf edilən qüvvə mövcud rıçaqlı əlil arabasına sərf edilən qüvvədən 2-3 dəfə azdır.

Əlil arabasının küçə hərəkətləri zamanı qarşılaşdığı maneələri sərbəst dəf etmək imkanı var. Təklif olunan arabanın sürəti mövcud rıçaqlı arabaların sürətindən 2-3 dəfə böyükdür. Bu da əlilə istədiyi yerdə sərbəst gedib-gəlmək imkanı verir. Hətta sağlam insan da bu arabadan nəqliyyat vasitəsi kimi də istifadə edə bilər.

Rəsman müəllim deyir ki, vaxtıyla AMEA-nın prezidenti mərhum Mahmud Kərimovla da görüşüb. Ona dünyada analoqu olmayan ixtira və ideyaları barədə ətraflı məlumat verib. Mahmud müəllim isə ona deyib ki, akademiya ixtiralarla yox, fundamental elmlərlə məşğul olur: “Bu cavabdan sonra akademiya ilə hər hansı iş birliyinin alınacağına ümidim qalmadı”.

Amma ruhdan da düşmür ixtiraçı. Deyir, vəsait tapılsa, texniki şərait yaradılsa, ölkəmiz bun ixtiralardan milyardlar qazanacaq:

- Mən buna adım kimi əminəm. Təki bu işə dəstək verən olsun. Dəstək olarsa, Allahın iradəsi və köməkliyi ilə bütün dünya bu dediklərimin yaxın gələcəkdə şahidi olacaq.
1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”
1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”
1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”
1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”
1 milyard dollara ideya satan azərbaycanlı: - “O şirkətdən cavab gözləyirəm...”